Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan İraq Federal Ali Məhkəməsinin sədri Munther İbrahim Hüsseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Doğru.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat verib. Görüş zamanı Azərbaycan və İraqın beynəlxalq təşkilatlarda daim həmrəylik nümayiş etdirdiyi, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub.
Nazir Fərid Əhmədov hər iki xalqı birləşdirən ortaq tarix, din və mənəvi dəyərlərə toxunaraq, bu səfərin hüquqi əməkdaşlıq baxımından önəmini vurğulayıb. O bildirib ki, Azərbaycan ilə İraq arasında hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial mövcuddur.
İraq Federal Ali Məhkəməsinin sədri Munther İbrahim Hüsseyn səmimi qəbul üçün təşəkkürünü ifadə edərək, belə səfərlərin və qarşılıqlı görüşlərin məhkəmə və ədliyyə sahəsində təcrübə mübadiləsinə imkan yaratdığını diqqətə çatdırıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
DOĞRU.AZ