İyulun 2-dən 4-dək Bakıda, Abşeron yarımadasında və Azərbaycanın əksər bölgələrində küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti Doğru.az-a məlumat verib.
Qeyd olunub ki, fasilələrlə əsəcək şimal-qərb küləyinin sürəti 13.9–20.7 m/san olacaq. Bu isə xüsusilə sahil zonalarında və açıq ərazilərdə narahatlıq yarada bilər.
Bununla yanaşı, iyulun 2-si günün ikinci yarısından etibarən həftəsonunadək bölgələrdə yağışlı və qeyri-sabit hava şəraiti gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağışlar əsasən qısamüddətli leysan xarakterli olacaq, şimşək çaxacaq, bəzi yerlərə dolu düşəcəyi ehtimal olunur.
Hidrometeoroloji proqnoza əsasən, çaylarda sululuğun artması, eləcə də Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sel keçəcəyi istisna edilmir.
Mütəxəssislər əhalini diqqətli olmağa, açıq havada uzun müddət qalmaqdan çəkinməyə və mümkün qədər təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırır.
DOĞRU.AZ