image-2000x150px
image-123
image-ads_atlas
image-9ef0ac9c2825583eea5d9f24e59e0a40backend

Şarl de Qollun Moskva səfəri – O, Stalinin baxımsız məzarının önündə 20 dəqiqə dayanıb

image-728x90px

1966-cı ilin 20 iyun-1 iyul tarixlərində dünyanın aparıcı kütləvi informasiya vasitələrində əsas mövzu Fransa prezidenti Şarl de Qollun SSRİ-yə səfəri olub. Səfərlə bağlı xəbərlər, siyasi icmalçıların rəyləri, Moskvada və SSRİ-nin digər şəhərlərində keçirilən görüşlər haqqında məlumatlar, fotolar qəzetlərin manşetində tirajlanıb.

Kremldə ali qonağın səfərinə ciddi hazırlıq işləri görülüb və bu işlərə həmin dövrdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində olan Nikolay Podqornı nəzarət edib. Hazırlıq işləri ilə bağlı hər gün, bəzən isə gündə bir neçə dəfə Podqornıya məruzə edilib. Həmin ərəfədə, demək olar ki, hər gün Fransa Xarici İşlər Nazirliyindən və bu ölkənin Moskvadakı səfirliyindən səfərlə bağlı yeni tələblər irəli sürülüb.

56b303e27fd9.jpg (162 KB)

Bu tələblər heç də rəsmi sənədlər və məsələlərlə bağlı olmayıb. Şarl de Qollun səfər zamanı qalacağı iqamətgah, xidməti personalının yerləşdirilməsi, rabitə vasitələrindən istifadəsi, qidalanması, hətta hansı sudan istifadə edəcəyi, bir sözlə, Fransa prezidentinin Moskvadakı məişəti daha çox müzakirələrə səbəb olub. Nəhayət, bu kaprizlər Podqornının səbrini tükəndirib. Adətən həmişə sabit xarakter nümayiş etdirən Podqornı baş katib Leonid Brejnevə öz narazılığını da ifadə edib:

– Leonid İliç, indi siyasi arenada biz diktə edirik, fransızların bu qədər tələblərini anlaya bilmirəm.

“Nəhəng fransız” adlandırılan Şarl de Qollun bu dərəcədə xırdaçılıqlara getməsi məni təəccübləndirir.
Brejnev Podqornının bu narazılığı ilə razılaşsa da, Şarl de Qollun səfərinin yüksək səviyyədə təşkil olunmasını, bütün kaprizlərinə cavab verilməsini vacib sayıb. Baş katib yaxşı dərk edib ki, Fransa prezidentinin SSRİ səfəri beynəlxalq müstəvidə siyasi ab-havanı SSRİ-nin xeyrinə dəyişəcək.

418f5fccf32b.jpg (218 KB)

Beynəlxalq münasibətlər baxımından Şarl de Qollun Moskva səfəri mövcud dövr üçün olduqca mühüm və eyni zamanda gözlənilməz bir hadisə sayılıb. Fransa prezidenti müttəfiq olduğu ABŞ-dan asılılığı aradan qaldırmaq üçün yeni müttəfiq axtarıb və bu seçimdə SSRİ-yə üstünlük verib. Onun səfərinin tarixləri də rəmzi məna daşıyıb. Belə ki, Şarl de Qoll Moskvaya 25 il əvvəl sovet-alman müharibəsinin başlandığı gün ərəfəsində (20 iyun) gəlib. Fransa NATO üzvlüyündən çıxması haqqında 1966-cı ilin fevral ayında bəyanat verib. Bu bəyanatın tam icrası isə səfərin sona çatdığı gün (1 iyul) yekunlaşıb, həmin gün Fransa silahlı qüvvələri NATO tabeliyindən tam çıxıb, NATO-nin mənzil- qərargahı isə Parisdən Brüsselə köçürülüb.

Şarl de Qoll səfər çərçivəsində paytaxt Moskva ilə yanaşı Leninqrad, Kiyev, Novosibirsk, Volqoqrad şəhərlərinə də səfər edib. Bu səfərlər zamanı onu Nikolay Podqornı, SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin və Siyasi Büro üzvləri müşayiət edib.

0316_08.jpg (76 KB)

12 günlük səfər zamanı rəsmi danışıqlar və sənədlərə imza atmaq mərasimləri ilə yanaşı, Fransa prezidenti SSRİ-nin zavod və fabriklərində, Novosibirskdəki pioner düşərgisəndə, Moskva Dövlət Universitetində, Alimlər Evində, Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunda, Böyük Teatrda və s. məkanlarda görüşlər də keçirib.

Belə görüşlər zamanı ən maraqlı məqam isə Brejnevin Şarl de Qolla ballistik raketlərin start düymələrini nümayiş etdirməsi zamanı baş verib. Brejenv böyük həvəslə dünyanı dağıtmaq gücündə olan düymələri Fransa prezidentinə göstərəndə Şarl de Qoll soruşub:

– Bu raketlərin istiqamət ünvanı hara olacaq?

66bb249f3644.jpg (141 KB)

Brejnev suala təbəssümlə və özünə güvənməklə cavab verib:

– İstənilən ünvana. Bu ünvan Fransa da ola bilər. Amma mən inanıram ki, siz buna imkan verməyəcəksiniz.

Şarl de Qoll SSRİ-yə səfər çərçivəsində özünə dost saydığı iki şəxsin məzarını da ziyarət etməyi planlaşdırıb. Həmin dostlardan biri digərini güllələyib, İosif Stalin və Mixail Tuxaçevski. Prezident bu palnın birini gerçəkləşdirib, Stalinin məzarını ziyarət edib. Həmin dövrdə SSRİ-yə səfər edən xarici dövlət başçılarının çoxları Stalinin məzarını ziyarət etməyib. Hətta sosialist düşərgəsindəki ölkələrini başçıları da. Sözsüz ki, bu da Xruşovun “fəaliyyətinin” nəticəsi olub. Brejnevin hakimiyyətdə olduğu ilk illərdə isə Stalinə qarşı rəsmi münasibət qeyri-müəyyən vəziyyətdə qalıb.

1aa703c400d6.jpg (232 KB)

Qeyd edək ki, Stalini mavzoleydən çıxarıb nekropolda dəfn etdikdən sonra onun məzarının üstünə nə baş daşı, nə də büst qoyulmayıb, Kreml məzarın üstünə adı və ölüm-doğum tarixi qeyd olunan mərmər plitə qoymaqla öz işini bitmiş hesab edib. Yalnız 1970-ci ildə bu məsələ Siyasi Büroda müzakirə edilərək öz müsbət həllini tapıb.

1966-cı ildə də Stalinin məzarı kimsəsiz bir adamın məzarını xatırladıb və bu səhnə Şarl de Qolla olduqca pis təsir edib. O, düz 20 dəqiqə Stalinin məzarı üstünə qoyulan mərmər plitənin qarşısında dayanaraq onun xatirəsini sükutla yad edib. Sonda isə Podqornıya münasibət bildirib:

– Mən hədsiz dərəcədə böyük təəssüf hissi keçirirəm…

889f0ca1534ebcdd00901f71c3a5fb51e2fe602c.jpeg (151 KB)

Bu ziyarət haqqında sovet mətbuatı bir cümlə də olsun yazmayıb.

Şarl de Qoll SSRİ-ni özünə müttəfiq seçsə də, sonralar bu kommunist ölkəsinin gələcəyinə çox da inanmayıb. Özü demişkən, “Stalin Rusiyası əvvəlki monarxiya ilə birlikdə məhv olmuş Rusiya deyil, amma Stalinə layiq olmayan varislər olmadığı halda Stalinin qurduğu dövlət də məhvə məhkumdur…”

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki