image-2000x150px
image-123
image-ads_atlas
image-mabackend

Mahir Qurbanovun Xocalı ilə bağlı məqaləsi İspaniya mətbuatında

image-728x90px

Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanovun Xocalı ilə bağlı məqaləsi İspaniyanın tanınmış “El Mundo Financiero” saytında dərc olunub.

Məqalədə deyilir ki, 1991-ci ilin oktyabr ayından etibarən Xocalı rayonu tam olaraq er­mə­ni qüvvələri tərəfindən mühasirəyə alınıb. 30 oktyabr tarixində ra­yonla yerüstü əlaqə kəsilib və helikopter yeganə nəqliyyat vasi­təsinə çevrilib. Lakin 40 nəfərin ölümü ilə nəticələnən mülki helikopterin Şuşa şəhəri üzərində vurulması hadisəsindən sonra bu xidmət də öz fəaliyyətini dayandırıb. 1992-ci ilin yanvar ayından etibarən Xocalıya elektrik təchizatı da kəsilib. Şəhər ancaq əhali­nin cəsurluğu və müdafiəçilərin qəhrəmanlığı sayəsində yaşayıb.

Şübhəsiz Xocalıda baş verənlər münaqişənin ən irimiqyaslı qırğını olub. Bütövlükdə, hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib. 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə bir edilib. Həmin faciəli gecə zamanı 487 nəfər Xocalı sakini şikəst edilib və onlardan 76 nəfəri uşaq olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirib. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb.

Xocalı hadisələri Ermənistan Respublikasının keçmiş prezidenti Serj Sarqsyanın qanunsuz separatçı rejimin “Özünümüdafiə Qüvvələri Komitəsi”nin rəhbəri olduğu dövrdə baş verib və bu səbəbdən onun xatirələri bu sahədə sübut üçün ən vacib mənbələrindən biridir. Sarqsyanın aşağıdakı sözləri Xocalıda törədilmiş cinayətlərin icraçıları barədə heç bir şübhə qoymur: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bunu [stereotipi] qıra bildik. Və budur baş verənlər”.

Mahir Qurbanov onu da vurğulayıb ki, 1991-ci ildə SSRİ-nin ləğvi onun keçmiş sərhədi daxilində bir sıra etnik münaqişə və müharibələrin kəskinləşməsi ilə müşahidə olunub. Nəti­cədə, Ermənistanın tarixi Azərbaycan torpaqlarına ərazi iddialarından irəli gələn və Cənubi Qafqazın müasir tarixinin ən mübahisəli məsə­lələrindən biri olan Dağlıq Qarabağ münaqişəsi 1991-1994-cü illərdə qaynar müharibəyə səbəb olub. Hərbi əməliyyatlar qeyri-mütənasib imkanlarla aparıldığı üçün müharibənin nəticələri Azərbaycan üçün dəhşətli olub və keçmiş SSRİ silahlı qüvvələrinin aşkar dəstəyi ermə­nilərin Azərbaycanın ərazi bütövlüyünü pozaraq torpaqlarının 20%-ni işğal etməsinə gətirib çıxarıb. Hərbi təcavüzlər Azərbaycan üçün təkcə ərazi itkisi deyil, bu həm də ölkənin mədəni irsini da­ğıdaraq, qaçqın və məcburi köçkün böhranına səbəb olub, ölkə iqtisa­diy­yatına dəhşətli zərbə vurub.

Və 5 avqust 2019-cu il tarixində Xankəndidə baş tutan mitinqdə Ermənistanın Baş naziri Nikol Paşinyanın “Artsax Ermə­nis­tan­dır, nöqtə” bəyanatı baş tutacaq ciddi danışıqlar ehtimalını məhv edib. Əlavə olaraq, Ermənistanın müdafiə naziri David Tonoyan 2020-ci ilin mart ayında Nyu Yorkda “sülh üçün ərazi” siyasətinin “yeni ərazilər üçün yeni müharibə” siyasəti ilə əvəz olunduğunu bəyan edib və bununla da münaqişənin sülh yolu ilə həllinə heç bir yer qoy­ma­yıb. Lakin 2020-ci ilin yayında Ermənistanın Azərbaycanın bey­nəlxalq səviyyədə tanınmış sərhədlərini pozaraq, münaqişə zo­na­sından kənarda yerləşən Tovuz rayonuna hücum etməsi mövcud vəziyyətin daha da gərginləşməsi üçün son səbəb olub. Tovuz rayonundan keçən neft və qaz ixrac kəmərlərinin hədəfə alınması Avropanın enerji təhlükəsizliyini təhdid edib. Bu baxımdan, Er­mə­nistan tərəfindən sonrakı aylarda atəşkəs rejiminin tez-tez pozul­ma­sına baxmayaraq, davamlı olmayan atəşkəs əldə edilib.

Məhz buna görə də Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edil­miş əraziləri işğaldan azad etməyə başlayıb. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbay­can Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatıb. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli atəşkəs müqaviləsi nəticəsində 1 dekabr tarixi etibarilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu 44 günlük müharibə Xocalının və Azərbaycanın bütün işğal olunmuş ərazilərinin uzun müddət davam edən işğalına son qoyub ki, bu da xocalılıların və məcburi köçkünlərin öz doğma yurdlarına böyük qayıdışına gətirib çıxaracaq. Belə ki, soyuq qışdan sonra yeni həyatın bərpası ümidi ilə xocalılar Xocalıda ba­dam ağacının yenidən çiçəklənəcəyinə ina­nırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Res­publikasının işğal olunmuş əraziləri azad edildikdən sonra iqtisadiy­yatın idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə ölkənin iqtisadi rayonlarının yenidən təşkili üçün 2021-ci il iyulun 7-də iqtisadi fəaliyyətlə məşğul olan rayonların yenidən təşkili haqqında “Azər­bay­can Respublikasında İqtisadi Rayonların Yeni Bölgüsü” Sərənca­mını imzalayıb. Fərmana əsasən, Xocalı Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocavənd, Şuşa və Tərtərlə birlikdə Qarabağ iqtisadi rayonuna daxil edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki