image-2000x150px
image-123
image-ads_atlas
image-5mnbackend

“Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını ifşa edir” mövzusunda vebinar keçirilib – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, Aprelin 26-da Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında” mövzusunda vebinar keçirilib.

Tədbir 23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Günü və 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunub.

Vebinarı giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, məkrli planlara görə, erməni dövlətində yeganə millət kimi qalan və yaşayan etnosun şüuru millətçilik dumanına bürünərək daha uğurla kök atmalı və bəhrələr gətirməli idi. Süni surətdə “müstəsnalıq” və “əzabkeşlik” haqqında miflər, digər xalqlara münasibətdə ambisiyalar və iddialar xalqın şüuruna yeridilərək təbii adilik alternativinin qarşısına sipər çəkir, “xüsusi missiya” mifi isə beynəlxalq hüququ, yəni müasir dünya quruculuğunun təməl daşı olduğunu rədd edir: “Bu növ mifologemləri dəstəkləyən, onlara yol açan hakimiyyət və ziyalı elita nəticədə özü də həmin uydurmaların qurbanına və dustağına çevrilir. Nəticədə hamı siyasi folklorun qəfəsinə düşür”.

Agentliyin rəhbəri bildirib ki, Vətən müharibəsində qazandığımızın tarixi Zəfər nəticəsində bütün erməni uydurmaları dağıldı. Bunun bariz nümunəsi Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən “yenilməz erməni ordusu” mifinin puç edilməsidir: “Biz faktiki olaraq bu ərazilərdə Azərbaycan xalqının məhv edilmiş maddi mədəniyyət irsi, dağıdılmış, yaxud tamamilə yer üzündən silinmiş müsəlman və türk mədəniyyəti abidələri ilə qarşılaşırıq. Tarixi həqiqət azərbaycanlıların keçmiş abidələrini qorumaq istəməməsində deyil, əksinə Alban xristian abidələrin ermənilər tərəfindən planlı şəkildə təhrif olunmasında, üzərindəki köhnə yazıların məhv edilməsi və abidələrin erməni mənsubiyyətinin “sübutlarına” çevrilməli olan yeni yazıların həkk edilməsindədir”.

Vebinarda çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, Ermənistan işğalda saxladığı əzəli torpaqlarımızdan azərbaycanlıların izlərini tamamilə silmək məqsədilə 30 il müddətində milli mədəni irsimizi məhv edib və ya saxtalaşdırıb. İşğal dövründə Azərbaycan mədəniyyətinin beşiyi Şuşada olan 300-dən artıq tarixi memarlıq abidəsinin əksəriyyəti tamamilə dağıdılıb.

Nazir müavini vurğulayıb ki, erməni işğalı zamanı bədnam qonşular tərəfindən mədəni irsimizə qarşı həyata keçirilən talançılıq və mənimsəmə faktları həmişə diqqət mərkəzində olub, bu problem müxtəlif platformalarda diqqətə çatdırılıb: “Dövlətimizin dünyada artan nüfuzu, gücü və qüdrəti sayəsində Azərbaycan həqiqətləri və milli mədəni irsimiz son illər beynəlxalq səviyyədə daha geniş təbliğ olunmağa başlamışdır. Bu mənada, UNESCO çərçivəsində fəaliyyətlərimizi xüsusilə vurğulamaq istərdim. Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyləri və şəxsi nüfuzu sayəsində Azərbaycanın mədəni irsi dünya miqyasında getdikcə daha çox tanınır”.

Sevda Məmmədəliyeva qeyd edib ki, hazırda dövlətimiz yaşayış məskənlərinə və mədəni irsə qarşı analoqu olmayan 30 illik terrorun nəticələrini aradan qaldırmaq üçün sürətli bərpa-quruculuq işləri ilə məşğuldur: “Mədəniyyət Nazirliyi olaraq Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonlarını əhatə edən dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinin ilkin monitorinqi həyata keçirilmişdir. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyekt (yeni aşkar olunmuş abidə) aşkara çıxarılmışdır. Müəssisələrin, demək olar ki, hamısı dağılmış vəziyyətdədir”.

Nazir müavini çıxışının sonunda deyib: “Azərbaycan xalqının 30 ildən artıqdır ki pozulan mədəni hüquqları dövlətimizin öz qüdrəti hesabına bərpa olunmaqdadır. İnanıram ki, işğaldan azad olunmuş ərazilərdə böyük sürətlə aparılan təmir-bərpa işlərindən sonra öz yurdlarına qayıdacaq sakinlər Qarabağın əsl ruhunu da geri qaytaracaq və Qarabağ yenidən regionun yüksək mədəniyyət mərkəzinə çevriləcək”.

Sonra təhsil naziri Emin Əmrullayev, insan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov mövzu ilə bağlı çıxış ediblər.

Daha sonra vebinarda professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında”, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, professor Kərim Şükürovun “İşğaldan azad edilmiş sənət abidələri, daşınan və daşınmaz tarix və mədəniyyət abidələrinə qarşı erməni vandalizmi” və Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlilinin “Qarabağın xristian abidələri barədə” mövzusunda məruzələri dinlənilib.

DOĞRU.AZ 

image-2mn image-3mn image-4mn image-1mn

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki