image-2000x150px
image-esas_0backend

“SANKİ ƏCDADLARIMIN RUHLARI ŞUŞADA MƏNİ İDARƏ EDİRDİLƏR” – Gövhər Həsənzadə

image-728x90px

“Şuşaya getməyim mənə yuxu kimi gəlirdi, öz-özümə deyirdim ki, İlahi, Şuşayamı gedirəm?!” “Sanki hələ də yol gedirəm, Şuşaya gəlmişəm. Hələ ki, Şuşadayam. Hələ də Şuşadan dönməmişəm…”

Doğru.Az xəbər verir ki, Müsahibimiz Əməkdar İncəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Azad Azərbaycan Televiziyasının Şura üzvü, Müəllif Hüquqları Uğurunda İctimai Birliyinin İdarə Heyətinin sədri Gövhər Həsənzadədir. Gövhər xanımla söhbətimizdə yaradıcılığındakı yeniliklərdən başlayaraq, gündəmlə bağlı bir sıra suallara cavab tapmağa çalışdıq.

-Gövhər xanım, ilk olaraq yaradıcılığınızdan başlayaq. Bu sahədə nə kimi yeniliklər var, hazırda hansı layihələr üzərində işləyirsiniz?

– Uzun müddətdir ki, mənimlə bərabər bütün yaradıcı insanlar pandemiyanın yaratdığı problemlər, fəsadlar nəticəsində öz yaradıcılıq yerlərindən, yaradıcılıq məkanlarından və studiyalarından, bir sözlə, yaradıcılıq atmosferindən, ab-havasından uzaqlaşmışıq. Əlbəttə, bu da böyük fəsadlar göstərib. Çünki yaradıcı insanlar həmişə aktiv ortamda olmalıdır. Uzun texniki uzaqlaşmalardan sonra, yaradıcı prosesə qayıdanda, əlbəttə, bir az çətin olur. Belə desək, tez yorğunluq baş verir. Ünsiyyətdə hər şeyi təzədən bərpa etmək zaman alır. Çünki söhbət təkcə mənim – bəstəkarın yaratdığı, yazdığı musiqidən getmir, həmin musiqini icra edən digər yaradıcı insanlar da həmin ab-havaya tənzimlənməli, uyğunlaşmalıdırlar. Bu da bir az artıq zaman alır. Amma şükür ki, yavaş-yavaş hər şey öz tempini alır, yoluna düşür, artıq yaradıcı proseslər öz axarıyla getməyə başlayıb.

Pandemiya səbəbindən ki, bəzi layihələri tamamlaya bilmədik, artıq həmin yarımçıq qalmış layihələrin üzərində çalışmağa başlamışam. Bu layihələri tamamlamaq üzrəyəm.

– Yaradıcı heyətdə dəyişikliklər var, yoxsa əvvəlki komanda ilə çalışırsınız?

– Həmişəki kimi, öz yaradıcı heyətimlə, tərəf müqabillərimlə çalışıram. Aranjimançım Yaşar Baxış, səs rejissorum, bek-vokalçı Samir Əsədov, ifaçılarımız, solistlərimiz, ansamblın solist ifaçıları, istedadlı musiqiçilərimiz, musiqi alətlərində ifaçılarımız, solistərimiz artıq toplaşmışıq və əvvəlki kimi komanda şəklində işləyirik. Hazırda İzzət Bağırovla “Həyat belədir” mahnısı üzərində çalışırıq. Sözləri gənc yazar Xanım Aydına məxsusdur. Xanım Aydınla o vaxt “Biri var burda” adlı mahnı da yazmışdıq. O mahnım Xatirə İslamın ifasında çox sevilmişdi. İradə İbrahimova ilə də, sözləri və musiqisi mənə aid olan “Bəsimdir” mahnısı üzərində işləyirik. Düşünürəm ki, İradə İbrahimovanın ifasında tamaşaçıların sevəcəyi növbəti mahnı olacaq. Sevda Yəhyayeva ilə ilk mahnımız üzərində çalşırıq, çox məsuliyyətli bir işdir. Çünki ilk işbirliyi, ilk mahnı həmişə çox məsuliyyətli olur. 30 ildir ki, bu işlə məşğulam, bu işə aidəm, hər dəfə mahnı yazanda birinci növbədə o mahnının taleyini düşünürəm. 30 il bundan əvvəlki kimi, o həyəcanları, tərəddüdləri təzədən yaşayıram. Aranjimanı bitmək üzrədir. Həmişəki kimi, yenə də musiqisi mənə, aranjimanı Yaşar Baxışa aid, sözləri Cəlal Qurbanovun olan “Dön geri” adlı mahnımız da çox uğurlu olar. Sonra Xalq artisti Samir Cəfərovla bir mahnı yazdıq, təqdim etdik. Bu gözəl mahnının sözlərini Sabir Qaraxancanlı yazıb. Əfsuslar olsun ki, bu mahnının yazarı Sabir Qaraxancanlını itirdik. Mahnını eşidə bilsə də, çox istərdik ki, klipini də görə biləydi. Allah rəhmət eləsin! Amma mən Sabir müəllimin ruhunu şad eləmək üçün sözlərinə yenə müraciət edəcəm.

Hal-hazırda bir operatta üzərində də çalışıram, artıq bitmək üzrədir.Operatta Əmir Pəhləvanın “Sevənlərindi dünya” əsərinin əsasında yazılıb. İnşallah, Dövlət Akademik Musiqili Teatrında nümayiş olunması gözlənilir. Operettanın rejissoru istedadlı rejissor Oruc İmanovdur. Yəni görüləsi işlər çoxdur…

Onu da deyim ki, Dövlət Akademik Musiqili Teatrın baş rejissoru, bədii rəhbəri təyin olunan Cavid İmamverdiyevlə də musiqilər toplumu üzərində çalışırıq. Yeni musiqi nömrələri çəkməyi planlaşdırırıq. O, həm də mənim kliplərimin rejissorudur. İlahə Fədanın 20 ildi ki, çox böyük dinləyici auditoriyasını toplayan “Gedəcəyəm” adlı mahnısına 20 ildən sonra inşallah, bu ay ikinci dəfə rejissor Cavid İmamverdiyevlə bərabər yeni versiyada klipi çəkməyi qərar verdik.

– Bildiyimizə görə, sizin bir sıra xarici sənət adamları ilə də ortaq işbirliyiniz var. Oxucularımıza bu haqda da məlumat vermənizi istərdik…

– Öncə onu xatırladım ki, 1995-ci ildən bu günə qədər Azərbaycan sənətinə dərin sevgisi olan Ayşe Birgül Yılmazla işbirliyimiz davam edir. Belə də olmalıdır. Onun sözlərinə bəstələnmiş “Ben öyleyim” adlı bir mahnımız var, Samir Piriyev ilk versiyasını artıq ifa edib. Tərəf müqabili, duet ortağı çox gözəl, lirik, səs tembirini bəyəndiyim Türkiyə sənət aləmində də lirik, dramatik ifalarıyla bu gün çox dəyər verilən Hazan Medetogludur. Artıq onun da Türkiyədəki səsyazmaları başa çatıb. İndi Samir bəylə Hazan xanımın bir araya gələrək son işlərinin tamamlanması qalır, kamanlar, davullar hamısı yazılıb, amma bir işimiz qalıb – səsyazma. O da hazır olandan sonra, qardaş Türkiyəmizdə həmin mahnının təqdimatı baş tutacaq. Hansı kanallarda, hansı efirlərdə olacaq, o haqda, inşallah, növbəti müsahibəmizdə sizə söyləyərəm.

Bu işbirliyimizi də xüsusi vurğulamaq istəyirəm. Bu işbirliyimiz də Türkiyənin çağdaş pop musiqisinin mahir ifaçılarından olan Serhat Canladır. Serhat Can sözləri Zamiq Yunisova, musiqisi mənə aid “Bir şeir yazmışam sənə” mahnını həm Azərbaycan dilində, həm də türk dilində – hər iki dildə ifa etdi. Bu mahnının səs yazması, hazırlıq işləri Bakıda keçirilib. Serhat Can özü gəlib burda səs yazmada mahnını yazmışıq. Canlılar artıq aranjiman bitib.

İkinci səsi yazmaq üçün yəqin ki, mən özüm ora gedəcəm. İkinci səs yazmanın son versiyası Türkiyədə olacaq.

-İnşallah. Gövhər xanım, 44 günlük müharibə dönəmində sizin vətənpərvərlik ruhunda bəstələnən bir sıra mahnılarınız dillər əzbəri oldu. Bizim üçün maraqlıdır ki, adi vaxtlardan fərqli olaraq, savaş dönəmində mahnı bəstələyərkən, bir bəstəkar olaraq, hansı hissləri keçirirdiniz?

– Əslində, bu barədə çox danışmışıq, amma yenə də sizin sualı cavabsız qoymayacam. İlk öncə onu deyim ki, İkinci Qarabağ müharibəsində – torpaqlarımızın azad olunması hisslərini, sevgisini, qürurunu yaşadığımız dövrdə iki cəbhə var idi – ön və arxa cəbhə. Arxa cəbhədə olan hər bir vətəndaş öz olduğu yerdə iştirakını, dəstəyini əsirgəmirdi, eləcə də biz sənət adamları. Mən də onlardan biri idim. Hamımız cəbhəyə köklənmişdik. Amma özəl olaraq, fəaliyyətimi üç mahnı üzərində qurmaq istəyərdim. Bunlardan biri Abdulla Qurbaninin sözlərinə bəstələnən, hansı ki, çox sevdiyimiz, böyük sənətkarımız, Xalq artisti Mübariz Tağıyevin ifasında “İgid şahinlər gəlir” mahnımız idi. Yenə də aranjimançı Yaşar Baxış, səsyazma Samir Əsədov, ifa Mübariz Tağıyev, sözləri Abdulla Qurbaniyə, musiqisi Gövhər Həsənzadəyə məxsus idi. Bu mahnı mənim üçün çox vacib amildir. Mahnıda vətənpərvərlik, çağırış ruhu var. Burda belə sözlər var idi: “Ya Məhəmməd, ya Əli, bu il qələbə ili!”. Bu sözləri Mübariz Tağıyev ifa edəndə o qədər gözəl, o qədər içdən, o qədər səmimi söyləmişdi ki, elə bir azərbaycanlı, türk yoxdur ki, bu sözlərin qarşısında daxili qürur coşqusu olmasın. Abdulla bəy söylədi ki, hər dəfə vuruşa, hücuma hazırlaşanda bu mahnını səsgücləndirici texnika ilə verirdik, əsgərlərimiz coşquyla, çox böyük ruh yüksəkliyi ilə savaşa qatılırdı. Hətta ağır bir yaralımızı gətirdikləri zaman özündə olmayıb, sayıqlayaraq məhz bu mahnını zümzümə edirmiş. Deyir, mən dəhşətə gəldim ki, insan ağır vəziyyətdə olmağına baxmayaraq, o mahnını necə də xırıltılı səslə ifa edirdi. Yəni bu danışılanlar, xatirələr insanın beyninə həkk olur və tam dolğun bir əsər yaranıb deyə insanda özünəinam yaradır ki, ünvanı düzgün seçmişik…

– Belə aydın olur ki, “İgid şahinlər gəlir” mahnısının bəstələriniz arasında xüsusi yeri var…

– Bu mahnı mənim başımın tacı, dəyərli əsərlərimdəndir. Mübariz müəllim çox gözəl ifası ilə bu mahnıya xüsusi gözəllik qatıb. Onu da deyim ki, Mübariz müəllimlə yenə də bir mahnı üzərində işlədik. “Azərbaycan yalnız deyil” adlı mahnını Samir Piriyevə də təklif etdik ki, o da öz stilində ifa etsin. Bu da bir özəl mahnıdır. Çünki Türkiyə Silahlı Qüvvələrinin Baş komandanı Hulusi Akar müharibə dönəmində Azərbaycana gəldiyi zaman cənab Prezidentlə görüşəndə belə bir ifadə işlətdi ki, “Azərbaycan yalnız deyil”. Bu, o qədər mükəmməl, o qədər yerində səslənən ifadə idi ki, həmin toplantı bitən kimi Abdulla müəllimdən zəng gəldi, bu gözəl sözün musiqili bir şüara çevirlməsinin vacibliyi söylənildi. Mən deyərdim ki, bu təklif deyildi, bir tapşırıq idi. Həmin tapşırıq üzərində bir həftənin içərisində aranjimançı Yaşar Baxış, musiqiçilərimiz, solistlərimizlə birgə bu mahnını hazırladıq. Həmin mahnı –  “Azərbaycan yalnız deyil!” ensiklopedik kitabın içərisinə daxil olundu və Hulusi bəy ikinci dəfə Bakıya rəsmi səfərə gələndə, bu mahnı da diskin içində, həmin kitabın təntənəli təqdimatı oldu. Bu da, yenə də mənim yaradıcılıq tariximə yazılan şərəfli səhifələrdən biri oldu.

Daha sonra bir mahnımız da çox sevildi. Əsgərlərimiz üçün daha çox ruhsakitliyi yaradan, lirik formada vətənə sevgi aşılayan “Qələbəyə gedən yollar” adlı mahnının da musiqisi Gövhər Həsənzadə, sözləri Zamiq Yunisova aiddir. Elnur Məmmədov çox gözəl ifa edib. Beləliklə, yaddaşıma həkk olunan vətənpərvərlik mahnılarımdan danışdım. Amma hələ illərlə vətənpərvərlik ruhlu mahnılar yazacağıq.

Ümumiyyətlə, vətənpərvərliklə bağlı işlərimdən yadda qalan bir xatirəni də sizin oxucularınızla bölüşüm. İllər öncə İtalyanın sevilən estrada ifaçısı İnqritə “Sarı gəlin” xalq mahnımızı öyrədirdim. Çoxu deyirdi ki, bu, mümkünsüzdür, alınası bir şey deyil. Amma nəticədə o qədər gözəl, səlist, yüksək səviyyədə alındı ki, hər kəs məni qürurlandırdı, dedilər ki, sənə halaldır. İndi də İnqritin ifasında həmin “Sarı gəlin” xalq mahnımızı özüm də sevə-sevə dinləyirəm.

-Qarabağ azad olunandan sonra, əvvəllər Şuşada – “Cıdır düzü”ndə keçirilən “Şuşa musiqi festivalı” yenidən bərpa olundu. Siz də o festivalda iştirak edirdiniz. İllər sonra Şuşada belə bir festivalın keçirilməsi sizə hansı hissləri yaşatdı?

-Hər zaman demişəm və ömür boyu da deyəcəm ki, bu hissləri yaşayan hər kəs kimi, mən də çox xoşbəxt vətəndaşlardanam ki, 30 ildən sonra belə bir sevinci yaşadım. Gəncliyimin ən gözəl dövrlərində yaşadığım ürək ağrısı, 30 il bu ağrını-acını yaşayan, bu gözükölgəli, haqları yeyilmiş, öz haqlarını bərpa edə bilməyən, uduzmuş, əlacsız bir insan 30 ildən sonra bu sevinci yaşayarkən nə hiss edirdisə, əlbəttə, mən də o hissləri yaşayıram. Sözün əsl mənasında hələ də yuxu kimi gəlir. Hərdən elə bil, o xəbəri indicə alırmış kimi oluram. Sanki yuxudan ayılan kimi, “bu, oldumu” deyərək sual edirəm. Yəni bu 30 ildə buna doğru gedərək, hər atdığımız addımda, hər getdiyimiz yolda, festivalda, beynəlxalq layihələrdə, beynəlxalq görüşlərdə, rəsmi səfərlərdə, Azərbaycanda hazırladığımız konsert proqramlarında mənim düşündüyüm o idi ki, haqqımızı bərpa edək, həqiqətləri dünyaya çatdıraq, görsünlər ki, biz beləyik, bizi düzgün təqdim etmirlər, söylənilənlərin hamısı yalandı. Mən son 30 ildə bunları yaşamışam. 30 ildən sonra, bu, artıq oldu. Bu qədər intizar, möhnət, həsrət, haqsızlıq bitdi. Allahın böyüklüyünə şükür ki, nəhayət, haqq-ədalət öz yerini tapdı.

Əlbəttə, mənə ən böyük sevinc hisslərini yaşadan, möcüzə kimi görünən Şuşaya getməyim idi. İnanın, yolboyu Şuşaya getməyim mənə yuxu kimi gəlirdi. Öz-özümə deyirdim ki, İlahi, Şuşayamı gedirəm? Bu hissləri yazsaq da, danışsaq da, olduğu kimi oxucuya çatdırmaq mümkün deyil, bu hissləri ancaq onu yaşayanlar bilir. Mən orda olan müddətdə vaxt elə tez keçirdi ki, bunu çatdıra bilməyəcəm deyə düşünürdüm. Çünki həm Xarı bülbül gülü, həm bulaqdan su, həm də bitkilərə bir-bir toxunub iyləmək istəyirdim. Həmin bitkilərin iyi, qoxusu da bir başqa cürdür. Hər yerə qaçıb görmək, toxunmaq, yəni birdən hamısın etmək istəsəm də, çatmırdım. Elə bilirsən ki, bitəcək. Sanki ürəyimizdə bir qorxu vardı. Sanki yuxudan ayılacaqsan, birdən yenə əlimizdən torpaqlar çıxacaq. 30 il o qədər bunun əziyyətini çəkimişik ki, daxildəki o həyəcan hələ də var. Bir sözlə, Şuşa ilə bağlı təəssüratlarım yüksək səviyyədədir. Sanki hələ də yol gedirəm, Şuşaya gəlmişəm. Hələ ki, Şuşadayam. Hələ də Şuşadan dönməmişəm. Çünki istər-istəməz qan özünü göstərir. Çünki anamgil qalalıdır, əsilləri Şuşadandır. 1905-ci ildə yenə məlum hadisələr zamanı əziyyət çəkərək, qurban verərək, Şuşadan didərgin düşən azərbaycanlılardandırlar. Onların ailəsi daha sonra Cəbrayılda məskunlaşıb və anam Cəbrayılda doğulub. Ona görə də, mənim hisslərim çox fərqlidir. Sanki əcdadlarımın ruhları məni orda idarə edirdilər. 

(Ardı var) Fuad BİLƏSUVARL

image-g5_0 image-g3_0-768x615 image-suha2-768x575

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki