image-2000x150px
image-123
image-ads_atlas
image-91eb25824e2bb3f66fc8044e95f24d12backend

Taxıl paxırı açır – cəmi 1 milyon…

image-728x90px

Buğda əkinləri artırılır, bu, təhlükəsizliyi təmin etməyə imkan verəcəkmi?

Azərbaycanda buğda əkinlərinin sahəsi genişləndirilir. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, ölkədə 2023-cü ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir . 2022-ci il dekabrın 24-ü vəziyyətinə 1054,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpin aparılmış sahənin 98,7 faizini və yaxud 1041,1 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, bunun da 646,2 min hektarı buğda, 394,8 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür.

2021-ci ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,5 faiz, o cümlədən buğdanın səpin sahəsi 7,3 faiz artırılıb, arpanın səpin sahəsi 4,6 faiz azaldılıb.

Qeyd edək ki, ötən il Rusiyanın Ukraynaya hücumundan sonra dünya ərzaq bazarında kəskin bahalaşma baş verib. Xüsusilə Ukrayna və Rusiyanın ən böyük oyunçulardan olduğu taxıl qiymətləri 40 faizə yaxın bahalaşıb. Qlobal bazarda yarana biləcək taxıl qıtlığını nəzərə alan Azərbaycan hökuməti ölkənin təhlükəsiz buğda təminatına nail olmaq, həmçinin yerli istehsalın payını artırmaq üçün bir sıra addımlar atıb. Buna görə də ölkənin strateji ərzaq məhsulu olan buğda ilə təminatı ötən il Azərbaycanda ən çox gündəmə gələn məsələlərdən birinə çevrilib.

Azərbaycanda yazlıq buğda əkini sahəsi 2.2 dəfə artırılıb – RƏSMİ - FED.az

Məlumdur ki, Azərbaycanın ərzaqlıq buğdaya olan tələbatının çox mühüm hissəsi idxal hesabına təmin olunur. Rəsmi statistika idxaldan asılılığı 60 faiz, müstəqil mənbələr isə 75 faiz civarında qeyd edirlər. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə görə, ötən il Azərbaycanda buğda istehsalı azalaraq 1 milyon 736 min ton təşkil edib. 2021-ci ildə bu rəqəm 1 milyon 885 min ton olmuşdu. Bu isə ötən il Azərbaycanda buğda istehsalında 149 min ton və ya 8 faizə yaxın azalmanın baş verdiyini göstərir. Açıqlanan göstəricilərdən aydın olur ki, buğda istehsalının azalması məhsuldarlığın aşağı düşməsindən və buğda əkini sahəsinin azalmasından qaynaqlanıb. Məsələn, 2022-ci ildə hər hektardan 31.9 sentner məhsul götürülüb. 2021-ci ildə bu rəqəm 32.9 sentner olub. Deməli, ötən il fermerlər hər hektardan 1 sentner daha az buğda yığa bilib. Məhsul yığılan sahələrin həcmi də həmin müddətdə 572 min hektardan 547 min hektara düşüb.

DSK-nın rəqəmləri buğda ilə yanaşı, arpa və qarğıdalı istehsalında da azalmanı üzə çıxarır. 2022-ci ildə arpa istehsalı biröncəki illə müqayisədə 1 milyon 146 min tondan 1 milyon 100 min tona enib. Arpanın məhsuldarlığı il ərzində hər hektarda 2 sentner azalıb. Qarğıdalı istehsalı isə 287 min tondan 275 min tona enib. Qarğıdalının hər hektara düşən məhsuldarlığı il ərzində 3 sentner azalıb. Ötən il toplam 3.16 milyon ton taxıl yetişdirilib. Bu o deməkdir ki, 2021-ci illə müqayisədə Azərbaycanda taxıl istehsalı 6 faiz, yəni 202 min ton azalıb.

İstehsalın azalması idxalın artımını şərtləndirib. Gömrük statistikasına əsasən, 2022-ci ilin 11 ayı ərzində Azərbaycan xaricdən 398 milyon dollar dəyərində 1 milyon 168 min on buğda gətirib. 2021-ci ilin 11 ayı ərzində Azərbaycana 287 milyon 558 min dollar dəyərində 1 milyon 17 min ton buğda idxal edilmişdi. Bu o deməkdir ki, idxal 15 faizə yaxın artıb. 2022-ci ilin 11 ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın bir tonunun orta qiyməti 341 dollar olub. 2021-ci ilin eyni dövründə isə orta qiymət 282 dollar təşkil etmişdi. Deməli, il ərzində buğdanın bir tonunun orta idxal qiyməti də 20 faizdən çox artıb.

Buğdanın alış qiyməti 50 faizə yaxın artırıldı: Çörək bahalaşır? -

İdxalın bahalaşması dünyanın ən çox çörək istehlak edən ölkələrindən biri olan Azərbaycanda 2022-ci il ərzində çörəyin 50 faizdən çox bahalaşmasına gətirib çıxarıb.

Qlobal buğda bazarında baş verən volatillik fonunda Azərbaycan bu məhsulun idxalını diversifikasiya etməyə çalışıb. Belə ki, ölkənin bu məhsulla təminatında Qazaxıstanın rolu yenidən artmağa başlayıb. Ötən ilin 11 ayını əhatə edən idxal əməliyyatlarına dair hesabatdan aydın olur ki, Azərbaycan Qazaxıstandan 252 min ton, Rusiyadansa 911 min ton yumşaq buğda idxal edilib. Yəni Rusiyanın buğda idxalındakı payı təxminən 78 faiz təşkil edib. Halbuki 2021-ci ilin eyni dövründə bu göstərici 83 faiz idi.

Azərbaycanda rəsmilər buğda ilə özünütəminat səviyyəsinin, məhsuldarlığın aşağı olmasını ölkədə keyfiyyətli torpaqların, həmçinin su ehtiyatlarının məhdudluğu ilə əsaslandırırlar. Elektron kənd təsərrüfatı informasiya sistemindəki qiymətləndirmələr göstərir ki, ümumi buğda əkinlərinin təqribən 38 faizi dəmyə ərazilərdə həyata keçirilir, 64 faizi formal olaraq suvarılan hesab olunur. Bu 64 faiz suvarılan ərazilərin 43 faizində ciddi su problemləri mövcuddur, bu da ümumi buğda sahələrinin 26 faizini təşkil edir. Beləliklə, 38 faiz dəmyə, 26 faiz isə suvarma problemləri olan ərazilərdir. Yəni bizim 64 faiz buğda əkinimiz suvarma problemləri olan və ya suvarma olmayan ərazilərdə həyata keçirilir ki, buna görə də bizim məhsuldarlığımız orta hesabla 31-32 sentner təşkil edir.

Lakin müstəqil ekspertlər hesab edirlər ki, Azərbaycanda torpaq və su ehtiyatları buğda ilə özünütəminat səviyyəsini təhlükəsiz səviyyəyə çatdırmaq üçün yetərlidir. Bunun üçün əkinlərin səmərəli planlanması, suya qənaətli suvarma sistemlərinin tətbiqi lazımdır. Bu işlər isə irihəcmli investisiya qoyuluşu və müəyyən zaman tələb edir. Ona qədərsə Azərbaycan torpaq ehtiyatları bol olan ölkələrdə torpaqları icarəyə götürərək buğda yetişdirməklə bu və ya digər ölkələrdən asılılığını azalda bilər.

Prezident İlham Əliyev 2022-ci ilin yanvar ayında bildirmişdi ki, rəsmi Bakı ölkənin daxili tələbatını ödəmək üçün məhsul yetişdirmək və Azərbaycana gətirmək məqsədilə başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqların icarəyə götürülməsi mümkünlüyünü istisna etmir. Daha sonra dövlət başçısı AzTV-yə müsahibəsində qeyd edib: “Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaq”.

Dövlət başçısının açıqlamasından az sonra Azərbaycan şirkətlərinin Ukraynada torpaq icarələyərək buğda yetişdirəcəyinə dair məlumatlar yayıldı. Lakin məlum müharibənin başlanması bu müzakirələrin aradan qalxmasına səbəb oldu. Məsələ bir də 2022-ci ilin oktyabrında – Azərbaycan və Moldova hökumətlərarası komissiyasının iclasından sonra gündəmə gətirildi. Məlum oldu ki, iclas zamanı Azərbaycanın Moldovada dənli bitkilərin yetişdirilməsi üçün torpaq icarəyə götürməsi məsələsi də müzakirə olunub. Bu məlumat rəsmi təsdiqlənməsə də, təkzib də olunmadı.

Azərbaycan hökuməti müasir suvarma sisteminə əsaslanan keyfiyyətli buğda istehsalını stimullaşdırmaq üçün 2022-ci ildə bir sıra addımlar atıb. Prezidentin iyulda imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanına əsasən 5 il müddətində pilot suvarma sistemindən istifadə edərək keyfiyyətli məhsul yetişdirən hüquqi və fiziki şəxslərə dəyirman və Dövlət Taxıl Fonduna təhvil verdikləri məhsula görə subsidiya ayrılacaq. Aqrar Subsidiya Şurasının qərarına əsasən bu sibsidiyanın həcmi hər tona görə 100 manat təşkil edəcək. Eyni zamanda dövlət pivot suvarma sistemlərinin idxalını da subsidiyalaşdırır – dəyərin 60 faizini qarşılayır, qalan 40 faiz üçünsə güzəştli kredit ayırır.

Qeyd edək ki, hələlik ölkədə pivot suvarma sistemi ilə təmin olunan buğda sahələri daxili tələbatı tam təmin edəcək istehsal imkanına malik deyil. Belə sahələr əsasən aqroparklardadır: 21,7 min ha. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, ümumilikdə 41 min buğda əkini sahələrindən 2022-ci ildə 152 min tondan çox məhsul istehsal edilib. Bu il ölkədəki 51 aqroparkdan 40-da taxıl əkilib. Əkinlərdən 88,8 min ton ərzaqlıq, 31,4 min ton toxumluq, 32 min ton isə yemlik buğda toplanıb. Buğda istehsalı üzrə orta məhsuldarlıq 3,7 ton/ha təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən (3,2 ton/ha) yüksəkdir.

Aqroparkların 21,7 min hektarlıq pivotaltı sahələrində isə orta məhsuldarlıq 4,5 ton/ha olub. Bu il aqroparkların pivotaltı sahələrində buğda əkinini 52  faiz və yaxud 11,3 min hektar artırmaqla 33 min hektara çatdırmaq nəzərdə tutulur. Növbəti 5 il ərzində pivotaltı sahələrin 100 min hektara çatdırılması, aqroparklarda ərzaqlıq buğda istehsalının 2023-cü ildə 143 min tona yüksəldilməsi proqnozlaşdırılır.

Aydın məsələdir ki, yalnız aqroparklar hesabına ölkənin ərzaqlıq buğda təminatını nəzərdə tutulan 80 faizə çatdırmaq mümkün deyil. Bunun üçün əkin planlanmasında prioritetin buğdaya verilməsinə ehtiyac var. Hazırda bir neçə yüz min hektar suvarılma imkanlı sahə pambıq, şəkər çuğunduru, tütün və digər strateji önəm daşımayan bitkilərin əkinlərinə ayrılıb. Bu siyasətin dəyişməsi, əkin planlaşmasının buğda istehsalının əsas prioritet sayılaraq aparılmasına ciddi ehtiyac var…

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki