SberZdorovye tibb şirkətinin onkoloqu Suna İsakova şiş xəstəliklərinin ümumi və ilkin simptomları barədə danışıb.
Doğru.az xəbər verir ki, həkim RT-yə müsahibəsində səbəbsiz bədən istiliyinin yüksəlməsi, artan yorğunluq, zəiflik, səbəbsiz arıqlama və uzunmüddətli ağrını şişin əsas ümumi əlamətləri kimi göstərib.
Onun sözlərinə görə, bu əlamətlərin əksəriyyəti bədəndə iltihablı sitokinlərin — orqanizmdə nəyinsə qaydasında olmadığını bildirən kiçik protein molekullarının — artması ilə bağlı yaranır. Mütəxəssis vurğulayıb ki, sadalanan simptomlar spesifik deyil və depressiya da daxil olmaqla başqa xəstəliklərin nəticəsi ola bilər.
İsakova bildirib ki, onkoloji xəstəliklər çox zaman yalnız bu ümumi əlamətlərlə məhdudlaşmır və diaqnostika zamanı həkimlərə kömək edən digər şikayətlər də ortaya çıxır.
“Hər hansı bir əlamət yaranarsa, dərhal həkimə müraciət etmək vacibdir. Xərçəngin erkən aşkarlanması uğurlu müalicə şansını xeyli artırır”, – o deyib.
Psixiatr və narkoloq Ruslan İsayev isə RT-yə açıqlamasında alkoqol qəbulunun bədxassəli şişlərin inkişaf riski ilə elmi cəhətdən sübut edilmiş əlaqəsi olduğunu xatırladıb.
DOĞRU.AZ




























