image-n1karobka_ads
image-123
image-img-20240107-wa0000backend

Naxçıvan haqqında bilmədikləriniz – Fotolar

25 dekabrda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq media və turizm sənayesi nümayəndələrinin iştirakı ilə “Ulu Öndər Heydər Əliyevin izi ilə” turunun təqdimatı keçirildi. Mən bu səfər üçün dəvət alanda çox sevindim çünki ilk dəfə idi bura səfər edirdim. Naxçıvan haqqında çox eşitmişdim amma ilk dəfə canlı görmək mənə xoş təəssüratlar bağışladı.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 30-yaxın üzvünün də iştirak etdiyi səfər çərçivəsində media və sənaye nümayəndələri üçün Ümummilli Liderin təşəbbüsü ilə 1982-ci ildə Sibirdən gətirilərək doğma vətənində dəfn edilən və qəbri üzərində xatirə abidəsinin ucaldıldığı böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavid məqbərəsinə, hazırda Bəhruz Kəngərli Muzeyi kimi fəaliyyət göstərən Heydər Əliyevin 1938-1939-cu illərdə təhsil aldığı Pedaqoji Texnikumun binasına, hazırda Naxçıvan Turizm İnformasiya Mərkəzi kimi fəaliyyət göstərən, tarixən Zaviyə-Mədrəsə binası kimi tanınan, Ümummilli Liderin 1930-cu illərdə şahmat, musiqi və dram dərnəklərinin üzvü olduğu Naxçıvan Şəhər Pionerlər Evinin binasına, Ulu Öndər Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə abadlıq və yenidənqurma işlərinin aparıldığı “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksinə, Ümummilli Liderin təşəbbüsü ilə 1977-ci ildə “qoruq-şəhər” elan edilmiş Ordubad şəhərinə, o cümlədən “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə, Naxçıvan Dövlət Milli Dram Teatrına tanışlıq turu təşkil edildi.

Həmçinin biz media və turizm nümayəndələri “Əshabi-Kəhf” ziyarətgahına baş çəkib,Ordubad rayonunda “Qeysəriyyə” binası, Ordubad Cümə məscidi və tarixi küçələri ilə tanış olduq. Media turun əsas məqsədi jurnalistləri və ictimaiyyəti Naxçıvan səhiyyəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər və gələcək planlarla yaxından tanış etmək idi.

İlk öncə tur iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, gül dəstələri qoyublar. Sonra isə Heydər Əliyev muzeyinə baş çəkdik.Muzey 1999-cu ildə yaradılmışdır. Muzeydə Ümummilli lider Heydər Əliyevin ailəsinə, onun  uşaqlıq və  gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə (1991-1993) aid şəxsi  sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır. Muzey 5 bölmədən ibarətdir. Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar, ulu öndərə məxsus şəxsi əşyalar saxlanılır. Muzeyin fonduna ümumilikdə 5 minə yaxın eksponat daxildir.

Daha sonra Hüseyn Cavidin Ev Muzeyinə doğru yollandıq.Muzey 1981-ci ildə romantik Azərbaycan ədəbiyyatının banisi Hüseyn Cavidin doğulduğu evdə təşkil olunmuşdur. Fondunda 10 minə yaxın eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları və s. var. Ekspozisiyada cavidşünasların tədqiqat əsərləri və xatirələri, Hüseyn Cavidin və onun ailə üzvlərinin büstləri də sərgilənir.

Bundan sonra biz Bəhruz Kəngərli Muzeyinə baş çəkdik.Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri, təsviri sənətimizdə realist dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin xatirəsini əbədiləşdirmək məqsədilə 2002-ci ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılmışdır. Muzeydə qorunub saxlanılan və nümayiş etdirilən 1200-dən çox eksponatdan 63-ü rəssamın əsərlərinin orijinalı, qalanları isə əsərlərinin fotosurətlərindən, habelə ailəsi, həyat və fəaliyyəti ilə bağlı sənədlərdən, məişət əşyalarından və digər materiallardan ibarətdir.Xəstəliyi ilə əlaqədar qısa ömür sürmüş və cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq imkanı qazanmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır.

Son olaraq isə Xan sarayına yollandıq.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi” adı altında fəaliyyətini davam etdirməkdədir. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 2500-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi də nümayiş etdirilir. Kompleksin bir hissəsini təşkil edən Açıq Səma Altında Muzey 2002-ci ildə Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında yaradılmışdır. Burada əksəriyyətini qoç fiqurları təşkil edən 200-ə yaxın eksponat nümayiş olunur. Bununla yanaşı, muxtar respublikanın ərazisindən tapılan müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri – daş kitabələr, sütun altlıqları, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr və s. mühafizə və nümayiş etdirilir.

Biz jurnalistlər həmçinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəfli ilə görüşdük. Görüşdə Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına göstərdiyi daimi diqqəti sayəsində və birbaşa tapşırığı ilə həyata keçirilən genişmiqyaslı işlər, o cümlədən böyük infrastruktur layihələrinin həyata keçirilməsi, Naxçıvanda qazlaşdırmanın 100 faiz səviyyəsində təmin edilməsi, enerji təchizatı, müasir yolların inşa olunması, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlər barədə Fuad bey məlumat verdi. O bildirdi ki,Naxçıvanda yerli kadrların idarəetmə səviyyəsini artırmaq üçün addımlar atılır. Yeni metodlarla işləmək istəyən kadrlar hamısı dövlət qulluğuna cəlb olunur. Mən səlahiyyətli nümayəndə təyin olunanda Cənab prezidentin mənə olan tapşırıqlarını yerinə yetirməklə məşğulam. Biz yeni komanda formalaşdırmağı bacarmışıq. Ali məclis öz funksionallığını bərpa edə bilib. Naxçıvanda olan sosial vəziyyəti öyrənmək üçün mütəmadi olaraq bütün rayonlarda yerli əhali ilə görüşləri davam etdiririk. Onların fikirləri ilə keçmiş protokollarda olan həmçinin hazırki vəziyyəti öyrənirik. Şəhid ailələri qazilər ilə görüşləri davam etdiririk. Naxçıvanın sosial iqtisadi inkişafına dair Dövlət proqramının tezislərini formalaşdırılıb. Proqram 11 prioritet sahəni əhatə edir. 2023-cü il üçün proqram çərçivəsində bütün tədbirlər tam şəffaf çərçivədə həyata keçirilib. 2024 üçün hədəflər artıq bəllidir. Su resurslarını artırmaq istiqamətində işlər görülür.

DOĞRU.AZ

image-img-20240107-wa0000 image-img-20240107-wa0001 image-img-20240107-wa0004 image-img-20240107-wa0003 image-img-20240107-wa0002 image-img-20240107-wa0006 image-img-20240107-wa0007

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki