image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-1backend

Kənd təsərrüfatı eksperti: “Azərbaycan çay idxalından ciddi şəkildə asılıdır”

image-728x90px

“Azərbaycanın çay istehlakı da az deyil. İxrac həcmində də kifayət qədər artım var. Lakin daha çox idxalımız mövcuddur. İdxaldan ciddi şəkildə asılıyıq. 7 min ton çay idxal ediriksə, 1000 ton ixrac edirik. İxracın artımına səbəb idxal etdiyimiz məhsulun bir hissəsini yarımfabrikat kimi ölkəyə gətirib, sonra istehsal edib, ixrac etməyimizdir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 6 263,69 min ABŞ dolları dəyərində 1 081,75 ton çay ixrac edib. Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, bir il öncəki göstəricidən 49 və 95 faiz çoxdur. Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,03, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,43 faizə bərabər olub. Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 35 346,18 min dollar dəyərində 7 146,03 ton çay idxal olunub. 2021-ci ilin yanvar-iyun ayının göstəricisi ilə müqayisədə çay idxalının dəyəri 12 faiz artıb, həcmi isə 6,2 faiz azalıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,56 faiz təşkil edib. 2022-ci ilin ilk altı ayında (2021-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 5,6 dəfə, həcm ifadəsində isə 6,6 dəfə üstələyib. Statistika göstərir ki, satdığımız çay artıb, aldığımız isə azalıb. İxracın artması yaxşı haldır? Bəs çay ixracımızı daha da artırmaq üçün hansı tədbirləri görə bilərik?

Mövzu ilə bağlı “Kaspi” qəzeti mütəxəssislərin fikrini öyrənib.

Çay ixracı üçün imkanlarımız mövcuddur

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının direktoru Fərman Abdullayev bildirdi ki, çay ixracı üçün imkanlarımız mövcuddur: “Yerli çay məhsulumuzu ixrac etmək yaxşı haldır. İxracı davam etdirmək üçün də yaxşı imkanlarımız var. Bunun üçün yeni çay plantasiyalarının salınmasına ehtiyac duyulur. Lakin yeni çay plantasiyalarının əkilməsi və tam məhsula düşməsi üçün böyük zəhmət və vəsait tələb olunur. Yaxşı olardı ki, yeni əkilən çay sahələri üçün birdəfəlik subsidiyalar ayrılsın”.

Əlavə tədbirlər görmək lazımdır

F.Abdullayev qeyd etdi ki, çay əkinini artırmaq üçün əlavə tədbirlər görmək lazımdır: “Yeni çay plantasiyaları elmi əsaslarla salınmalıdır. Belə ki, çay əkini üçün torpaq sahəsinin düzgün seçilməsinə, perspektivli sortlardan qələm (çilik) üsulu ilə əkin materialının yetişdirilməsinə, intensiv əkin texnologiyasından istifadə etməyə, müasir suvarma sisteminin qurulmasına, aqrotexniki becərmə işlərinin həyata keçirilməsi üçün xüsusi texnikaların alınmasına və s. ehtiyac var”.

Çay plantasiyaları o qədər də çox deyil

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli isə dedi ki, istehsalın artması əkin sahələrinin böyüməsi hesabına deyil: “Ölkəmizdə çay əkini ilə bağlı ərazi o qədər də çox deyil. Elə də ciddi artım yoxdur, cəmi 1000 hektar əkin sahəsi var. Son illərdə məhsuldarlıq hesabına rəsmi rəqəmlərlə cəmi 1200 ton yaşıl çay yığılır. Son 4 ildə istehsalda 40 faiz artım var. Bu, daha çox hektar başına alınan məhsulun, yəni məhsuldarlığın artması hesabına olub. Əkin sahələri böyüməyib, məhsuldarlığın artması hesabına istehsal həcmi artıb”.

İdxaldan ciddi şəkildə asılıyıq

Ekspertin sözlərinə görə, idxalımız ixracımızdan daha çoxdur: “Azərbaycanın çay istehlakı da az deyil. İxrac həcmində də kifayət qədər artım var. Lakin daha çox idxalımız mövcuddur. İdxaldan ciddi şəkildə asılıyıq. 7 min ton çay idxal ediriksə, 1000 ton ixrac edirik. Yəni idxal ixracdan 7 dəfə çoxdur. İxracın artımına səbəb idxal etdiyimiz məhsulun bir hissəsini yarımfabrikat kimi ölkəyə gətirib, sonra istehsal edib, ixrac etməyimizdir. Bu da əlavə dəyər yaradır. Yəni ölkəyə valyutanın çıxışından çox gəlişini təmin edir. İxracın nisbətən artmasına bir səbəb də budur”.

Məhsuldarlığın artırılması imkanları məhduddur

C.İbrahimlinin fikrincə, əkin sahələrini artırsaq, istehsal da çoxalar: “Əlimizdəki mövcud əkin sahələri ilə məhsuldarlıq normaldır. 1 hektardan yaşıl çay kütləsinin yığımı 17 sentnerdir. Burada məhsuldarlığın artırılması imkanları məhduddur. Ancaq əkin sahələrinin artımı hesabına çayın istehsalını artırmaq mümkündür. İdxaldan asılılığın aradan qaldırılması üçün xammal istehsalının artırılması lazımdır. Daxili istehsalın artması hesabına ixracın artması təmin olunsa, bu, daha məqsədəuyğun olardı”.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki