Brüsselin Ukraynadan “yüz milyardlarla avro” vəsaitin hesabatını tələb etməməsinin səbəbi məlum olub.
Doğru.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Sijarto jurnalistlərlə söhbətində Brüsselin də Kiyev kimi ciddi korrupsiyadan əziyyət çəkdiyini bildirib. Onun fikirləri sosial şəbəkələrdə yayılıb.
Sijarto qeyd edib ki, Avropa İttifaqının Kiyevi məsuliyyətə cəlb etməməsi təsadüfi deyil:
“İndi Brüsselin niyə Kiyevdən hesabat istəmədiyi aydın oldu. Çünki Kiyevdə olduğu kimi Brüsseldə də nəhəng korrupsiya çiçəklənir”.
Nazir bildirib ki, Aİ xarici işlər nazirlərinin son görüşündə Ukraynada baş verən korrupsiya qalmaqalının gündəmə gətirilməməsi onu təəccübləndirib.
“Heç kim ukraynalılardan yüz milyardlarla avronun hesabını tələb etməyib. Məlum oldu ki, Avropa vergi ödəyicilərinin pulları hərbi mafiyanın əlinə keçib”, – Sijarto vurğulayıb.
Xatırladaq ki, dünən Aİ diplomatiyasının keçmiş rəhbəri Federika Moqerini və Aİ Diplomatik Xidmətinin keçmiş baş katibi Stefano Sannino Belçikada fırıldaqçılıq işi çərçivəsində saxlanılmışdı. Daha sonra Avropa Prokurorluğu onların həbsdən azad edildiyini açıqlayıb. Le Monde isə Moqerininin saxlanmasının Aİ diplomatik dairələrində ciddi şok yaratdığını yazıb.
DOĞRU.AZ




























