Qloballaşan çağdaş dünyamız çox ciddi siyasi-iqtisadi proseslərin astanasındadır. Siyasi ekspertlər planetimizdə baş verənləri dünyanın yeni nizamının formalaşması, dövlətlərarası münasibətlərin yenidən inşa olunması ilə izah edirlər.
Dünyada söz sahibi olan aparıcı ölkələrdən tutmuş kiçik ölkələrə kimi bütün dövlətlərin bu nizamda mümkün qədər əlverişli mövqe sahibi olma istədiklərini açıq-aşkar görürük. Dövlətlərarası tərəfdaşlıq münasibətlərinin mövcudluğuna nəzər yetirsək, bəzi regionlarda keçmiş müttəfiqlərin, hətta qonşu ölkələrin bir-biri ilə bir çox məsələlərdə razılaşmaması siyasi nəzəriyyədə bir o qədər də asan izah olunan məsələlər kimi görünmür.
Tarixən yaxın dost və mehriban qonşular olan Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsi və bir müddət sonra sabitləşməsi üzrə davam etdirilməsi regionda baş verən qəliz siyasi məsələlər fonunda müşahidə edilən vacib elementlərin tərkib hissəsidir. Əvvəlcə, onu qeyd edək ki, Azərbaycanla İran dünya coğrafiyasında və siyasi münasibətlər arealında biri-biri ilə tarixi, mədəni bağlara malik dövlətlərdir.
Tarixə nəzər yetirdikdə, İranın dövlətçilik ənənələrinin formalaşmasında, ölkənin inkişafında və qüdrətlənməsində, mədəni tərəqqisində orada yaşayan azərbaycanlıların böyük rol oynadığının şahidi oluruq.
Azərbaycan dövləti qonşu ölkələrdən hər hansı biri ilə münasibətləri gərginləşdirməyə, siyasi prinsiplərə əsasən öz məqsədlərini reallaşdırmağa cəhd etməyib. Biz bütün qonşularımızla, hətta dövlət sərhədimizin delimitasiya olunmadığı, ərazilərimizin 20 faizini 30 il işğalda saxlamış Ermənistanla belə normal münasibətlərin bərqərar olunmasına can atırıq. İşğal altında olan torpaqlarımızda Azərbaycan xalqına məxsus bütün maddi-mədəni irsimiz məhv edilib, məscidlərimiz dağıdılıb. Bu faktlar aparıcı beynəlxalq təşkilatların, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının çoxsaylı qərar və qətnamələrində öz əksini tapıb və pislənilib.
Lakin qonşu ölkə sayılan İranın erməni vandallarının xalqımızın başına gətirdiyi vəhşiliklərə qarşı hansısa rəsmi münasibətini təəssüf ki, görmədik. Baxmayaraq ki, daim Azərbaycanın İrana qarşı xoşməramlı münasibətinin şahidi olmuşuq. Zaman-zaman Azərbaycan tərəfinin sülhə və sabitliyə köklənmiş bəzi siyasi addımları, yürütdüyü müəyyən xarici siyasəti İranın siyasi dairələri tərəfindən heç də həzm olunmayıb. Vaxtaşırı iki ölkə münasibətlərindəki gərginliyin arxasında bir neçə əsas səbəbi göstərə bilərik.
Sirr deyil ki, İran Cənubi Qafqazda hər zaman öz nüfuzunu qorumağa çalışıb. Azərbaycanın regionda söz sahibi olması, digər qonşu ölkələrlə sabitlik və inkişafa xidmət edən əməkdaşlıq əlaqələri, getdikcə güclü dövlətə çevrilməsi İranı narahat edən faktorlar sırasında olub. Bundan başqa, İran Azərbaycanın İsraillə yaxınlaşmasını özü üçün birbaşa təhlükə mənbəyi hesab edib.
Digər tərəfdən, qardaş Türkiyə ilə Azərbaycanın günü-gündən inkişaf edən hərtərəfli əməkdaşlıq əlaqələrinə İranı narahat edən məsələlər sırasında baxmaq olar. Burdan da aydın görünür ki, İran bu əlaqələrin yüksələn xətlə inkiafını öz üçün ciddi maneə hesab edib. Ölkəmizin Tehrandakı səfirliyinə qarşı terror aktının törədilməsi, səfirlik əməkdaşının qətlə yetirilməsi, əlbəttə ki, insanlarımızı məyus etməyə bilməzdi.
Belə arzuolunmaz hadisələrin baş verməsi yalnız münasibətləri gərginləşdirə bilərdi. Bu arada, əsas məsələyə diqqət yetirmək yerinə düşər. Məlumdur ki, İranın daxilində 30 milyondan çox azərbaycan kökənli insan yaşayır. Ölkəmizin güclənməsi və bu ölkədə yaşayan soydaşlarımızın azarbaycançılığın tərəfində olması qonşu ölkəni narahat edən nəsnələrdən hesab olunur.
Ermənistan-Azərbaycan münaqişəsi zamanı dəfələrlə şahidi olduq ki, İran müsəlman qardaşlarının yanında deyil, əks tərəfə dəstək nümayiş etdirirdi. Qalib Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Zəfər qazandıqdan sonra, İran Ermənistanla qorduğu strateji əməkdaşlığı daha intensiv şəkildə davam etdirmiş oldu. Üstəlik, Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə ediləndə, İran min bir bəhanə ilə Azərbaycanın bu siyasətinə mane olmağa çalışdı. Bu da İranın Ermənistanla quru sərhədlərinin qorunması demək idi.
İslam dövləti əvvəldən maraqlı olub ki, Azərbaycanda dini cəhətdən təsir imkanlarını gücləndirsin. Amma Azərbaycan daxildə dünyəvi dövlət və hüququn aliliyinə hörmət bəsləyən ölkə kimi bütün dinlərə hörmətlə yanaşıb, onların sərbəst şəkildə fəaliyyətinə dəstək nümayiş etdirib.
Bu ənənə bu gün də davam etdirilir. Bəzi iranlı siyasi ekspertlər və dövlətə yaxın dairələr Azərbaycanın sürətli inkişafı, hərbi gücünün artmasını İran üçün ciddi təhlükə bənbəyi kimi görürlər. Onlar düşünürlər ki, Azərbaycan gücləndikcə, İrandakı azərbaycanlılar da daha çox azadlıq haqlarını tələb etməyə başlayacaqlar.
Bir neçə il öncə, Azərbaycanla sərhəddə qonşu ölkənin hərbi təlimlər keçirməsinin şahidi olduq. O zamanlar bu təlimləri Azərbaycan tərəfi anlaşılmaz hərəkət kimi qiymətləndirirdi. Bu cür hərəkətlər iki ölkə arasında gərginliyi daha da artırmaqdan başqa heç bir məqsədə xidmət edə bilməzdi.
Gərginləşən münasibətlər fonunda Azərbaycan və İran prezidentlərinin 2021-ci il noyabrın 28-də Aşqabadda görüşü zamanı iki ölkə arasında mövcud əlaqələrinin önəmi haqqında müzakirələr aparıldı. İki ölkənin tarixi dostluq münasibətlərinin ölkələrimizin və bölgənin ümumi inkişafına töhfələri nəzərə alınaraq, bu əlverişli şəraitdən istifadə edilməsi bir daha vurğulandı. Sevindirici haldır ki, bu gün həm İranın, həm də Azərbaycanın istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirləri üst-üstə düşür.
Azərbaycanın qonşu dövlətlərlə səmimi dostluq münasibətlərinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasət kursunun əsas istiqamətlərindən biridir. Bu baxımdan qonşu İranla münasibətlər də Azərbaycan üçün xüsusi önəm kəsb edən amillərdəndir. Əbəs yerə deyil ki, dövlətimizin başçısı may ayının 19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak edərkən söylədiyi nitqində bu layihələrin reallaşdırılmasını İran-Azərbaycan dostluğunun növbəti təzahürü adlandırmışdı.
Bu gün Cənubi Qafqazın qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi istiqamətində ölkəmizin irəli sürdüyü humanist təşəbbüslər dünya dövlətləri tərəfindən alqışlanır. Rəsmi Bakının həyata keçirdiyi ədalətli sülh siyasəti Azərbaycanın dövlətinin nüfuzunun daha da artmasına rəvac verir. Bütün bunların müqabilində, qonşu dövlət olan İran gec də olsa anlayır ki, Azərbaycanla sıx münasibət bölgədə sabitliyin önəmli şərtidir.
Əli Xansuvarlı