image-n1karobka_ads
image-123
image-17250268445398714957_1200x630backend

Aqrar sığorta mexanizmi kənd təsərrüfatı heyvanlarını da çoxsaylı risklərdən qoruyur – FOTO

Azərbaycanda dövlət sığortası olan aqrar sığorta mexanizmi əkin sahələri ilə yanaşı, kənd təsərrüfatı heyvanlarını da çoxsaylı risklərdən qoruyur. Bu zaman sığorta haqqının yarısını dövlət ödəyir. Aqrar Sığorta Fondunun bölgələrdəki filialları və digər bölmələri əhalini aqrar sığorta barədə məlumatlandırmaq üçün çoxsaylı təsərrüfatlara baxış keçirir, vaxtaşırı görüşlər təşkil edilir. Görüşlərdə fermerlərə bitkiçilik və heyvandarlıq sığortası qaydaları, aqrar sığortanın üstünlükləri, sığorta şərtləri izah olunur, təsərrüfatların aqrar riskləri xatırladılır.

Aqrar Sığorta Fondundan Doğru.az-a bildirilib ki, il boyu davam edən heyvandarlıq sığortasının təbliğatı məqsədilə avqust ayı ərzində ölkə ərazisində onlarla kənddə görüşlər keçirilib.

Aqrar Sığorta Fondunun əməkdaşları Qubanın Vladimirovka, Qonaqkənd, Zərdabi, Vəlvələkənd və Amsarqışlaq kəndlərində, Şəmkirin Dəllər Cəyir və Morul kəndlərində, Şamaxının Quşçu, Çarxan kəndləri və Şəhriyar qəsəbəsində, Göyçayın Çərəkə, Hüngütlü, Çaxırlı kəndlərində, İmişlinin Murquzalılı, Şəkinin Baltalı kəndlərində, Bərdənin Türkan və Qaradəmirçi kəndlərində, Ağcabədinin Qaravəlli kəndində, Tərtərin Bəyimsarov, Dəmirçilər kəndlərində, Hacıqabulun Meyniman kəndində, Goranboyun Balakürd kəndində, Qusarın Köhnə Xudat və Qazmalar kəndlərində və sair ərazilərdə təsərrüfatlarda olub, fermerlərlə görüşlər keçiriblər.

Fondun əməkdaşları heyvandarlıq sığortasının üstünlükləri, şərtləri, sığorta haqları, təklif olunan sığorta zərfləri barədə fermerləri maraqlandıran sualları cavablandırıblar.

Aqrar sığorta iri və xırdabuynuzlu heyvanlara yoluxucu xəstəliklər, zəhərlənmə, vəhşi heyvan hücumu, ilan və ya həşərat sancması, yanğın və üçüncü şəxslərin hərəkəti, qəza və s. hallarda dəyən zərəri qarşılayır.

Qeyd edək ki, indiyədək ölkədəki sığortalı və sığortasız təsərrüfatlarda çoxsaylı belə hadisə baş verib və fermerlərə böyük zərərlər dəyib.

Fermerlər cüzi məbləğ ödəməklə heyvanları bu risklərdən sığortalaya bilərlər. Belə ki, 1000 manat dəyərində iribuynuzlu heyvanın sığorta haqqı 52 manatdır, bunun yarısı dövlət tərəfindən ödənilir, fermer cəmi 26 manat ödəməklə heyvanı sığortalaya bilir. Yaxud 300 manatlıq qoyunun birillik sığortası 50 faiz dövlət güzəşti ilə fermerə cəmi 8 manata başa gəlir.

Görüşlərdə fermerlərin sığorta şərtləri ilə bağlı təklifləri dinlənilib, gələcəkdə bu təkliflərin araşdırılması və növbəti islahatlar zamanı dəyərləndirilməsi nəzərdə tutulub. Dövlət dəstəyi sayəsində sığorta haqqının azlığı və sığorta şərtlərinin sərfəli olması səbəbindən heyvandarlıq sığortası üçün müraciət edənlərin sayı hər il artır. Hadisə nəticəsində zərər görmüş fermerlərə ödənişlər də artmaqdadır.

İndiyədək Aqrar Sığorta Fondu fermerlərə təkcə heyvandarlıq sığortası üzrə 2,5 milyon manat ödəniş edib. 2021-ci ildə bu rəqəm 118 min manat, 2022-ci ildə 710 min manat, 2023-də isə 910 min manat olub. 2024-cü ilin ilk 7 ayında tələf olmuş heyvanlara görə fermerlərə 722 min manat ödəniş edilib. Baş vermiş sığorta hadisələri arasında yoluxucu xəstəlik, yemdən zəhərlənmə, ilansancma, vəhşi heyvan hücumu çoxluq təşkil edir.

Heyvanlarını və əkin sahələrini sığorta etmək istəyən fermerlər Aqrar Sığorta Fondunun yerli filiallarına və 1651 Çağrı mərkəzinə müraciət edə, sığorta tariflərini isə Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi səhifəsində, Sığorta kalkulyatorları bölməsindən özləri də hesablaya bilərlər.

DOĞRU.AZ

image-17250268445827121192_1200x630 image-17250268444499039082_1200x630 image-1725026844154247433_1200x630 image-17250268441315417618_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki