Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “Meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirləri” adlı yeni kitabı nəşr edilib.
Doğru.az məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitab meyvəçiliklə məşğul olan fermer və sahibkarlar, həvəskar bağbanlar üçün nəzərdə tutulub. Kitabdan, həmçinin meyvəçilik sahəsində çalışan mütəxəssislər və ali məktəb tələbələri də istifadə edə bilər.
Kitabda bitki mühafizəsi sahəsində fitosanitar tədbirlər, xəstəlik və zərərvericilərin təyini metodları, mübarizə tədbirlərinin növləri, meyvə bitkilərinin ən təhlükəli xəstəlik və zərərvericiləri, qida çatışmazlığından meyvə bitkilərində əmələ gələn xəstəliklər, gübrələrdən istifadənin aqrokimyəvi əsasları, fertiqasiya, becərmə rejiminə nəzarət edən kompüter sistemləri, feromon tələlər, bioloji mübarizə agentləri, mikrobioloji preparatlardan istifadənin üstünlükləri haqqında geniş məlumat verilib.
Kitabın müəllifləri Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov, institutun əməkdaşları Ələddin Sadıqov, Nardan Sadıqova, Faiq Əliyev və Sevil Süleymanovadır.