image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-19backend

Bayrağımızla yüksələn AND YERİMİZ – FOTO

image-728x90px

Azərbaycan xalqı müsəlman Şərqində ilk Demokratik Cümhuriyyəti qursa da, o dövrdə Qafqazdakı geosiyasi vəziyyət, işğal faktoru yeni yaranmış gənc dövlətin müstəqilliyinə son qoyub. Beləliklə, Azərbaycanın dövlət quruculuğu istiqamətində atacağı bir çox addımlar, o cümlədən hüququn aliliyinin təmin edilməsi, zəruri qanunlar, xüsusən Konstitusiya qəbul edilməyib.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Konstitusiyanın hazırlanması zərurəti

Bolşevik işğalından sonra Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə olub.

1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanın Konstitusiyası isə yeni dövrün çağırışları ilə səsləşməyib. Məhz bu kimi səbəblərdən yeni konstitusiyanın hazırlanması zərurətə çevrilib. Bunun üçün Prezident Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilib.

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, ümummilli lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli fərmanına əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlanıb.

Müstəqillik tariximizin mühüm hadisəsi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyan, müstəqil Azərbaycanın ilk Konstitusiyası hesab olunan Ana Qanunumuz 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib.

24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər, habelə yeni 6 maddə əlavə edilib.

Dövlətin bütöv hüquq sisteminin özəyi

Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib ki, 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir. Onun sözlərinə görə, Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir:

“Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.

Müasir dövrümüzdə Azərbaycanın konstitusion dövlət kimi təşəkkül tapması, ölkədə ictimai-siyasi proseslərlə müşayiət olunan tarixi şərait bu müstəvidə fəaliyyət göstərən görkəmli siyasi liderlərin dinamik mübarizə xətti ilə bağlıdır. Konstitusiya mövcud dövlətin bütöv hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının əksəriyyətinin maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktdır”.

Qürurla yaşadığımız tarixi zəfərlərimizin əsası

Vitse-spiker bildirib ki, konstitusiyaların keyfiyyətləri onun yüksək hüquqi qüvvəyə malik olması və hüquq sisteminin fundamental mənbəyi kimi çıxış etməsidir:

“Əvvəla, konstitusiya normaları digər normalara münasibətdə prioritet mövqedən çıxış edir. İkincisi, qanunlar və digər qanun qüvvəli aktlar Konstitusiyada müəyyən edilən qayda və prosedura uyğun qəbul edilməlidir.

Məlum olduğu kimi, konstitusiya dövlətin əsas qanunu olması etibarilə mövcud dövlətin və dövlətçilik ənənələrinin formalaşmasında ən ümumi ictimai münasibətlər kompleksini, ictimai quruluşun əsaslarını, şəxsiyyətin hüquqi statusunu, dövlət hakimiyyət orqanlarının sistemini, yerli özünüidarəetmə strukturlarını və hüquqi mexanizmləri tənzimləyən normativ-hüquqi akt və ya prinsiplərin modifikasiyasıdır.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Bu baxımdan bu gün qürurla yaşadığımız tarixi zəfərlərimizin əsası həm də dövlətin təməl şərti olan Konstitusiyanın qəbuluna bağlıdır. Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması bu gün Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb.

Bu Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub. Bu gün Azərbaycan Konstitusiyası arxasında dövlətin gücü duran və bayrağımızla yüksələn and yerimizə çevrilib”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki