“Emily in Paris” serialında Qreqori Elliot Düpre obrazı ilə tanınan amerikalı aktyor və ssenarist Ceremi O. Harris Yaponiyada saxlanılıb.
Doğru.az xəbər verir ki, “The New York Times”ın məlumatına görə, aktyor ölkəyə narkotik maddə idxal etməkdə şübhəli bilinir.
Məlumata görə, Tomigusuku polisinin açıqlamasında qeyd edilib ki, 36 yaşlı Harris 16 noyabrda Okinavaya gəldikdən sonra həbs olunub. Naha hava limanının gömrük əməkdaşları aktyorun çantasından ekstazi aşkarlayıb.
Nəşr bildirir ki, Yaponiyada narkotiklərlə bağlı çox sərt qanunvericilik mövcuddur və bu ittihamlar sübuta yetirilərsə, aktyoru 7 ilə qədər həbs cəzası gözləyə bilər.
Xatırladaq ki, oktyabr ayında Türkiyədə də bir sıra məşhur müğənni və aktyorların narkotiklərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat yayılmışdı.
DOĞRU.AZ




























