image-n1karobka_ads
image-123
image-img-20250702-wa0157backend

QHT-lərdən qohum nikahlarına qarşı birgə addım – FOTO

2 iyul 2025-ci il tarixində “Qan Donorları Assosiasiyası” İctimai Birliyi, Adalia Beynəlxalq Qadın Platforması və “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi arasında qan donorluğunun təşviqi və qan qohumları arasında nikahların yaratdığı genetik fəsadlara qarşı mübarizə məqsədilə üçtərəfli memorandum imzalanıb.

Tədbirə yerli QHT və media nümayəndələri qatılıb. Görüşdə ölkənin genetik sağlamlığının qorunması və qohum nikahlarının doğura biləcəyi fəsadlar ətrafında geniş müzakirələr aparılıb. Qeyd edilib ki, bu istiqamətdə maarifləndirmə işlərinin intensivləşdirilməsi cəmiyyət üçün zəruridir.

Vurğulanıb ki, iyulun 1-dən etibarən qüvvəyə minmiş Ailə Məcəlləsinə dəyişikliklər qan qohumları arasında nikahların hüquqi çərçivədə məhdudlaşdırılmasını nəzərdə tutur.

“Maarifləndirmə ittiham deyil, izahdır”

Tədbirdə çıxış edən Adalia Beynəlxalq Qadın Platformasının təsisçisi və direktoru Dilşad Əhədova bildirib ki, cəmiyyətin bu məsələdə maarifləndirilməsi prioritet məsələ olmalıdır:

“Əsas məqsədimiz yalnız qan donorluğunun deyil, eyni zamanda qohum nikahlarının yaratdığı genetik risklərin cəmiyyətə doğru formada çatdırılmasıdır. Bu məsələ illərdir diqqətdən kənarda qalıb, lakin statistika göstərir ki, artıq kompleks yanaşma zəruridir”.

Onun sözlərinə görə, qan qohumları arasında nikah mövzusu ailə dəyərləri ilə yanaşı, cəmiyyətin genetik gələcəyinə təsir edən məsələdir:

“Məsələni ittiham və ya qadağa kontekstində deyil, real faktlar və maarifləndirmə yolu ilə təqdim edirik. Məqsədimiz ailələrə düzgün seçim imkanı vermək və onları risklər barədə məlumatlandırmaqdır”.

Videoçarx təqdim olundu, regionlarda təlimlər başlayır

Memorandum çərçivəsində ilk addım olaraq “Qan qohumları arasında nikahların fəsadları” adlı sosial videoçarx hazırlanaraq ictimaiyyətə təqdim olunub. Eyni zamanda Şəki və Qəbələ şəhərlərində silsilə təlimlərin təşkili nəzərdə tutulur.

“Genetik sağlamlıq – ümumi məsuliyyətdir”

Dilşad Əhədova sonda qeyd edib:

“Genetik sağlamlıq təkcə şəxsi məsələ deyil, bu, cəmiyyətin ümumi məsuliyyətidir. Valideynlərdən tutmuş müəllimlərə, liderlərə qədər hər kəs bu məsələdə üzərinə düşəni etməlidir. Biz bu məsələnin gündəmdə qalması üçün çalışacağıq”.

DOĞRU.AZ

image-img-20250702-wa0155image-img-20250702-wa0168image-img-20250702-wa0159 image-img-20250702-wa0159 image-img-20250702-wa0161 image-img-20250702-wa0166

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki