image-2000x150px
image-123
image-ads_atlas
image-17117976205245252208_1200x630backend

QHT sədri: Ermənistanın silahlandırılması Cənubi Qafqazda sülhü və sabitliyi mümkünsüz edir

image-728x90px

ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında aprelin 5-də keçiriləcək görüşlə bağlı yayılan həm rəsmi, həm də kulis məlumatlar sübut edir ki, bu, qətiyyən bölgədə sülhə, tərəflər arasında etimad quruculuğuna, inteqrasiya ehtiyacına xidmət göstərmir. Azərbaycanla Ermənistan arasında sülh istiqamətində müəyyən müsbət addımların atıldığı bir məqamda belə davranışlar destruktivliyə və sülh danışıqlarını sıradan çıxarmağa hesablanıb. Qərb tərəfindən təşkil edilən belə konfranslar regionda sülhə ciddi təhdid törədir və Ermənistanı yeni silahlı qarşıdurmalara təşviq edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İslahatçı Gənclər İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Avropa İttifaqının və ABŞ-ın bu konfransla Azərbaycan-Ermənistan münasibətlərində özünü açıq formada İrəvan tərəfdə olduğunu nümayiş etdirdiyini söyləyən siyasi şərhçi bildirib: “Şübhəsiz ki, bu fakt ABŞ-ın və Avropa İttifaqının Bakı ilə İrəvan arasında sülh prosesində obyektivliyini və tərəfsizliyini ciddi şəkildə şübhə altına alır. Bu təxribatçı prosesə, əslində, Avropa İttifaqı müşahidə missiyasının Ermənistan-Azərbaycan şərti sərhədinə göndərilməsi ilə start verilib. Regionu “barıt çəlləyi”nə çevirmək istəyən siyasət birbaşa Azərbaycana qarşı yönəlib. “Təhlükəsizlik zəmanəti” adı altında Ermənistanın dəstəklənməsi, silahlandırılması və ondan silahlı təzyiq vasitəsi kimi istifadə olunması Cənubi Qafqazda sülhü, sabitliyi və təhlükəsizliyi mümkünsüz edir. Qısamüddətli missiya kimi yaranan, daha sonra uzunmüddətli status alan və hərbləşdirilən Avropa İttifaqının Ermənistandakı missiyası, əslində, müşahidə funksiyasından daha çox, Qərbin Ermənistanda öz hərbi bazası rolunu oynayır. Belə olmasaydı, 2023-cü ilin yanvarında yaradılan adı “mülki” olan, özü isə Avropanın xüsusi xidmət orqanlarının əməkdaşlarından formalaşdırılan missiyanın iştirakçılarının sayı dekabrda 138-dən 209 nəfərə qədər artırılmazdı. Ölkəmizin onun suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş, təhlükəsizlik maraqlarımızı təhdid edən istənilən fəaliyyətdən çəkinməsi üçün Aİ tərəfinə dəfələrlə etdiyi çağırışlara baxmayaraq, missiyanın anti-Azərbaycan təbliğat ruporu rolunda istifadəsi davam edir. Kanadanın Aİ-nin Ermənistandakı missiyasına qoşulması isə faktiki olaraq regionda NATO-nun dəst-xətti ilə hərbi birliyin yaradılması deməkdir”.

F.Şahbazlı vurğulayıb ki, diqqət çəkən daha bir məqam Fransanın liderliyi ilə Ermənistanın hərbləşdirilməsinə yönəlmiş, hətta öldürücü və hücum tipli silah növlərinə aid hərbi təchizatın təmin ediləcəyi ilə bağlı aparılan kampaniyadır. Eyni zamanda, Aİ-nin digər üzvü Yunanıstan Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatları da təsadüfi sayıla bilməz. “Bütün bu məlumatlar ciddi narahatlıq doğurur və regionda sülh quruculuğu səylərini əngəlləyir. Azərbaycanla Ermənistan arasında normallaşmaya, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə nail olmağın yeganə yolu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə tərəfsiz, qərəzsiz mövqe sərgiləməkdən keçir. Azərbaycan dəfələrlə bəyan edib ki, bütün suallar və problemlər iki ölkənin birgə müzakirələri ilə həll olunmalıdır. Üçüncü dövlətlərin və ya təşkilatların qərəzli vasitəçi qismində müdaxiləsi vəziyyəti gərginləşdirir. Ermənistan və himayədarları üzləşdikləri keçmiş acı təcrübələri yada salaraq bu məqamı unutmamalıdırlar”, – deyə o əlavə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki