Saatlı rayonu ərazisində yerləşən və dövlət dəstəyi hesabına yaradılan aqroparkda növbəti mövsüm ilinə hazırlıq işləri görülür. Aqropark ərazisində 200 minə yaxın ağacın budanması və əlavə 120 min tingin əkilməsi işləri aparılır. Yanvar ayından başlayan işlərin mart ayına kimi başa çatması nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azadkənd kəndi ərazisindəki İD aqroparkının ərazisi 7 min hektara yaxındır və burada əsas hissəni bağçılıq təşkil edir. Hazırda aqroparkın nar bağlarında mövsümə hazırlıq işləri görülür. Sahəsi 280 hektar olan bağdakı ağaclar budanır, həmçinin cavan ağaclardan yeni tinglərin artırılması üçün çiliklər seçilir.
Aqroparkın aqronomu Əziz Həmidli deyir ki, parkda 200 minə yaxın ağac budanacaq: “Yanvar ayının əvvəllərindən budama işinə başlamışıq və mart ayında işləri bitirməyi planlaşdırırıq. Düzgün budama qaydası seçilməlidir ki, mövsümdən bol məhsul əldə etmək mümkün olsun. Zəif və zədələnən budaqlar kəsiləcək, nəticədə ağac sağlam budaqları daha çox qidalandıracaq”.
Düzgün budama qaydası, eyni zamanda, ağacın böyüməsini nizamlamağa imkan verir. Bağda ağacların hündürlüyü 2,5-3 metr arasında dəyişir, 3 metrdən çox hündürlüyü olan ağaclarda ucvurma ilə ağacın hündürlüyü nizamlanır. Bu da ağacların çətir formasında olmasına şərait yaradır və məhsul zamanı meyvələr gün şüasından yanmır.
Bağda ağacların budanması ilə yanaşı, çilik artırma işləri də görülür. Parkın digər aqronomu Rəşid Atakişizadə bildirir ki, ting artırmaq üçün çiliklər əsasən kəsilən sağlam və cavan budaqlardan seçilir: “Çiliklər bağın budanan hissəsində olan minimum birillik ağaclardan seçilir və 25-30 santimetr uzunluğunda kəsilir. Kəsilən çiliklərin üzərində ən azı 4 göz saxlanılması vacibdir. Standart ölçüdən kəsilən çiliklər 50 ədədlik bağlamada çay qumuna basdırılır ki, nəmliyi qorunub saxlansın. Bu çiliklər bir ay müddətində qumda saxlanıldıqdan sonra ting artırılma mərhələsinə hazır olur. Çiliklər öncədən hazırlanan ting becərmə yerlərində bir il müddətində böyüdülür, daha sonra sahələrə köçürülür. Bu il 120 min çilik hesabına növbəti ildə nar bağının daha 100 hektar artırılması nəzərdə tutulur”.
Qeyd edək ki, dövlət dəstəyi hesabına yaradılan aqroparkda təkcə nar bağı deyil, həm də badam bağları, şaftalı, ərik və digər meyvə bağları var. Aqropark ərazisində bağçılıqla yanaşı, mövsümü əkinlər də yer alır, burada pambıq, arpa və buğda, yonca bitkisi becərilir. Aqroparkın fəaliyyəti həm də ərazidə iş yerlərinin açılmasına şərait yaradıb. Burada 164 daimi işçi, mövsümlə əlaqədar isə əlavə 300-400 nəfər çalışan olur. Aqroparkın nar məhsulu daxili bazarla yanaşı, xaricə satılır. Məhsul əsasən MDB ölkələrinə ixrac olunur. Hətta aqroparkda becərilən məhsulun ötən illərdə Avropa bazarına da satışı gerçəkləşib.
DOĞRU.AZ