image-2000x150px
image-123
image-ads_atlas
image-perbackend

Minimum əməkhaqqının rolu və əhəmiyyəti qaneedicidirmi?

image-728x90px

Pərviz Heydərov yazır…

Minimum əməkhaqqının artması dövlət sektorunda və özəl sektorda çalışanların maaşlarına da təsir edir. Belə ki, birincisi bu, ölkə üzrə ən aşağı əməkhaqqı səviyyəsi sayıldığından işəgötürənin aşağı maaş təklif etmək ixtiyarı yoxdur, ikincisi isə sözügedən göstərici dövlət sektorunda, yəni büdcədən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarını da müəyyən edir. Söhbət, maaşları 19 pilləli vahid tarif cədvəli (VTC) ilə tənzimlənən 700 min nəfər işçidən gedir.

Son 4 ildə sözügedən göstərici 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. 2019-cu ildə iki dəfə artırılsa da, sonuncu dəfə keçən il yüksəldilmişdi. Nəticədə də əhalinin gəlirləri qeyd olunan illər ərzində əvvəlki illərə nisbətən, daha çox və sürətlə artmışdı.

Ümumiyyətlə, minimum əməkhaqqının artırıldığı illər sırasında 2019-cu il seçilib. Həmin ilin mart və sentyabr ayları 2 sosial paket icra edilməklə minimum əmək haqqı 130 manatdan mərhələ ilə 250 manata qaldırıldı. Sözügedən göstərici ilk dəfə olaraq ölkə üzrə müəyyən edilən yaşayış minimumu göstəricisini keçdi. Hərçənd ki, illərdir hökumət məhz buna çalışırdı.

Hazırda minimum əməkhaqqı yaşayış minimumu, həmçinin ehtiyac meyarı göstəricisindən (2023-cü ildən hər ikisi 246 manat edilib) 40,2% yüksək olmaqla daha böyük məna kəsb edir.

Lakin sözügedən göstərici ilə bağlı yenə də hər şey tələb olunan vəziyyətdə deyil. Yəni, onun həddi ilə yanaşı, əhəmiyyəti, rolu artırılmalıdır.

Məsələn, bilavasitə 345 manatla bağlı, ölkə başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində qeyd etdi ki, bu, hələ qaneedici deyil və bütün addımlar imkan daxilində atılır.

Sözügedən göstərici 1 yanvar 2023-cü il tarixdən 15% deyil, daha çox, yəni 20-25% də artırıla bilərdi. Ölkəmiz 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqını orta aylıq əməkhaqqı səviyyəsinin 60% hissəsinə çatdırmağı üzərinə öhdəlik götürmüşdü. Bu səbəbdən də 2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilə qədər sözügedən məsələ əsas hədəf olaraq seçilmişdi.

Lakin, ötən il ölkədə orta aylıq əməkhaqqı göstəricisinin təxminən 830 manat olduğunu nəzərə alsaq 345 manat bunun hələ 42% hissəsi edir. Niyə?

Çünki bu məsələdə düşünülməmiş addım atmaq olmaz. Minimum əməkhaqqının əsassız artımı ilk növbədə dövlət sektorunda çalışan 700 min nəfərin aylıq tarif (vəzifə) maaşlarını inflyasiyanın yeminə çevirə bilər.

İkincisi və ən mühümü isə minimum əməkhaqqının artımı işçilərin gəlirlərinə müsbət təsir etsə də, işəgötürənlərin yükünü, yəni xərclərini artırır. Söhbət, onların ödənişlərindən, həmçinin məcburi dövlət sosial sığorta haqlarından gedir.

Məcburi dövlət sosial sığorta haqqı qanunvericiliklə sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Bu sığorta zamanı sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir ki, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
Sığortaedənin ödədiyi sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22%-i, sığortaolunan üzrə isə – işçinin əməkhaqqı və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3%-i həcmində təşkil edir.

Sığorta haqqına cəlb olunan aylıq gəlir məbləğisə 200 manatdır.

Beləliklə, heç də hər şey göründüyü kimi sadə deyil. Bir tərəfdən inflyasiya amili, digər tərəfdənsə sahibkarların xərcləri və məcburi dövlət sosial sığorta haqları üzrə öhdəlikləri diqqətdə saxlanılmağı tələb edir.

Çünki söhbət, çox həssas məqamdan gedir. Minimum əməkhaqqı artırılan zaman yerli istehsal və xidmət sektorunda maya dəyəri qalxmaqla yanaşı, ümumən əməkhaqqıları da yüksəldiyindən inflyasiya amili üçün əsl şirnikləndirici vasitə yaranır.

Hesab edirəm ki, minimum əməkhaqqı artırılan zaman işəgötürənlərin və yaxud da işçi götürmədən fərdi sahibkarlıqla məşğul olanların məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərinin yüksəlməməsindən ötrü sığorta haqqına cəlb olunan aylıq gəlir məbləği 300 manata qaldırılsa, sığortaolunanın gəlirlərindən tutulan sosial sığorta haqqı dərəcəsi isə 3%-dən 2%-ə endirilsə daha məqsədəuyğun olardı.

Ümumiyyətlə, bu sahədə qanunvericilkdə dəyişikliklərə ehtiyac var. Ona görə ki, ölkədə sözügedən göstərici üzrə mexanizmin təsir və işlək xüsusiyyəti artmalı, minimum əməkhaqqından mümkün dərəcədə kiçik məbləğdə sosial ayırma və vergi tutulmalı, onun ölkədə əsas iqtisadi və sosial göstərici olaraq rolu və önəmi həlledici həddə çatdırılmalıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki