image-2000x150px
image-123
image-ads_atlas
image-inshot_20240705_034447542backend

Dünyanın sirri çözülməyən 7 möcüzəsi – FOTO

image-728x90px

Bəşər tarixində bu günə kimi sirri-sehri çözülməyən tikililər var. Elm, texnika, süni intellekt nə qədər inkişaf etsə də, əsrlər öncə, elmin, texnikanın bu dövrlə müqayisə olunmadığı zamanlarda bu tikililərin necə, hansı üsulla tikilməsi tam olaraq insan oğluna aydın deyil. Onlar bu gün də tarixdə dünyanın 7 möcüzəsi olaraq qalmaqdadırlar.

Doğru.az oxu.az-a istinadən həmin möcüzələrlə bağlı qısa məlumatı təqdim edir:

Misir ehramları və Sfinks heykəli

Daşdan düzəldilmiş bu nəhəng tikililər – Misir fironlarının sərdabələri, təqribən 5 min il əvvəl Qədim Misirdə yaradılıb. Ehramlardan ən böyüyü firon Xeopsun hökmü ilə ucaldılıb. Tarixi mənbələrdə Xeops ehramının hündürlüyünün 146,6 metr olduğu və təqribən eramızdan əvvəl 28-ci əsrdə tikildiyi göstərilir.

Firon Xefrenin ehramı ondan 2 metr alçaqdır. Bu fironu dağ boyda sərdabə qane etməyib və o, sərdabənin yanına bütöv qayadan yonulmuş daş “keşikçi” qoymağı əmr edib. “Keşikçi” insan başlı və aslan bədənlidir. O, Sfinks adlanır.

“Həmin dövrdə misirlilər bu piramidaları necə tikiblər?” – sualına isə bu günə kimi nə əsaslı izah, nə də cavab verə bilən tapılmayıb. Bəzi arxeoloq və araşdırmaçıların söylədikləri fikirlər isə mülahizədən o yana keçməyib.

Semiramidanın asma bağları

Semiramidanın asma bağları – qədim Şərqin böyük və zəngin şəhəri olan Babildə yerləşmişdi. Əfsanəyə görə, bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılıb. Kərpicdən tikilən sıra tağlar üzərində qurulmuş bu terraslardan hər birinin üstünə torpaq tökülüb və bağ salınıb. Pilləvari bağları əmələ gətirən bu terraslar yuxarıdakı sarayla birlikdə nəhəng bir dağa bənzəyirdi. Yüzlərlə qul gecə-gündüz dəri tuluqlar asılmış nəhəng çarxları fırladaraq, Fərat çayından asma bağlara su qaldırırdı.

Artemidanın Efes şəhərindəki məbədi

Qədim yunan ilahəsi Artemidanın Asiyanın Efes şəhərindəki məbədi dünyanın üçüncü möcüzəsi sayılır. Bu məbəd təxminən 120 ilə tikilmiş və eramızdan əvvəl 550-ci ildə hazır olub. Məbəd üzərinə vurulan naxışlar və qiymətli əşyaları ilə məşhur olub. Eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bir nəfər şöhrət qazanmaq məqsədilə məbədi yandırıb və bundan sonra Herostratın adı mənasız barbarlıq rəmzi kimi tanınıb.

Olimpiyadakı məbəddə Zevsin heykəli

Yunanıstanın cənubunda, Olimpiya oyunlarının vətəni olan Olimp dağındakı məbəddə qədim yunanların baş allahı Zevsin heykəli vardı. Böyük heykəltaraş Fidi tərəfindən təxminən 2 500 il bundan əvvəl, e.ə. 5-ci əsrdə yaradılmış bu heykəl dünyanın dördüncü möcüzəsidir.

Qızıldan, fil sümüyündən və qarağacdan düzəldilmiş, qiymətli daş-qaşlarla bəzədilmiş 14 metrlik nəhəng heykəl Zevsi taxtda oturmuş vəziyyətdə təsvir edib. Onun başında, zəhmli allahın sülhsevər olmasına işarə edən qızıldan düzəldilən zeytun budaqlarından hörülmüş çələng var. Zevsin başı, qolları, sinəsi fil sümüyündən yonulub. Saqqalı qızıldan olub. Fidi Zevsə nəcib insan görkəmi verib. Zevsin saqqalı haşiyələndiyi üçün sifəti təkcə ciddilik yox, həm də xeyirxahlıq təsiri bağışlayıb.

Halikarnasda Mavsolun məqbərəsi

Dünyanın beşinci möcüzəsi Asiyada Kariya padşahlığının paytaxtı Halikarnasda (Türkiyənin indiki Bodrum şəhərində) olub. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisiyanın eramızdan əvvəl 4-cü əsrin ortalarında tikdirdiyi əzəmətli məqbərə idi. Məqbərənin birinci yarusu ağ mərmərdən relyef zolağı əhatə edirdi, ikinci yarus yaraşıqlı mərmər sütunlardan, üçüncü yarus isə ehram şəkilli mərmər damdan ibarət idi. İkinci Mavsol və Artemisiyanın mərmər heykəlləri olan dörd atlı araba Halikarnas məqbərəsini tamamlayırdı. Qeyd edək ki, Mavsolun ve Artemisiyanın heykəlləri və məqbərənin digər bəzək şeyləri Londondakı Britaniya muzeyində saxlanılır. “Mavzoley” sözü də məhz Mavsolun adından yaranıb.

Rodos nəhəngi

Eramızdan əvvəl 3-cü əsrdə sərkərdə Demetri Rodos adasına hücum edir. Lakin Demetri azadlıqsevər rodosluları məğlub edə bilmir. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dunyanın ən böyük heykəlini qoymağa qərar verirlər. Heykəltaraş Xarosun yaratdığı və “Rodos nəhəngi” adlanan bu heykəl dünyanın altıncı möcüzəsi hesab olunur. Dənizdə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralanmış, sağ əli gözlərinin üstünə qaldırılmış formada olub, başında isə günəş şüalarının rəmzi olan tac vardı. Ada sakinləri onu öz himayəçisi hesab edirdilər.

İsgəndəriyyədəki mayak

Eramızdan əvvəl 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında, İsgəndəriyyə şəhərinin kənarında, memar Knidli Sostrat qədim Yunanıstanın ən böyük mayakını tikib. Dünyanın yeddinci möcüzəsi sayılan bu qüllənin hündürlüyü 120 metrdir. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərən tonqal yanırdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki