image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20220205-234022_gallerybackend

Yazgül ABDIYEVA: Şuşada yaşadığım hissləri sözlə ifadə edə bilmirəm…

image-728x90px

Dövlət başçısının 2021-ci ildə regionlara müntəzəm xarakterli 47 səfərindən 32-si işğaldan azad olunmuş ərazilərə edilib. Əksəriyyətində ailə üzvlərinin də iştirak etdiyi bu səfərlər Qarabağa böyük qayıdışın qısa müddət və yüksək səviyyədə təmin olunacağını deməyə əsas verir. Prezidentin Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa ili” elan etməsi böyük tarixi hadisədir. Bunun, siyasi olduğu kimi, həm də mədəni – mənəvi əhəmiyyəti var.

Qeyd edək ki, dövlət başçısı həm Şuşada bərpa – quruculuq işlərinin həyata keçirilməsini xüsusi diqqət mərkəzində saxlayır, eyni zamanda, tarixi – mədəni irsin bərpasına, qorun­masına xüsusi diqqət yetirir. Şuşaya 7 dəfə səfər edən Prezident şəhərdə böyük işlərə start verildiyini, eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparıldığını və davamlı olaraq aparılacağını bildirib. Qısa müddətdə Şuşanın Baş planı ha­zırlanıb, Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqifin büstü və muzey – məqbərə kompleksi ilkin görkəminə qaytarılıb, Bülbülün ev muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları olub, tarixi, dini və memarlıq abidələri, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı və Vaqifin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin keçirilməsi bərpa edilib. 2022-ci ilin “Şuşa ili” elan edilməsi isə qarşıdakı dönəmdə Azərbaycan naminə daha böyük işlərin görüləcəyinə böyük inam yaradır.

Şuşa müqəddəs şəhərdir. Orada Azərbaycanın musiqi və incəsənət dahilərinin ruhları dolaşır. İkinci Qarabağ müharibəsinin gedişində dönüş nöqtəsi olan Şuşa döyüşləri qəhrəmanlıq das­tanı nümunəsidir. Bu tor­paq, bu şəhər həm də cəsur igidlərimizin qanı ilə suvarıldığı üçün müqəddəsdir. Prezi­dent İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xal­qa təbrikində vurğuladığı kimi, biz İkinci Qarabağ müharibəsini, işğal dövründə törədilmiş vəhşilikləri unutmamalıyıq və unutma­yacağıq. Biz şəhidlərimizin xatirəsini daim öz qəlbimizdə yaşadacağıq.

Digər ərazilərimiz kimi, 30 ilə yaxın işğaldan əziyyət çəkən Şuşamız indi azad nəfəs alır. Şuşada infrastruktur yenilənir, bərpa və quruculuq işləri sürətlə aparılır. Mədəniyyət pay­taxtımız ötən il “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri kimi möhtəşəm tədbirlərə ev sahibliyi etdi. Dünya Azərbaycan musiqisinin əzəmətini, gözəlliyini bir daha gördü. Əminliklə deyə bilərik ki, Qaraba­ğın incisi Şuşamız daha da inkişaf edəcək, daha da gözəlləşəcək.

…Ötən ilin sonunda bir sıra QHT nümayəndələri ilə birlikdə Şuşaya səfərə dəvət aldım. Şuşaya Zəfər yolu ilə getməyə başlayan andan məni anlamadığım qəribə hisslər çulğadı. İnsan Şuşaya daxil olarkən, Şuşanın əzəmətini, gözəlliyini görüb göz yaş­larını saxlaya bilmir. Həmin gün hər qarışında addımladıqca yaşadıqlarımı sözlə ifadə edə bilmirəm. Bu torpaqla­ra igidlərimizin qanı qarışıb, ayaq bas­mağa ürək eləmirsən, ruhları inciyər deyə. Bu səfərin gerçəkləşməsini bizə ərməğan edən o igidlərdir ki, qanları bu torpağa qarışıb onu Vətən edib.

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşanın mədəni, dini abidələrini, tarixi məkanlarını, Vaqifin məqbərəsini, Ü.Hacıbəylinin, Natəvanın büstlərini, Bülbülün ev muzeyini görməkdən qürur duy­duq. Azərbaycanın rəşadətli ordusu tərəfindən Şuşanın işğaldan azad edilməsi hər bir həmvətənimizdə qürur hissi yaşadıb. Bu gün Zəfər günü kimi tariximizə həkk olunub. Müharibədə düşməni məhv edən ordumuza eşq olsun! Bu sevinci bizə yaşadan qazilərə təşəkkürümü bildirirəm! Şəhidlərimizin ruhu qarşısında baş əyirəm!

Qürur hissi ilə deyə bilirəm ki, biz qalib dövlətin vətəndaşlarıyıq! Bu günləri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və qüdrətli ordumuza, indiki zamanda bir yumruq altında birləşən xalqı­mıza eşq olsun! Allah qazilərimizi qorusun, şəhidlərimiz nur içində yatsın! Mənfur düşmənlərimiz tərəfindən minalanmış torpaqla­rımızın təmizlənməsi prosesinin bitməsini tezliklə gözləyirik. İnşal­lah, bu il – “Şuşa ili”ndə işğaldan azad olunmuş torpaqlarımızın cənnət qoxulu, gül – çiçəkli çəmənlərində doyunca gəzəcəyik!

Sevindirici haldır ki, işğal­dan azad edilən ərazilərə təşkil edilən səfərlərin və yenidənqurma işlərinin genişlənməsi ilə əlaqədar olaraq, müvafiq icazə əsasında ezam edilən işçilərin sayı gündən-günə artır. Həssas kateqoriyaya aid vətəndaşların həmin ərazilərə səfərlərinin təşkili, işğaldan azad edil­miş ərazilərin iqtisadi reinteqrasiyasını təmin etmək məqsədilə müntəzəm reyslərin açılmasının vacibliyi, orada çalışan işçilərin həmin ərazilərə mütəmadi daşınmasının təşkili, təkcə paytaxt Bakıdan deyil, digər şəhər və rayonlardan da işğaldan azad edilən bölgələrə sərnişindaşıma, həmin ərazilərə avtobus marşrutlarının açıl­masını zəruri edib.

Azad olunmuş ərazilərimizə yanvarın 24-dən etibarən marşrut avtobuslarının hərəkəti alqışlanan­dır. Xatırlayıram ki, azad olunan torpaqlara ilk marşrut xətti hələ 2020-ci ilin yanvar ayında Cocuq Mərcanlıya açılmışdı. Bu reyslərin açılması yurdlarına həsrət qalan insanların həmin yerləri ziyarət edib təskinlik tapmalarına yardım edəcək. Hazırkı reyslər Bakı – Şuşa, Bakı – Ağdam, Əhmədbəyli – Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa və Bərdə – Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yerinə yetirilir. Sərnişinlər getdikləri gün geriyə dönəcəklər. İlk olaraq Ağ­dama və Şuşaya, daha sonra işğaldan azad edilən digər bölgələrə də səfərlər həyata keçiriləcək.

Bu böyük uğurdur. Otuz ildən sonra Şuşaya marşrut avtobusları­nın hərəkət edəcəyi ötən illərdə heç xəyalımıza da gəlmirdi. Amma Ali Baş Komandanın qətiyyəti, iradəsi, “dəmir yumruğu” xalqımızı həm torpaqların işğaldan azad edilməsinə, həm də bugünkü reallığa qovuşdurdu. İnanırıq ki, Qarabağ əvvəlkindən də gözəl ola­caq. Orada sürətlə aparılan abadlıq, bərpa, tikinti – quruculuq işləri bizə bunu deməyə əsas verir!

Yazgül ABDIYEVA,

“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki