image-2000x150px
image-123
image-ads_atlas
image-522f119aa3b1de0c7e3551a7503208ecbackend

Dövlət Departamentinin hesabatı: “Azərbaycanda investisiya mühiti yaxşılaşır, korrupsiya isə…”

image-728x90px
Sərmayəçiləri cəlb edən əsas şərtlər nə zaman təmin ediləcək?

Dünyanın 160-dan çox ölkəsi və ayrı-ayrı ölkələrin iqtisadiyyatları üzrə 2022-ci ildə investisiya mühiti ilə bağlı ABŞ-ın dünya, o cümlədən Azərbaycan üzrə səfirliklərində və nümayəndəliklərində çalışan iqtisadçılar tərəfindən hazırlanmış hesabatlar ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib.

Dövlət Departamentindən verilən məlumata görə, hesabatlarda ölkələrin investisiya şərtlərinin yaxşılaşdığı sahələr, eləcə də ABŞ şirkətləri üçün biznes imkanlarına mane ola biləcək maneələr vurğulanır. Hesabatda Azərbaycanda investisiya mühiti ilə bağlı müəyyən irəliləyişlərin olduğu qeyd olunur: “Ciddi problemlər qalmasına baxmayaraq, Azərbaycanda ümumi investisiya mühiti yaxşılaşmaqda davam edir. Azərbaycan hökuməti xarici sərmayələri cəlb etməyə, iqtisadiyyatını şaxələndirmək üçün islahatlar həyata keçirməyə və özəl sektorun rəhbərlik etdiyi artımı stimullaşdırmağa çalışıb. Bununla belə, Azərbaycan iqtisadiyyatı hələ də neft və qaz hasilatından çox asılıdır ki, bu da ixrac gəlirlərinin təqribən 88 faizini və dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxunu təşkil edir.

Departament qeyd edir ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ildə 4,3 faiz azalmaya  qarşı 2021-ci ildə illik müqayisədə 5,6 faiz böyüyüb. İqtisadiyyatın pandemiyadan sağalması davam etdiyi üçün neft-qaz sektorunda artım 1,7 faiz, qeyri-neft sektorunda 7,2 faiz təşkil edib: “Neft-qaz sektoru tarixən xarici investisiyaların ən böyük hissəsini cəlb etsə də, Azərbaycan hökuməti iqtisadiyyatı şaxələndirmək üçün dörd qeyri-neft sektorunu da hədəf seçib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat/logistika”.

Gömrük Komitəsi ticarətin asanlaşdırılması və yerli məhsulların xarici bazarlara asan çıxışına öz töhfəsini verir - AZƏRTAC

Hesabatda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lüzumsuz icazə (lisenziya) növlərinin aradan qaldırılması, bir sıra qeydiyyat funksiyalarının ASAN-a verilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, vergi rejimində islahatların aparılması, sahibkarlıq subyektlərində bəzi yoxlamaların dayandırılması ilə bağlı tədbirlər müsbət qiymətləndirilib: “Biznes mühitinin inkişafı üçün əhəmiyyətli səylərə baxmayaraq, çoxşaxəli və rəqabətqabiliyyətli özəl sektorun yaradılması üçün lazım olan struktur islahatları hələ də ləng gedir və korrupsiya Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün əsas problem olaraq qalır. İqtisadiyyatda dövlətə bağlı holdinq şirkətlərinin kiçik bir qrupu üstünlük təşkil edir. Əqli mülkiyyət hüquqlarının müdafiəsi yaxşılaşsa da, kifayət qədər deyil. Məhkəmə sistemində şəffaflıq yoxdur”.

Ümumiyyətlə, amerikalı ekspertlərin fikrincə, Azərbaycanda xarici investisiyalar tam və qeyd-şərtsiz hüquqi müdafiədən istifadə edir, xüsusi hallar istisna olmaqla, aktivlər milliləşdirilə və ya mənimsənilə bilməz: “Fiziki şəxslər kommersiya müəssisələrində pay yaratmaqda, əldə etməkdə və sərəncam verməkdə sərbəstdirlər. Xarici vətəndaşlar, təşkilatlar və müəssisələr torpaq icarəyə götürə bilər, lakin torpaq sahibi ola bilməz. Azərbaycan hökuməti qeyri-qanuni müsadirə yolu ilə ABŞ-ın fiziki və ya hüquqi qurumlarına qarşı heç bir ayrı-seçkilik göstərməyib. ABŞ-Azərbaycan İkitərəfli İnvestisiya Müqaviləsi ABŞ investorlarına İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (ICSID) vasitəsilə investisiya mübahisələrini həll etmək imkanı verir”.

Hesabatda Azərbaycanda Vətən müharibəsindən sonrakı vəziyyət də əks etdirilir: “2020-ci ilin noyabrında Dağlıq Qarabağ münaqişəsində gərgin döyüşlərə son qoyan Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli (sülh) bəyannamənin açıqlanmasından sonra Azərbaycan hökuməti əvvəllər erməni separatçıların nəzarəti altında olan Dağlıq Qarabağ ətrafındakı ərazilərə yeni investisiyalar axtarır. Azərbaycanın 2022-ci il büdcəsində bu ərazilərin bərpası və yenidən qurulması üçün 2,2 milyard manat (1,3 milyard ABŞ dolları) vəsaitin ayrılması nəzərdə tutulub. Hökumət bölgədə təmiz enerji layihələri də həyata keçirir. Bu ərazilərin bərpası və məskunlaşması üçün büdcədən xüsusi ayrılmış vəsaitlərin saxlanılması ilə yanaşı, növbəti illərdə də yenidənqurma işlərinin davam etdirilməsi nəzərdə tutulur. Bərpa işləri çərçivəsində bu ərazilərin minalardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritet olaraq qalır”.

Qeyri-neft sektorunda rekord göstəricilər - Azərbaycanın iqtisadi strategiyasının uğurunun sirri nədir?

Azad olunan ərazilərdəki nəhəng bərpa işləri, qlobal səviyyədə ənənəvi enerjidaşıyıcılarına tələbin azalması prosesinin sürətlənməsi perspektivi nəzərə alınmaqla, qeyri-neft-qaz sektorunun sürətli inkişafının təmin edilməsi zərurəti Azərbaycanda investisiya mühitinin ciddi şəkildə yaxşılaşdırılmasını tələb edir. Hökumət bu zərurəti nəzərə almaqla bir sıra addımlar atır. İyulun 27-də Prezident İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında” Qanunun tətbiqi barədə fərman imzalayıb. Qanuna əsasən investisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsi mülkiyyətin toxunulmazlığı; qanunçuluq; insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və təmin edilməsi; konfidensial məlumatların qorunması kimi prinsiplər əsasında həyata keçiriləcək.

İnvestisiya fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi yerli və xarici investisiyalar hesabına dayanıqlı iqtisadi inkişafın təmin edilməsindən, rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin inkişaf etdirilməsindən, iqtisadiyyatda yeni texnologiyaların, innovasiyaların tətbiq olunmasından ibarətdir. İnvestisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri isə  əlverişli investisiya mühitinin formalaşdırılması, o cümlədən azad rəqabət mühitinin gücləndirilməsi; investorların hüquqlarının və qanuni mənafelərinin, habelə investisiyaların qorunması; investorlara investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı bərabər imkanların yaradılması; investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinin təmin edilməsi; dövlət əmlakının özəlləşdirilməsi, restrukturizasiyası və sağlamlaşdırılması; iqtisadiyyatın prioritet sahələrində investisiya layihələrinin dəstəklənməsi; investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında göstərilməsindən ibarət olacaq.

Yeni qanun Azərbaycanda investisiya fəaliyyəti sahəsində prioritet hesab olunan investisiya layihələrini də müəyyən edir. Belə prioritetlər sırasına iqtisadiyyatın texnoloji tutumunu artıran, innovasiyaların tətbiqinə və inkişafına; ekoloji təmiz texnologiyaların tətbiqinə əsaslanan, ətraf mühitin sağlamlaşdırılmasını, təbii sərvətlərdən səmərəli istifadəni nəzərdə tutan; əhalinin sağlam həyat tərzinin inkişafını dəstəkləyən; sosial infrastrukturun və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yönələn; müasir tələblərə uyğun bilik və bacarıqların formalaşmasını şərtləndirən və regionların inkişafını dəstəkləyən investisiya layihələri var.

Sənədə görə, dövlət tərəfindən investorların Qanunla nəzərdə tutulmuş hüquq və azadlıqlarının qorunmasına təminat verilir, investorlara və onların investisiyalarına qarşı əsassız və ayrı-seçkilik yaradan münasibət, hədə-qorxu, təqib və zorakılıq qadağan edilir.

Qanun həmçinin milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınmasına qarşı təminat qaydasını da müəyyənləşdirir.Qanuna əsasən, investisiyanın dövlət ehtiyacları üçün alınması, habelə Mülki Məcəllə ilə nəzərdə tutulan rekvizisiya istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində investisiyanın və investisiya qoyuluşunun investorun razılığı olmadan alınmasına və milliləşdirilməsinə yol verilməyəcək. İnvestisiyanın milliləşdirilməsi və dövlət tərəfindən alınması zamanı ayrı-seçkiliyə yol verilməyəcək. Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınması əvəzində investorlara “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq kompensasiya ödəniləcək. Ödəniləcək kompensasiya investisiyanın milliləşdirilməsi və ya dövlət tərəfindən alınmasından və ya bunların ictimaiyyətə məlum olmasından (hansı daha tez baş verərsə) sonra bilavasitə əvvəlki vaxtda investisiyanın ədalətli bazar dəyərinə uyğun müəyyən olunur və gecikdirilmədən xarici investisiya üçün sərbəst dönərli valyutada, yerli investisiya üçün isə investisiyanın qoyulduğu valyutada ödəniləcək.

Bundan əlavə, iyulda Prezident tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və onun Tədbirlər Planında da investisiya mühitinin yaxşılaşmasına yönəlik addımlar nəzərdə tutulur. Belə ki, hökumət 2022-2023-cü illərdə dövlət investisiya layıhələrinin idarə edilməsində səmərəliliyin yüksəldilməsi məqsədilə yeni qayda qəbul etmək, dövlət investisiya layıhələrinin icrasına monitorinq sistemi yaratmaq, həmçinin  “Dövlət – özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikası Qanununu qəbul etmək niyyətindədir.

2022-2026-cı illər ərzində isə qeyri-neft/qaz sahələrinə maraq göstərən yerli və xarici investorlarla işgüzar əlaqələrin qurulması, investorların problem və çətinliklərini həll etmək üçün mütəmadi dövlət – biznes dialoqu çərçivəsinin formalaşdırılması, İnvestisiya Təşviqi Forumu və digər təşviqat tədbirlərinin keçirilməsi planlaşdırılır.

Bütün bu tədbirlərin aralıq nəticələri olaraq dövrün sonuna “Fortune 500″ və ”Forbes 2000″ indekslərində təmsil olunan 6 şirkət tərəfindən Azərbaycana investisiya qoyulmasına, yaradılacaq müasir CRM (Müştərilərlə Əlaqələrin İdarə edilməsi Sistemi) sistemi çərçivəsində İnvestorların Narazılıqlarının İdarə olunması Sisteminin tətbiqinə, bu sistem vasitəsilə dövlət və biznes dialoqunun mütəmadi dəstəklənməsinə,  investorların fəaliyyətini tənzimləyən hüquqi çərçivənin təkmilləşdirilməsinə dair 10 layihənin hazırlanmasına, ən azı 5 yerli və xarici investisiya yönümlü tədbirin həyata keçirilməsinə nail olunması nəzərdə tutulur.

Strategiyada investisiya mühitinə bilavasitə müsbət təsiri olacaq daha bir addım – Rəqabət Məcəlləsinin qəbul edilməsi də öz əksini tapıb. Bundan əlavə, investorlara vergi və digər güzəştlərin tətbiqi üçün də addımlar atılacaq. Belə addımlardan biri işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərəcək sahibkarları hədəfləyir. Belə ki, ötən ilin dekabrında Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması məqsədilə Nazirlər Kabinetinə tapşırıqları nəzərdə tutan sərəncamının icrası məqsədilə vergi güzəştləri ilə bağlı müvafiq dəyişikliklər hazırlanıb. Dəyişikliklərdə Vergi Məcəlləsinə yeni – “İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” adlı XIX fəsilin əlavə olunması təklif edilir.

Yeni fəsildə 2023-cü il yanvarın 1-dən etibarən işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, divident gəlirlərinin vergidən azad edilməsi, həmçinin  işğaldan azad edilmiş ərazilərə, həmin ərazilərdən ölkənin digər regionlarına, habelə bu ərazilər daxilində hava və dəmir yolu nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarına görə ƏDV-nin sıfır (0) dərəcə ilə vergiyə cəlbi nəzərdə tutulur.

Göründüyü kimi, yaxın 3-4 il ərzində investisiya mühitinin yaxşılaşdırılması üçün bir sıra addımlar atılması gözlənilir. Lakin bu addımlar arasında investorlar üçün ən mühüm olanı – ədalətli məhkəmə sisteminin yaradılması nəzərə çarpmır. Halbuki qəbul edilən qanunların, investorlara verilən hüquq və imtiyazların tam olaraq tətbiqinə yalnız azad məhkəmələrin mövcudluğu şəraitində nail olmaq mümkündür..

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki