image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210621-wa0040backend

Bakı Şuşa Bəyannaməsi ilə Rusiya qarşısında şərt qoya bilər Mübariz Azərbaycanlı, müstəqil jurnalist

image-728x90px

Dünən Ermənistanda keçirilən seçkidə hökumətin başına gələn şəxsin Paşinyan, Koçaryan və ya hansısa digər “yan”ın olmasından asılı olmayaraq, keçmiş Dağlıq Qarabağ məsələsi, həmçinin dövlətlər arası sərhədlərin delimitasiya işində Azərbaycanın haqlı tələblərinə yan çevirə bilməyəcək. Əlbəttə ki, Qarabağ kartını əlində əsas tutub revanşist çıxışlarla öz seçiciləri ilə “duraka” oynayan Koçaryanla müqayisədə Paşinyanın Ermənistanda “baş” olması Azərbaycan üçün daha məqbuldur. Ancaq bu o demək deyil ki, Koçaryan “baş” olacağı təqdirdə əvvəlki dövrlərdə olduğu kimi başından böyük qələtlər edə biləcək. Çünki, indi artıq nə Azərbaycan o Azərbaycandır, nə Ermənistan o Erməstandır nə də ümumiyyətlə Cənubi Qafqazda son 200 ildə at oynatmış Rusiya o Rusiyadır.

İndi Cənubi Qafqazda geosiyasi marağı olan bütün tərəflər yaxşı anlayırlar ki, Azərbaycanın ötən il Vətən savaşından qalib çıxması bölgədəki bir çox məsələlərin gedişini köklü şəkildə dəyişdi. Üstəlik iki qardaş dövlət – Azərbaycanla Türkiyə arasında 15 iyun 2021-ci ildə bağlanmış müttəfiqlik haqqında möhtəşəm Şuşa Bəyannaməsi nəinki Qarabağ bölgəsinin, bütövlükdə bütün Azərbaycanın təhlükəsizliyinin təmin edilməsinə birdəfəlik nöqtə qoydu. Bu Bəyannamənin 100 il öncə 13 oktyabr 1921-ci ildə Türkiyə ilə Sovetlər arasında bağlanmış Qars müqaviləsinin ləğv edilməsini planlaşdıran ermənilərin keçirəcəyi kampaniyadan əvvəl bağlanmasını nəzərə alsaq, onda Şuşa Bəyannaməsini hayların başına göydən düşən bir daş kimi də qiymətləndirmək olar.
Doğrudur, Azərbaycan cəmiyyəti Şuşa Bəyannaməsindən nə qədər məmnun olsa da, burada bəzilərinin birdəfəlik Türkiyənin hərbi baza yerləşdirilməsinin vacib olduğunu dilə gətirməsi də anlaşılandır. Ancaq düşünməliyik ki, indiki mərhələdə Türkiyə hərbi bazasının Azərbaycanda yerləşdirilməsinə hələ ki bu tezliklə ehtiyaz duyulmamalıdır. Birincisi ona görə ki, əgər Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı bir təhlükə yaranarsa, Türkiyənin Azərbaycana hərbi dəstək edə bilməsi, bir neçə saatda həyata keçirilə bilən məsələdir. İkincisi isə rəsmi Bakının indiki məqamda Türkiyə bazası variantından öz təhlükəsizlik maraqlarını təmin etmək istiqamətində istifadə edə bilməsi daha məqsədə uyğun sayılar.
Diqqət edin, Ermənistandakı başı boş siyasətbazların Şuşa Bəyannaməsini “təxribat”, guya onlara qarşı “təhdid” kimi adlandırıb içlərində və çöllərində od tutub yanmalarını bir yana qoysaq da, ancaq onlara atalıq edən Rusiyanın qısqanclığını görməmək mümkün deyil.

Doğrudur, bu qısqanclıqda Şuşa Bəyannaməsi açıq şəkildə dilə gətirilməsə də, amma Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdiriləcəyi təhlükəsindən xoflanıb, bir-birinin ardınca rusiyalı dövlət məmurların hay-həşirə düşmələri göz önündədir. Sözsüz ki, Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun, bu ölkənin baş diplomatı Sergey Lavrovun, onun sözçüsü Mariya Zaxarovanın və bəzi Duma üzvlərinin nə deməsindən asılı olmayaraq, rəsmi Bakı öz möqeyində möhkəm dayanmalı və onlara ötən ilin noyabrında Ermənistanın təslim olmasını çətin olsa da həzm etmək zorunda qalan Rusiya Prezidenti Vladimir Putinin Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri şərh edərkən dediyi “Azərbaycan müstəqil, suveren bir dövlətdir, Azərbaycanın özünə kimi müttəfiq seçməsi, onun öz hüququdur. Kim bunu ona inkar edə bilər?”, sözünü xatırlatmalıdır.
Əslində, istər Rusiya, istərsə də digər dövlətlər bir şeyi anlamalıdırlar ki, Azərbaycan müstəqil dövlətdir və o hər hansı qərar qəbul edəndə ilk növbədə öz maraqlarından çıxış edir. Əgər Şuşa Bəyyannaməsi Rusiyanı belə narahat edirsə, o zaman Azərbaycanı da, Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, bunun üstündən hələ 2016-cı ildə bağladığı Qafqaz bölgəsində kollektiv təhlükəsizlik üçün “Rusiya və Ermənistan Qoşunlarının Birgə Qruplaşması”nın yaradılması haqda müqavilə, həmçinin Ermənistan ərazisindəki 102-ci hərbi baza və onun Azərbaycan sərhədlərinə yaxın yerdə yeni salınmış iki korpusu narahat edir. Bu üzdən də Rusiyanın “narahatlığının” aradan qaldırılması üçün, rəsmi Bakı indiki halda müdafiəedici mövqe tutmamalı, əksinə hücum diplomatiyasına keçərək Moskvanın qarşısında ən azı iki şərt qoymalıdır:
Birincisi, Rusiya Azərbaycanla mövcud siyasi-iqtisadi, dostluq və tərəfdaşlıq münasibətlərini nəzərə alaraq, keçmiş Dağlıq Qarabağ ərazisində hələ də özlərini “rəhbər” sayan separatçı Arutyunyanı, Balasanyanı, bir sözlə onların komandasını, o cümlədən bu günlərdə Azərbaycan prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilən digər “yanların” tutulub Azərbaycana təhvil verilməsinə şərait yaratsın.
İkincisi, Rusiya sülhməramlıları əgər həqiqətən də bu missiyanın icraçılarıdırsa, o zaman 10 noyabr 2020-ci ildə imzalanmış məlum üç tərəfli bəyanatın 4-cü bəndinə uyğun olaraq, Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda və Ağdərədə özlərinə tülkü yuvası qurmuş terrorçu-erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını yerinə yetirsin və adı çəkilən rayonlarda Azərbaycanın Konstitusion hüquqlarının bərpa olunmasına zəmin yaratsın.
Əks təqdirdə, rəsmi Bakı öz maraqlarından və təhlükəsizliyindən çıxış edərək, Türkiyənin Azərbaycan ərazisində hərbi baza yaratmasını reallaşdıracağı və bunun ardından BMT-nin qəbul etdiyi prinsiplərə, eləcə də Şuşa Bəyannaməsinə uyğun olaraq Türkiyə ilə bərabər öz ərazisində antiterror əməliyyatlarına start verəcəyi barədə Moskvaya öz fikrini qəti şəkildə bildirməlidir! Əgər Rusiya həqiqətən də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin marağında olan dövlətdirsə, o zaman ilk növbədə erməni terrorçularının kökünün kəsilməsində ya Azərbaycana dəstək olmalı, ya da ki, bu işdə ona mane olmamalıdır.
Ancaq daha yaxşı olardı ki, sabah Ermənistan hökumətinə “baş” olacaq şəxs, başı daşdan-daşa dəymiş bu ölkənin birinci Prezidenti Levon Ter Petrosyanın sözlərinə əməl edərək “üzü sulu” ikən Azərbaycana və Türkiyəyə edilən torpaq iddialarından əl çəkib region ölkələri arasında birdəfəlik sülhə, əminamanlığa imza atmış olsun. Yoxsa, ermənilər başqalarının “şturmanlığına” uyub “dənizdən-dənizə” deməklə, quru torpaq üzərində ac qarınlarını yerə sürtərək hələ çox “üzməli” olacaqlar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki