image-2000x150px
image-123
image-ads_atlas
image-235e23737b9464605ea73be684f3b5a4backend

Yazıçılar birliyi qurultaya hazırlaşır – Anarla davam, yoxsa…

image-728x90px

Azərbaycan Yazıçılar Birliyi qurultaya hazırlaşır. AYB sədri, Xalq yazıçısı Anar təşkilatın qurultayına hazırlıq məsələlərindən danışıb.

AYB sədri APA-ya bildirib ki, qurultaya hazırlıq prosesi yekunlaşıb.

“Hazırlıqlar yekunlaşıb. Gələn həftə Şabranda yerləşən Yaradıcılıq Evinə gedib oradakı vəziyyətlə tanış olacağam. Əgər uyğun şərait varsa, qurultay orada keçiriləcək. Qurultayı isə sentyabrın ikinci yarısında keçirməyi nəzərdə tutmuşuq”.

Anar 1987-ci ildən AYB-nin sədridir. Hazırda 84 yaşı var. Bu qurultayda yola salınacaqmı? Ona real alternativ kimsə varmı?

Oxu.az - Rəşad Məcid: Elə bilirlər, milyonlarım var, halbuki mən məğlub adamam - MÜSAHİBƏ

Rəşad Məcid: “İndiki dövrdə yazıçı Anara alternativ heç kimi yoxdur”

Mövzu ilə bağlı AYB-nin sədr müavini, yazıçı, jurnalist Rəşad Məcid “Yeni Müsavat”a danışıb:

“Həmişə eyni fikirdə olmuşam ki, yazıçı Anar onun yerinə həvəslənənlərdən daha iti, sağlamdır. Bu günün  özündə də yazıçı Anar elə əsərlər yazır, hadisələrə elə münasibət bildirir ki, onu gənclər etmir.

Məlum olduğu kimi Şabranda yazıçı, bəstəkar və rəssamlar üçün yeni bir yaradıcılıq evi tikilib. Düşünürük ki, AYB-nin qurultayını orada keçirək. Əvvəl qurultayı Şuşada keçirmək istəyirdik, lakin qurultayda 400-dən çox üzv iştirak etməli idi, bu isə Şuşada mümkün deyil. Ona görə də qurultayın Şabranda keçirilməsi nəzərdə tutulub.

Yazıçı Anar hələ sağlamdır, yaddaşı yerindədir, idarəetmə bacarığı yüksəkdir. Ona görə də onun AYB-yə rəhbərlik etməsi ora nüfuz gətirir. Əgər Anar AYB-yə sədr olmasaydı qurumun indiki nüfuzu olmazdı. Bu baxımdan yenə də Anarı AYB-yə sədr seçəcəyik.

O ki qaldı yazıçı Anara alternativ kiminsə olması, Anarın nüfuzundan, indiki gördüyü işlərdən söhbət gedirsə, indiki dövrdə ona alternativ heç kimi görmürəm. Amma nə bilirik ki, gələcəkdə AYB necə olacaq. Əgər gələcəkdə AYB QHT-lər kimi yüngül bir quruma çevriləcəksə, ona uyğun da əlbəttə ki, rəhbərlik də tapılacaq. Amma Anardan sonra gələcəkdə estafeti davam etdirəcək, onun kimi nüfuzlu, hamının qəbul etdiyi, Azərbaycan ədəbiyyatı, tarixində rol oynayan, hərtərəfli ziyalı olmayacaq. Anar başda olmaqla, bu nəsil hər tərəfli zəngin, mədəniyyətimizə xidmət edən adamlardır. Bu tip insanlar təəssüf ki, indi azdır”.

Nə çətinmiş uzaqlardan qayıtmaq… <font color="red">- Cəlil Cavanşir</font>

Cəlil Cavanşir: “Yazıçı Anar getdikdən sonra onun yerinə namizədliyimi verəcəm”

Yazıçı Cəlil Cavanşir isə düşünür ki, yazıçı Anara alternativ 20 il əvvəl də, bu gün də var: “Sadəcə bizdə hakimiyyət Anarın AYB-də nə qədər qalmağını istəyirsə, Anar da o zamana qədər ora rəhbərlik edəcək. Ola bilsin ki, 84 deyil, hətta 94,  104 yaşın da qurumda sədr kimi qalsın. Yəni, bu hakimiyyətdən asılı məsələdir və yazıçıların heç bir arzu və istəkləri nəzərə alınmır. Anarın kresloda ölməsini istəyən bir qrup adam var, onlar çalışacaqlar ki, Anar yenə də vəzifədə qalsın.

Bir daha qeyd edirəm ki, ölkədə Anara alternativ, savadlı yazıçılar var. Ümumiyyətlə, o vəzifəni idarə etmək üçün yaxşı yazıçı olmaqdan başqa həm də yaxşı menecmentlik qabiliyyətinə malik olmaq lazımdır. Hətta deyərdim ki, “Anara alternativ yoxdur” deyən Rəşad Məcid qurumu Anardan 10 dəfə yaxşı idarə edə bilər. Yəni, o vəzifəyə uyğun insanlar var, təəssüf ki, bunu nəzərə alan yoxdur.

Beləliklə, budəfəki qurultayda da Anar seçiləcək, çünki bunu hakimiyyət istəyir. Amma bir yazıçı olaraq çox istəyərdik ki, dəyişikliklər olsun və bizim də istəklərimiz nəzərə alınsın, axır ki, Anar müəllim  istirahətə çəkilsin, ömrünün qalan hissəsini istirahətdə keçirsin. 35 ildir AYB sədrliyindədir və artıq onun görə biləcəyi iş qalmayıb. Ümumiyyətlə, indiyə qədər heç bir iş də görməyib. Çox yaxşı olardı ki, gənclərə də yol açılsın, amma buna heç ümidim də yoxdur”

“AYB sədrliyində kimi görmək istəyərdiniz?” sualımıza yazıçı belə cavab verdi:

“Cəlil Cavanşiri görmək istəyərdim. Cəlil Cavanşiri simvolik olaraq deyirəm, çünki mənim yaşıdlarım arasında o işi görə biləcək kifayət qədər insan var. Beləliklə, özümü onun yerinə layiq görürəm. Doğrudur, hazırda AYB üzvü deyiləm, buna görə də namizədliyimi verə bilmirəm. Amma böyük ehtimalla Anardan sonra AYB üzvlüyünə daxil olub, namizədliyimi irəli sürəcəm”.

Qan Turalı: "Yazıçı alkoqolikə çevriləndə uduzduq biz" - hekayə

Qan Turalı: “Anar AYB-ni özünün şəxsi maraqları ilə idarə edir”

Yazıçı Qan Turalı da Anara alternativ olan yazıçıların olduğunu bildirdi: “Bu bir reallıqdır ki, AYB-nin sədrliyi yazıçılıqla bağlı deyil, inzibati bir vəzifədir. Yazıçı Anar istedadlı yazıçı ola bilər, amma bu o demək deyil ki o ölkənin  ən böyük yazıçısıdır və yaxud AYB-nin sədri olduğu üçün yaxşı yazıçıdır. Hesab edirəm ki, AYB-nin daxilində Anara alternativ olan, hətta daha yaxşı idarəetmə qabiliyyətinə malik insanlar var.

Bu da bir faktdır ki, yazıçı Anar AYB-ni özünün şəxsi maraqları ilə idarə edir və ata-anasını tənqid edən yazıçıları qurumun üzvlüyündən çıxartmağa çalışıb. Ədəbiyyat dünyanı birləşdirən bir peşədir və  onu təmsil edən qurumun rəhbəri də bütün yazıçılara qarşı bərabər məsafədə dayanmalıdır. Hesab edirəm ki, AYB-də bu cür insanlar çoxdur. Məsələn, Rəşad Məcid çox yaxşı alternativdur. Və yaxud Elçin Əfəndiyev, Səlim Babullaoğlunu  qeyd edə bilərəm. Çingiz Abdullayevin də adını çəkərdim, lakin Azərbaycan dilini bilmədiyi üçün onun adını çəkə bilmirəm.

Ümumiyyətlə, hansısa təşkilatda alternativin olmaması həmin təşkilatın məhv olması deməkdir.

Mən AYB-nin üzvü deyiləm, məhz bu cür məsələlərə görə. Çünki hesab edirəm ki, AYB-nin işi, peşəsi müasir standartlara uyğun deyil.”.

Xalidə Gəray,
“Yeni Müsavat”

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki