image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20211126-151217_messengerbackend

Yenə yeddi tezis?-Paşinyanın Soçi görüşü öncəsi dedikləri…

image-728x90px

Ermənistan başıbəlalı baş naziri Nikol Paşinyan 2020-ci ilin iyulunda 7 tezis irəli sürmüş, o tezislər layiq olduğu yerə – zibil qutusan atılmışdı.

2020-ci ilin iyulundakı Tovuz döyüşlərindən sonra tezis-mezis irəli sürməyə “cəsarət etmiş” Paşinyan, avqustda Goranboy istiqamətində kəşfiyyat-diversiya qrupu göndərdi, sentyabrda isə işğalçı qoşunlar təmas xətti boyu hərbi təxribat törədərək, mülki əhalimizi, hərbçilərimizi atəşə tutdu. Üstəlik, iyul-avqust aylarında (Xəzər dənizi üzərindən) Rusiya–İran–Ermənistan xətti ilə hərbi yük daşımaları ara vermədi…

Bəli, 7 tezis, tezisin ardınca təxribatlar, daşımalar, hazırlıqlar, hücum cəhdləri gerçəkləşdirən Ermənistan nə etməmək lazımdırsa, hamısını etmişdi… Ardınca olanlar oldu: Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə bütün cəbhə boyu sürətli əks-hücuma keçdi! İşğalçıların 30 ildə yığdığı, hazırladığı, düzəltdiyi hər şey – torpağın altında, dağın dibində, yamacın döşündə… nə vardısa, Azərbaycanın qəhrəman oğulları tərəfindən 44 gün içində aşıldı. Ordumuz düşməni iti qovan kimi qovdu. Azərbaycan Dəmir Yumruğunun gücünü gördükdən sonra, Zəfərin birinci ildönümündən az sonra, Paşinyan yenə tezislər irəli sürürsə, uzun-uzadı cavaba ehtiyac yoxdur, əslində. Cavab çox sadə və aydındır: DƏMİR YUMRUQ YERİNDƏDİR!

Nə deyir Paşinyan?

1) Nikol Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasının qəti şəkildə əleyhinə çıxış edir. O, öz fikrini bununla əsaslandırır ki, bəs deməzsənmi Üçtərəfli Bəyanatda dəhliz ifadəsi keçmir. Başıbəlalı baş nazir “unudur” ki, Üçtərəfli Bəyanatın 9-cu bəndində “maneəsiz hərəkət” ifadəsi yer alıb, bu da nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur.

2) N.Paşinyan iddia edir ki, dəhliz ifadəsi Laçın dəhlizinə münasibətdə işlədilib; amma o “yaddan çıxarır” ki, “Laçın dəhlizi” ifadəsinin yanıbaşında “maneəsiz hərəkət” ifadəsi keçmir. Ayrıca, Ermənistan əgər Laçın dəhlizindən istifadə edirsə, bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Zəngəzur dəhlizindən istifadə etməməlidir? Sizə olar, bizə olmaz? Üstəlik, biz Naxçıvana da öz ərazimə gedirik, sizsə Xankəndinə bizim ərazimizə gəlirsiz…

Əgər bölgədə kommunikasiyaların açılmasında hər hansı irəliləyiş olmalıdırsa, bu, açılım tələb edir, necə deyərlər, ilk növbədə də, linqivistik açılım… Hələ söz oyunu oynayan, “linqivistik barrikada” quran zehniyyət, necə dəhliz tələb edə, necə dəhliz aça bilər?..

Uğursuz və məğlub dövlətin siyasi-hərbi rəhbərliyi hələ də anlamır ki, bölgədə Zəngəzur dəhlizinin açılması, Ermənistanın öz maraqlarına da xidmət edəcək, ölüvay iqtisadiyyatları yeni nəfəs qazanacaq.

 

3) N.Paşinyan iddia edir ki, 9 noyabrda Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün baş tutmamasının səbəbkarı o deyildir. Ancaq bir dəqiqə! – Artıq Rusiya qaynaqları da təsdiq edib ki, görüşün baş tutmamasının səbəbkarı məhz odur. Diplomatik qaynaq təsdiq edir ki, Ermənistan tərəfi tədbirə bir gün qalmış hər hansı səbəb göstərmədən tədbirə qatılmaqdan imtina edib.
Bunun ardınca, Nikol Paşinyan üçtərəfli görüşün Brüsseldə keçirilməsi üçün Avropa Birliyinə müraciət edib və bununla da, forpostu olduğu, özünün də xilaskar adlandırdığı ölkəni pərt olmuş duruma salıb. Öz aralarında böyüyü böyük, kiçiyi kiçik kimi necə davranar, davransın – özləri bilər, fakturanı bizə çıxarmasınlar…

4) Paşinyan daha bir gül vuraraq, deyir ki, Zəngəzur dəhlizi və ya Zəngəzurun gündoğarı kimi terminləri Azərbaycan tərəfi uydurur və bununla Ermənistana qarşı ərazi iddiası irəli sürür. Amma tarixin və coğrafiyanın günahkarı Azərbaycan deyildir axı… Daha bugünlərdə keçmiş tarix müəllimini Müdafiə naziri qoyan Nikol bunu bilmir guya?!. İndi neynək, uğursuz dövlət öz dərsliklərində, plan-proqramlarında, “akademik nəşrlər”ində tarixin başına elə oyun açıb, elə saxtalaşdırb deyə, biz də o “tarix”, o “coğrafiya” ilə düşünək? Paşinyan Zəngəzurun tarixi adını bilmir guya?

Azərbaycan tarixi, coğrafiyanı, hər kəsi, hər yeri… öz adı ilə çağırır. Əgər ərazinin adı Zəngəzurdusa, onu başqa cür adlandıran günah-kardır, yoxsa, doğru adı ilə çağıran?

5) Nikol Paşinyan Azərbaycanı Ermənistana münasibətdə təcavüzkar siyasət yürütməkdə, cəngəllik siyasəti aparmaqda ittiham edir. – Necə deyərlər, “adımı sənə qoyum”… Çox sadə bir sual var ortada: 30 il boyunca Ermənistanın Azərbaycana qarşı yürütdüyü siyasətin adı nəydi? Hələ bu gün də Rusiya sülhməramsızlarının keçici olaraq yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri qalmaqda deyilmi? Bizim Qazax rayonunun 7, Naxçıvanın 1 kəndi hələ də Ermənistanın işğalı altında deyilmi? Üstəlik, Nikol Paşinyan hökumətinin parlamentə çıxardığı və təsdiq olunan sənəddə uğursuz dövlətin Azərbaycana qarşı ərazi iddiaları növbəti dəfə təsdiq olunub. Ermənistanın baş naziri öz nitqində Qarabağı yenə də Artsax adlandıraraq, Azərbaycanın bu bölgəsinin “öz müqəddəratını təyin etmə statusu”na malik olduğunu çərənləyib. Bəs bütün bunlar Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin açıq-aydın örnəklərini təşkil etmirmi?

6) Nikol Paşinyan Rusiyaya sayğı ilə yanaşdığını və ölkəsinin KTMT-dən çıxmaq niyyətində olmadığını deyir. Xub! Çıxmır çıxmasın, çıxır çıxsın: ancaq “linqivistik barrika”da qurmaqla uğraşan Ermənistan siyasi rəhbərliyinin “KTMT-dən çıxmaq niyyətimiz yoxdur” cümləsinin səmimiyyətinə neçə nəfər inanar? – Cümlənin bu üzündən o üzü görünür… Ermənilər Osmanlılar, Qacarlar xanədanına yapdıqlarını ələ düşən ilk fürsətdəcə, Rusiyaya da yapacaq, şübhəsiz.
16 noyabr Kəlbəcər-Laçın sınırboyu təxribatını törədən zaman Ermənistanın rəsmiləri NATO, Avropa Birliyi və digər qurumlara müraciət etmədimi? Bəs siz KTMT-nin üzvüydüz? Üzvü olduğun qurumu budu burada qoyub da, üzvü olmadığın qurumlara üz tutmağın anlamı, mahiyyəti nədir?
Həmin Paşinyan hətta Ermənistan sınırlarının qorunması üçün NATO-nu dəvət etmişdi. Ermənistanın forpostu olduğu ölkənin beyin mərkəzlərində Paşinyanın digər “usta” gedişlərini də, beyin yormadan çözə bilirlər yəqin…

Ermənistanın forpostu olduğu ölkənin beyin mərkəzlərində Paşinyanın digər “usta” gedişlərini də, beyin yormadan çözə bilirlər yəqin…

7) Ermənistanla Azərbaycan arasında sınır xətləri, ölkələrin hüdudları keçmiş sovet hərbi, inzibati-siyasi xəritələri ilə necə müəyyənləşək sualına münasibətdə Nikolun cavabı belədir ki, bəs xəritələr çoxdur və hətta onları şəkilli kağız adlandırır… Beləliklə Nikol özü Azərbaycanın tezisini təsdiq edir ki, Ermənistan-Azərbaycan sınırları, özəlliklə sınırın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətləri ilə bağlı vahid xəritə yoxdur. Yaxşı, bəs onda, Ermənistan hansı əsasla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisində olduğunu iddia edir?

Hərbçilərimizin Zəngəzurun gündoğarında dayandığı mövqelər respublikamızın suveren ərazisidir.
Nikol Ermənistan “ərazisi”ndə olan Azərbaycan anklavları məsələsinə də toxunub və onlar barəsində danışmağın əsassız olduğunu iddia edib. Əslində, Nikol gərək anklavlar mövzusun üzərindən siyasət yürütməyə. Anındaca, onun anklavlar barədə dediklərini hüquqi əsaslandırması zərurəti meydana çıxır. Əsaslandıra bilərmi? Necə? Onda, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan respublikamız, tam haqlı olaraq, Zəngəzurun günbatarının, Dərəlyəzin, Göyçənin, o cümlədən İrəvanın Ermənistana verilməsinin qeyri-hüquqi xarakter daşıdığını əsaslandıra bilər. Çox da uzaq olmayan tarixdən bəllidir ki, Azərbaycan əraziləri Ermənistana böyük miqyasda 1929-cu ildə verilib. Necə və kimin tərəfindəmi? – Cavab: bədnam Levon Mirzəyan Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olan zaman, onun tərəfindən… O vaxt bir “yan” bizim torpaqları verib, indi bir “yan” da ona əsaslanıb, ağıllı-ağıllı danışır. Keçməz artıq. İndi saxta tarixin də, saxtakarlıq üzərində oyun qurmaq istəyənlərin də başı üzərində Dəmir Yumruq var!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAĞIMIZ UCA OLSUN!

DOĞRU.AZ  “Əkbər QOŞALI”

 

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki