image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20220819-181817_gallerybackend

Kino, teatr, mətbuat günü olsa da, fotoqrafların günü yoxdur– Fotoqraflar ETİRAZ edir

image-728x90px

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan, gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlükə ilə də qarşılaşırlar. Bu gün onların -fotoqrafların günüdür. Dünya Fotoqrafiya və ya Dünya Foto Günü.

Həmin təqvim 2009-cu ildə avstraliyalı fotoqraf Korske Ara tərəfindən təsis edilib. İlk dəfə 2010-cu ildə qeyd olunan bu gün insanlara özlərini ifadə etməyə imkan verən və ictimaiyyətin diqqətini çəkən fotoqrafiya elminin və sənətinin qlobal bayramıdır.

Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday həştəqi vasitəsilə izləyiciləri ilə paylaşırlar.

Mediada çalışan fotoqraflarımız Medianews.az-a bu sənətin çətinliklərindən və üzləşdikləri  problemlərdən danışdılar.

Təhsil Nazirliyinin fotoqrafı Şahin Sərdarov həmkarlarını da bu gün münasibəti ilə təbrik edərək çalışdığı sənətin çətinliklərindən danışdı:

“Fotoqrafiyanın öz qolları var – məişət, jurnalist, art, texniki fotoqrafiya. Bunların hamısının özünün müəyyən çalarları var. Bəzən elə zənn edirlər ki, fotoqrafiya yalnız məişət üçün işlənilir və gündəlik toy, nişan şəkilləri çəkmək üçün istifadə edilir. Hərdən deyirlər ki, şəkil çəkməyə nə var ki, düyməni basırsan və foto hazırdır. Fotoqrafiya tarixin bir yazı vasitəsidir. Sən istədiyin vaxt onu açıb oxuya, çap olunmuş fotolara isə istədiyin vaxt baxa bilərsən. Ancaq müasir dövrün bizə verdiyi vasitələr daimi və qalıcı deyil. Hansısa informasiya vasitəsi, sayt bağlananda oradakı yazılar itir, ancaq çap olunmuş hansısa bir kitab, yaxud da şəkil daima yaşayır. Təəssüf hissi ilə qeyd edirəm ki, Azərbaycanda fotoqrafiya incəsənətin bir növü kimi tanınmır. Çəkmək və baxmaq hələ görmək demək deyil. İndi mobil telefonlarla da maraqlı fotolar çəkmək mümkündür. Ancaq sizi əmin edirəm ki, indi yeni çıxan filtirli proqramlardan fotoqrafların xəbəri yoxdur. Yəni insanları təbiilikdən uzaq göstərən o fotoları biz çəkmirik”.

Tanınmış fotoqraf, Doğru.Az MMC rəhbəri İlqam Cəbiyev deyir ki,  əsl fotoqraf çəkdiyi yüz kadrın içindən yalnız birini görə bilər:

“Fotoqraf çəkdiyi hər fotonun mühitini nəzərə almaqla yüz ölçüb-bir biçməlidir. Hamı fotoşəkil çəkə bilər, amma hər kəs əsl fotoqrafın gördüyünü görə bilməz.

Dünyanı fotoların yaddaşına köçürmək də asan məsələ deyil. Bunu bacaran, işini sevən, sənətinə hörmət edən bütün həmkarlarımı təbrik edirəm. Qoy, hər zaman insanları gülərüz çəksinlər. Fotoqraflarımız o  qədər gözəl şəkil çəksinlər ki, telefonla heç kim foto çəkməsin”.

Fotojurnalist Rüstəm Fərman hər bir fotoqrafın öz dəst-xəttinin olduğunuq qeyd edir:

“Azerbaycandakı Fotoqrafiya xarici fotoqraf sənətindən heç də geri qalmır. Beynəlxalq foto müsabiqələrdə fotoqraflarımız ən ön yerdə qərar tuturlar.  İndi yeni çıxan müasir mobil telefonlar sayəsində restoran fotoqrafları qazanc əldə edə bilmirlər. Çünki bu telefonlarla vətəndaşlar şəkil çəkməklə kifayətlənirlər. İnformasiya ya da foto dərhal paylaşılmazsa, gecikir. Biz fotojurnalistlər xəbər arxasınca gedir, hadisə yerindən çəkilən fotoları dərhal paylaşırıq. Hazırlanan materiallarla bərabər fotolar da böyük önəm daşıyır. Fotosu yaxşı olan yazı, daha çox maraq doğurur. Fotosuz yazı maraqsız olur. Bunun üçün də fotoqraf elə foto çəkməlidir ki, vətəndaşların diqqətini çəksin. O yazıdan çox foto özü danışsın”.

Tanınmış fotoqraf Valeh Arifoğlu bu sahəyə olan marağın getdikcə artdığını bildirdi:

“Fotoqrafiya sənətinə olan maraq bizdə sevinc hissi yaradır. Hazırda smartfonlarla gözəl fotolar çəkmək mümkündür.

Fotoqrafların  problemlərinə gəldikdə isə bu gün ən gündəmdə olan məsələ fotoqrafların müəllif hüquqları ilə bağlıdır. Bu da bizdə məyusluq yaradır.  Əziyyət çəkirsən, soyuqda, istidə, yanğında və sair çətin şəraitdə  foto çəkirsən, yayımlandıqdan sonra görürsən ki, sənin adın qeyd edilmir. Bu da insanın əziyyətinin itirilməsi deməkdir. Digər problemlərimizdən biri də odur ki, müstəqil fotoqraflar öz fotolarını satmaqda çətinlik çəkirlər.  Bizdə elə bir portal yoxdur ki, orada çəkdiyimiz fotoların satışını edək. Ölkəmizdə buna görə də müstəqil fotoqrafların sayı azdır. İstərdim ki, Azərbaycanda fotoya diqqət ayrılsın.  Kino, teatr, jurnalistika günü var, amma fotoqrafların günü yoxdur. İstərdim ki, biz də  fotoqrafların günü olsun və bu da bizim peşə bayramımız kimi qeyd olunsun. Arzu edərdim ki, hər hansı platforma yaradılsın fotoqraflar da orada öz məhsullarını satışa çıxarıb işlərini nümayiş etdisinlər”.

“Yeni Müsavat” media qurumunun foto, video reportyoru Elçin Əkbərov işinin çətinliyindən və üzləşdiyi problemlərdən danışdı:

“Fotoqrafları 3 yerə bölərdim- mediada çalışanlar, əsasən fotostudiyalarda çalışan, toy çəkənlər və ən sonda isə foto duyumu olan həvəskar fotoqraflar. Bu fotoqrafların hamısı demək olar eyni texnikadan istifadə edir. Amma media sahəsində çalışan fotoqrafları mən digər sahələrdə çalışanlardan daha üstün hesab edirəm. Çünki çəkilən hər bir şəklin mütləq bir xəbər yükü olmalıdır. Düzdür, son dövrlərdə mobil telefonların foto çəkim texnologiyasının üst səviyyədə olması ictimai-siyasi həyatda baş verən hər hansı hadisəni texniki peşəkarlıq tələb olunmadan, hər kəs tərəfindən rahatlıqla çəkilməsinə şərait yaradır.

Hətta elə media qurumları tanıyıram ki, ümumiyyətlə fotoqrafların əməyindən istifadə olunmasını zəruri saymırlar. Düşünürlər ki, telefonla da elə fotoqrafların gördüyü işi edə bilərlər. Lakin bu yalnış fikirdir. Əgər həmin media qurumu xəbərini ictimaiyyətə təqdim edərkən, yazdığı hər bir xəbərə necə peşəkarlıq və keyfiyyətlə yanaşırsa, foto və videoçəkimlərə də eyni dərəcədə yanaşmalıdır. Yalnız fotoqrafın olmadığı zaman, ekstrim bir hadisə olarsa, o zaman hadisənin təsvirini telefonla çəkmək olar.

Digər məni narahat edən bir məsələ, media sahəsində çalışan fotoqrafların müxbir olmadan hər hansı bir hadisəni yaza bilməməsidir. Mənim fikrimcə, müxbir necə ekstrim şəraitdə telefonla foto çəkməyi bacarırsa, fotoqraf da eyni situasiyada gördüklərini xəbər formasında yazmağı bacarmalıdır. Mən işlədiyim media qurumunda vəzifəm foto-müxbir olaraq gedir və müxbir olmadan da çəkdiyim hadisənin xəbərini yaza bilirəm.

Azərbaycan mühitində fotoqrafların işini çətinləşdirən digər bir məsələ cəmiyyətimizin foto və video çəkimindən ehtiyyatlanmağı, qorxmasıdır. Mən və digər həmkarlarım da bu məsələni tez-tez vurğulayırlar. Dünyanın bəlkə heç bir yerində foto çəkimlərə bu qədər aqressiv və qorxuyla yanaşılmır. Təsəvvür edin, mövzu üzrə şəhərdə fotoaparatla foto çəkirsən. Kənardan biri sənə yaxınlaşıb, “çəkmə”, “nəyi çəkirsən?” deyə reaksiya verir. Amma müşahidələrimdə onu da görmüşəm ki, telefonla çəkəndə insanlar o qədər də narahat olmurlar. Sanki fotoaparatla çəkilən, telefonla çəkiləndən daha təhlükəlidir. (Gülür). Dediyim odur ki, Fotoqrafları təbrik edirəm! Onlara işlərində uğurlar arzulayıram!”. 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki