image-2000x150px
image-123
image-ads_atlas
image-cf8fe2932461b0fab6c5609599ff0adcbackend

Anarın 203 min manatlıq sonuncu sədrliyi qalmaqallı başladı

image-728x90px

AYB sədrliyinə namizəd olmaq istəyənlər hüquqlarının pozulduğunu deyir; Rəşad Məcid: “Söz  azadlığı adı altında belə  tərbiyəsizlik etmək olmaz”

Xalq yazıçısı  Anarın Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayında yenidən sədr seçilməsi bu qurumla bağlı narazılıqları artırıb. İddialara görə, gənc yazarlar Anarın seçilməsinə  etiraz ediblər. Onlar uzun müddət bu postu tutan Anarın yenidən sədr seçilməsinin ədalətli olmadığını deyiblər. Səsvermədən sonra çıxış edən Anar “Məni seçənlərə də, etiraz edənlərə də, bitərəf qalanlara da təşəkkür edirəm. Beş il sonra məni seçmək istəsələr, razı olmayacam” deyib. Bu isə o deməkdir ki, Anarın sonuncu sədrliyidir.

Qurultayda şairlər Emil Rasimoğlu və gənc yazar Fuad Cəfərlinin AYB sədrliyinə namizədliyi səsə qoyulmayıb. Sədarət onların namizədliyinin səsə qoyulmamasını qurultay iştirakçılarının Anarı dəstəkləməsi ilə izah edib. Bu isə gənclərin etirazı ilə qarşılanıb. Onlar seçkinin düzgün keçirilmədiyini və nəticələrin qanunsuz olduğunu bildiriblər.

 

Rasimoğlu deyib ki, qurultayda AYB sədri postuna namizədliyini irəli sürsə də, namizədliyi təsdiq edilməyib: “Mən 2019-cu ildən Azərbaycan Yazıçılar Birliyi sədrliyinə namizədliyimi irəli sürəcəyimi açıqlamışdım. Bir neçə gün bundan əvvəl Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayına nümayəndə seçildim. AYB-nin daxili nizamnaməsinə əsasən, qurultay iştirakçısı seçilən istənilən şəxs qurum sədrliyinə öz namizədliyini irəli sürə bilər. Mən də nizamnamənin mənə verdiyi səlahiyyətlərdən istifadə edib qurultayda namizədliyimi irəli sürdüm. Başda Anar olmaqla, Rəşad Məcid və AYB-nin rəhbər orqanında təmsil olunan digər şəxslər namizəd kimi mənim hüquqlarımı tanımadılar, namizədliyimi səsə qoymadılar”.

Digər narazılıq  qurultaya xərclənən 203 min manat pulla bağlıdır. AYB katibi Çingiz Abdullayev jurnalistlərə açıqlamasında ayrılan vəsaitdən daha çox pul xərcləndiyini deyib: “Bu qədər adama bilet almışıq. Buranın icarə haqqını ödəmişik. Qonaqları mehmanxanaya yerləşdirmişik, kitab çap eləmişik. Bəs siz bilmirsiniz ki, bunlar xərc tələb edir? Biz daha çox xərcləmişik. Utanmırsınız, xalq yazıçısından soruşursunuz pullar hanı?”

Media təmsilçisinə verdiyi reaksiyaya görə sosial şəbəkə və mediada Çingiz Abdullayevə qarşı sərt ittihamlar səsləndirilib, tənqid olunub.

Fazil Mustafa: “Biz şəhidimizə qarşı ermənilərə öz cavabımızı verməliyik...”

Fazil Mustafa 

Millət vəkili Fazil Mustafa qeyd edib ki, jurnalistlər Hesablama Palatasına müraciət etdikdən sonra vəsaitin qanunsuz xərclənib-xərclənmədiyini öyrənə bilər:  “Qocaman yazıçıları, ictimai-mədəni xadimləri bu qədər vəsaiti mənimsəməkdə ittiham edib, şübhə altında qoymaq düzgün deyil. Ancaq təbii olaraq, tək qurultay üçün 203 min manat vəsaitin ayrılması çoxdur. Bir qurultayı 30-50 min manata həyata keçirmək olar. Amma ola bilsin ki, əlavə qonaqlar olub. Təkcə 30 nəfəri dəvət edəndə bilet pulu ilə bir yerdə 100 min manat xərc çıxır”.

Deputat qeyd edib ki, Çingiz Abdullayev jurnalistlə normal rəftar etməli idi: “Hər halda, jurnalistlə rəftar qaydası var. Jurnalist hesabat istəyir, bunun cavabını konkret vermək lazımdır. Demək lazımdır ki, bu qədər qonaq var, bu qədər pul xərclənib. Bunu demək lazımdır. Burada çəkinəcək nə var ki? Jurnalisti hansısa formada təhqir etmək olmaz. Jurnalist sual verib, cavab almalıdır”.

Deputat AYB-nin qurultayında yazıçı Anarın rəqiblərinin namizədliyinin qəbul edilməməsinə də münasibət bildirib:

“Demokratiya naminə digərlərinin də namizədliyi qəbul edilməli, fikirləri dinlənilməli idi.  Onsuz da Anar seçiləcəkdi. Burada hər hansı problem görmürdüm. Açığı deyim ki, əslində yeni nəsildən Anar səviyyəsində bir yazarın meydanda olmadığı aydındır. Təbii ki, əvəzedilməz insan yoxdur. Ancaq orta nəsildən ədəbiyyatın ən azı təşkilati yükünü daşıyacaq, yaradıcılıq azadlığı vəd edən, onun imkanlarını genişləndirən yazar olması vacibdir”.

Bütün bu ittiham və tənqidlərə xalq yazıçısı Çingiz Abdullayevin cavabı gecikməyib. “Mənim kimi birinə o sualı vermək yersiz idi. Mən pul xərcələyən, onu bölüşdürən deyiləm. Ona görə də dediklərimdən peşman deyiləm. Bəli, o sualı verən jurnalist utanmalı idi. Mən sözümün üstündə dayanıram”, – deyə Çingiz Abdullayev qeyd edib.

Qurultayda baş verən narazılıq və qalmaqaldan sonra AYB-dən istefa verənlər oldu. Belə ki, qurultaydan dərhal sonra əslən Təbrizdən olan şair Ümid Nəccari sosial şəbəkə üzərindən Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina etdiyini açıqlayıb. O bildirib ki, azad ədəbiyyat naminə və yaradıcılıq həyatının hörmətinə, ədalətsizliklərdən uzaq durmaq üçün qurumun üzvlüyündən imtina edir.

Mehman Qaraxanoglu Yazicilar Birliyine uzvlukden İMTİNA ETDİ

Mehman Qaraxanoğlu 

Tanınmış tənqidçi Mehman Qaraxanoğlu da Azərbaycan Yazıçılar Birliyinə üzvlüyündən imtina etdiyini açıqlayıb: “Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhədlər idi. Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir… Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”.

AYB-nin qurultayı ətrafında gedən qalmaqal və narazılıqlarla bağlı AYB-nin sədr müavini Rəşad Məcid “Yeni Müsavat”a danışıb. Rəşad Məcid ilk öncə gənc yazarların hansı səbəbdən namizədliklərinin qəbul olunmamasından söz açıb: “Onlar 3 dost idilər və  2-3 il bundan əvvəl də demişdilər ki, namizədliklərini irəli sürəcəklər. Hətta yazıçı Anar da cavab vermişdi ki, “barı üçünüz birləşib bir namizəd verin”. Fuad Cəfərli Gənclər Şurasının üzvüdür, qurultay nümayəndəsi Emil Rasimoğluna gəldikdə isə məhz Anar müəllimin təkidi ilə dedilər ki, gəlsin, iştirak etsin. Orada da birmənalı olaraq hamı Anar müəllimin namizədliyini dəstəklədi və sonda Elçin Əfəndiyev dedi ki, səsə qoyulsun. Bu səbəbdən onlara çıxış verməyə ehtiyac olmadı. Yəni cəmi iki nəfər idilər və onlar da Anar müəllimin əleyhinə səs verdilər.

Əslində düşünürdüm ki, onlara çıxış verilsin, amma bundan əvvəl Gənclər Şurasının görüşündə Fuad Cəfərli və digərləri çıxış edərək, öz düşüncələrini açıqlamışdılar.  Onlar deyirdilər ki, “AYB təşkilatçılıq edib bizi televiziyalara çıxartsın, məşhurlaşaq” və sairə. Ciddi yazıları da yoxdur. Azərbaycan gəncləri arasında ondan  istedadlı çox adam var, amma onlar təvazökardırlar. O adamların, ümumiyyətlə, Anara və yaşlı yazıçılara anormal   münasibətləri var.  Anarın bir əsərini oxumayıblar, dəyərləri bilmirlər, özlərindən şou yaradırlar. Anar müəllim də onların cavablarını verdi ki, “gedin yazın, yaradın, 5 ildən sonra namizəd olarsınız”.

O ki qaldı namizədliklərinin qeydə alınmaması məsələsinə, gərək qurultay nümayəndələri onların namizədliklərini versin. Amma onların namizədliklərini heç kəs verməmişdi. Əgər onların namizədlikləri verilsəydi, və kimlərsə durub desəydi ki, biz Fuad Cəfərlini və yaxud Emil Rasimoğlunun namizədliyini istəyirik, namizədlik qeydə alınardı. Yoxsa ki, qurultayda 30-a yaxın adam çıxış etdi, amma bir nəfər də onların adını çəkmədi. Çıxış edənlərin hamısı Anar müəllimin seçilməyini istədiklərini bildirdi, Anar müəllim də dedi ki, “bu dəfə də seçilmək istəyirəm, çünki yarımçıq qalan işlərim var”.

Bildiyiniz kimi, sonda Anarın əleyhinə cəmi iki səs oldu ki, həmin səs verənlər də onlar idi. Yəni namizədlikləri də verilsəydi, hərəsinə bir səs olacaqdı. Bu gün AYB-nin qurultayı ətrafında şou gedir. Qurultay az qala ölkənin gündəmində ən mühüm hadisəyə çevrilib. Mən hər zaman demişəm ki, Anar olmayandan sonra AYB adi bir təşkilata çevriləcək”.

Oxu.az - Rəşad Məcid: Elə bilirlər, milyonlarım var, halbuki mən məğlub adamam - MÜSAHİBƏ

Rəşad Məcid

Rəşad Məcid 203 min manatla bağlı qalmaqala da  münasibət bildirdi: “O basabasda, qarmaqarışıq bir vaxtda o cür sualın yeri deyildi. Əgər jurnalist cavab istəyirdisə, yazılı şəkildə Çingiz Adullayevə sorğu göndərərdi, o da cavablandırardı. İttiham edirlər ki,  qurultayın keçirməsi üçün bu qədər pul hara xərclənib? Axı məsələ tək ondan ibarət deyil. Xaricdən qonaqların dəvəti, kitabların çapı və digər məsələlər var. Dövlət vəsaiti elə-belə ayırmır ki… Hesabat verilir ki, filan işlər görüləcək, ona uyğun da vəsait ayrılır. Düşünürəm ki, Çingiz Abdullayevə həmin vaxt o sualın verilməsi qəsdən aranın qarışdırılması, sensasiya yaratmaq naminə olub. Sanki kimlərinsə tapşırığını yerinə yetirirdilər.

Şəxsən qurultayda bir sıra jurnalistləri  görəndə heyrət etdim. Onlar heç bir davranış qaydalarını gözləmirlər. Mikrofonu Milli Elmlər Akademiyası prezidentinin az qala ağzına dürtüb deyir ki, “siz məmursunuz, niyə Anarın namizədliyini dəstəkləyirsiniz?” O da cavab verdi ki “mən AYB-nin üzvü, Ağsaqqallar Şurasının sədr müaviniyəm”.  Yəni heç bir ədəb-ərkan gözləməyən jurnalistlər peyda olub. Belə olmaz… Söz  azadlığı adı altında belə həyasızlıq, tərbiyəsizlik etmək düzgün deyil. Fasilədə yaşlı yazıçılar otaqda oturub, çölə çıxa bilmirdilər ki, jurnalistlər onlara sual verəcəklər, sualların hamısı da qanqaraldıcı, şantaj tipli”.

Alın yazısını özü yazan şair: Emil Rasimoğlu- 30

 Emil Rasimoğlu

Namizədliyi səsə qoyulmayan Emil Rasimoğlu məsələ ilə bağlı deyib ki, qurultay zamanı demək olar ki, bütün çıxışlar Anarın fəaliyyətindən, onu “əvəzolunmaz” kimi təqdim etməkdən ibarət olub: “Beləliklə, qayda üzrə namizədlərə çıxış verilməli, onlar qurultay nümayəndələrinin qarşısında çıxış etməli və səsvermə zamanı namizədlikləri səsə qoyulmalı idi, yəni  proses bu cürdür. Bizim namizəd olmağımız media nümayəndələrindən tutmuş, AYB-nin  rəhbərliyinə qədər hər kəsə bəlli idi. Hətta qurultay fasiləsində yazıçı Anardan başqa digər iki namizədi nəzərdə saxlamağı da Elçin Hüseynbəyliyə xatırlatmışdıq. Lakin sonda Rəşad Məcid tədbirin yekunu kimi birbaşa Anarın namizədliyini səsə qoydu və bizim hüquqlarımıza qarşı çıxdı. Bununla da bizim namizədliyimiz qurultaydakı Rəyasət Heyəti tərəfindən tanınmadı. Bu qanunsuz addımdan sonra ayağa qalxıb kəskin etirazımızı bildirib, zalı tərk etdik. Məsələ kimin sədr seçilib-seçilməməyində deyil, nizamnamə qaydalarına riayət etməkdədir. Namizədlərin namizədliyini tanımamaq nə deməkdi? Hələ Anar Rzayev cavab verdi ki, “qoy beş il də olum, daha olmayacam”. Bu mənzərə isə təsəvvüredilməz qədər acınacaqlıdır. Medianın “Namizədlərə niyə söz verilmədi?” sualına Anar belə cavab verdi: “Mən aparmırdım iclası, ona görə də mən deyə bilmərəm”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki