Doğru.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində Türkiyənin Manisa şəhərində “Bizim ailəmiz Türk dünyasıdır” adlı dəyirmi masa keçirilib.
Yunusemre Bələdiyyəsinin İrfan Məclisində baş tutan tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, CASCFEN və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə reallaşıb. Toplantıda Türkiyənin müxtəlif şəhərlərindən gəlmiş diaspor təmsilçiləri, akademiklər, siyasi partiya üzvləri, QHT nümayəndələri və gənclər iştirak ediblər.
Tədbir Türk dünyası şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül proqramın birinci mərhələsinin Şimali Kiprdə keçirildiyini, ikinci mərhələnin isə Manisada təşkil edilməsindən məmnunluğunu ifadə edib.
Layihənin rəhbəri, CASCFEN sədri Nadir İsmayılov Şəhzadələr şəhəri Manisada türk dünyasının gələcəyi ilə bağlı müzakirələrin aparılmasını mənəvi cəhətdən dəyərli hadisə kimi dəyərləndirib. O, layihənin əsas məqsədinin ortaq mirasın gələcək nəsillərə ötürülməsi olduğunu bildirib.
Əsas məruzə ilə çıxış edən Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin Manisa şöbəsinin sədri, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Müzaffer Yurttaş ortaq dilin türk dünyasını birləşdirən ən mühüm amil olduğunu qeyd edib: “Ailəmiz türk dünyasıdır” ifadəsi yalnız şüar deyil, ortaq taleyimizin təcəssümüdür”.
Manisa Türk Ocaqları şöbə sədri professor Zafer Atar tədbirin təşkilinə görə təşəkkürünü bildirib və akademik dəstəyi davam etdirəcəklərini söyləyib. CASCFEN layihəsinin mütəxəssisi Vəsilə Əkbərova çıxış edərək layihə çərçivəsində görülən işlər barədə geniş məlumat verib. O, məqalələrdə Qərbi Azərbaycan amilinə də xüsusi yer ayrıldığını bildirib: “Qərbi Azərbaycan türk dünyasının ayrılmaz parçasıdır”.
Manisa Jurnalistlər və Yazarlar Cəmiyyətinin sədri İsmail Aydın qeyd edib ki, bu cür tədbirlər təkcə mədəni deyil, eyni zamanda ictimai əlaqələrin qurulmasına da təkan verir. Tədbir zamanı CASCFEN ilə Manisa Jurnalistlər və Yazarlar Cəmiyyəti arasında əməkdaşlıq protokolu imzalanıb.
Dəyirmi masada həmçinin Manisada təhsil alan gənclər də çıxış edərək layihəni yüksək dəyərləndiriblər və bu təşəbbüsün türk gəncliyinin birliyinə töhfə verdiyini vurğulayıblar.
Tədbirə İstanbul və Bakıdan təbrik məktubları da daxil olub. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Eşrəf Tuna çıxışında layihənin əhəmiyyətindən danışıb və TADEF sədri Adalet Turanın iştirakçılara ünvanladığı təbrik məktubunu səsləndirib. Təbrikdə qeyd olunub ki, “Biz böyük bir ailəyik – tarixin dərinliklərindən gələn, dili bir, dini bir, taleyi bir olan bir millətin övladlarıyıq”.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, komitə sədri Fazil Mustafa da tədbir iştirakçılarına məktub ünvanlayıb. O, türk xalqlarının ortaq tarixi və mənəvi kimliyinin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda CASCFEN-nin təşəbbüsü ilə Qərbi Azərbaycan masası yaradılıb. Qonaqlara Vəsilə Əkbərovanın hazırladığı Qərbi Azərbaycana xas süfrə təamları təqdim edilib. Görüş xatirə fotosunun çəkilməsi və plaketlərin verilməsi ilə başa çatıb.
DOĞRU.AZ