Qazaxıstanda “Qorqud və Böyük Çölün Sədaları” adlı beynəlxalq festival keçirilib
Doğru.az xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondu ilə Qızılorda vilayəti Akiminin birgə təşkilatçılığı ilə Qazaxıstanın Qarmaqşı bölgəsində yerləşən “Dədə Qorqud” Memorial Kompleksində “Qorqud və Böyük Çölün Sədaları” mövzusunda VII Beynəlxalq Festival açılıb.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Tıva və Altaydan olan 200-ə yaxın sənətçi iştirak edir. Festival Qızılordanın Qazaxıstanın paytaxtı elan edilməsinin 100 illiyinə həsr olunub.
Festivalın məqsədi türk xalqlarının zəngin mədəniyyətini, milli musiqisini və mənəvi dəyərlərini təbliğ etmək, beynəlxalq mədəni əlaqələri möhkəmləndirməkdir. Açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Qızılorda vilayətinin Mədəniyyət idarəsinin rəhbəri Janmurat Seilov iştirakçıları təbrik ediblər.
Tədbir çərçivəsində “Dədə Qorqud irsi: Türk dünyası üçün ümumi epik dəyərlər” adlı beynəlxalq elmi-nəzəri konfrans da keçirilib. Konfransda türk xalqlarının alim və ekspertləri Dədə Qorqud irsinin mədəni və mənəvi dəyərlər sistemindəki rolunu müzakirə ediblər.
Sonda Qazaxıstanın Əməkdar incəsənət xadimi Uljan Baybosınova “Koroğlu” poeması və dastanlardan parçalar ifa edib.
DOĞRU.AZ