Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Birləşmiş Ərəb Əmirliklərinin Milli Media Bürosunun və Media Şurasının sədri Şeyx Abdulla bin Məhəmməd bin Butti Al Hamed arasında görüş keçirilib.
Doğru.az xəbər verir ki, görüş Əbu-Dabidə təşkil olunan “Bridge” media və məzmun sənayesi sammiti çərçivəsində baş tutub.
AZƏRTAC-ın məlumatına görə, Əhməd İsmayılov iki ölkə arasında media və kommunikasiya sahəsində əməkdaşlığın hazırkı vəziyyətinə toxunaraq informasiya və təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, mövcud institusional tərəfdaşlıq gələcəkdə ortaq layihələrin həyata keçirilməsinə və birgə fəaliyyətin daha da səmərəli olmasına imkan yaradacaq.
BƏƏ Milli Media Bürosunun və Media Şurasının sədri Şeyx Abdulla bin Məhəmməd bin Butti Al Hamed isə ölkəsində media siyasətinin prioritet istiqamətləri, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq çərçivəsində icra olunan təşəbbüslər barədə məlumat verib. O, Azərbaycan ilə media əlaqələrinin inkişafını yüksək qiymətləndirərək bu əməkdaşlığın hər iki ölkə üçün yeni imkanlar açacağını qeyd edib.
Görüş zamanı informasiya və təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran təşəbbüslər, həmçinin seminar, təlim və konfransların təşkili üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
DOĞRU.AZ





























