Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri məlum olub.
Doğru.az xəbər verir ki, Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığı üçün dövlət başçısı dekabrın 21-də keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etməyib.
Qeyd olunub ki, Prezident İlham Əliyev bu gün Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə isə iş qrafikinin sıxlığı səbəbindən iştirak edə bilməyəcək.
Xatırladılıb ki, Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi iştirak edir və qurum çərçivəsində əməkdaşlığa, eləcə də üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir.
Bildirilib ki, Prezident İlham Əliyev bu ilin oktyabrın 9–10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib və iclas çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli görüşlər səmərəli olub.
DOĞRU.AZ




























