image-2000x150px
image-123
image-ads_atlas
image-b4998f11-875e-4f9f-98a9-ebd232dc9cabbackend

Bu gün şəhid Şıxəli Manafovun anım günüdür

image-728x90px

İllərdi qarşısında susub durduğum bir məzar var. Bəzən dəli kimi qışqırıb ağladığım, bəzən də hıçqırığımı için-için udduğum anlar yaşadığım… İllərim, aylarım, günlərim, saatlarım yanında keçən məzar… … Mən dərdi Qardaşımın qara tabutunda gördüm ilk dəfə. Qasırğa kimi ruhumu dağıtdı. Dünyamı pərən-pərən etdi. Nəğmələr, sevinclər qopuq-qopuq töküldü… Özümlə yadlaşdım, dərdlə doğmalaşdım. Urəyim sızıldadı. Və anladım ki, bu sızıltı dərdin səsidir. Heç vaxt bitməyəcək, getməyəcək dərdin səsi… Anamın saçlarını bir gecədə ağartdı bu dərd… Qara örpəklə üstünə çökdü. Hələ o zamanlar dərdin böyüklüyündən çox onun ruhuma verdiyi agrını, acını dərk etməyə çaba göstərdim. Dərk etməklə bitib qurtarmırdı dərd… Və beləcə dərdimi ovutmağa başladım… məni, ruhumu çox incitməsin… Bu dərd gələli hər şey küsdü bizdən. Gündəlik vərdişlərimiz də… Atamın, anamın doğmalaşdığını gördüm dərdlə… … Qarşısında ağladığım məzar heç danışmadı mənimlə… Amma illərdən sonra ruhumda Vətən haqqında əbədi bir nağıl, füsunkar bir nəğmə dalğası tapdım… Və mən böyüdüm, saçlarıma dən düşdü. İndi mən bir Şəhid bacısı olaraq Vətənimi, torpağımı, sərhədlərimdən içəridə olan nə varsa, daha böyük yanğı ilə, daha qızğın məhəbbətlə sevirəm… Bu bizim vətənimizdir, qardaşlarımızın qanı ilə yoğrulan, uğrunda canları fəda getdikləri Vətən torpağı…

Gözləyirəm, gələn yoxdu,

Gözüm yollarda qalıbdı.

Bilə-bilə soruşuram:

Qardaşım harda qalıbdı?…
(Bayatı)
Nə tez gəlib keçdi ömrün illəri,

Xəzana döndərdi bahar qəlbimi.

Bu hicran ayırır bizlərdən Səni,

Könlüm sınıb, Səndən sonra gülmərəm,

Ayrılığın sonsuz olsa, neylərəm?..

Sənsiz qalıb neçə ildi bu dünya,

Bu dünyadan kimlər gedə, kim qala?

Gül-çiçəyin həm sarala, həm sola,

Şəhid adlım, Sənə “öldü” demərəm!

Özün solsan, gül-çiçəyin neylərəm?..

Hicranına ürək dözə bilməyir.

Əziz adın bu dilimdən düşməyir.

Gəlişinə heç gümanım gəlməyir.

Xatirəni ürəyimdən silmərəm,

Gəlməz olsan, bu dünyanı neylərəm?..

Həsrət qalıb görməsəm də üzünü,

İtirmərəm dəyanəti, dözümü.

Göz yaşıyla söndürərəm közümü,

Ömur boyu sənin üçün ağlaram,

Bu dünyanı Səndən sonra neylərəm?..

Qəlbim küsər Sənsizləşən dünyadan,

Necə çəkim gözlərimi yolundan ?

Adın gəlir Şəhidlik ünvanından,

Bu dünyadan vaxtsız köçən Şıxəlim

Sənsiz qalan bu dünyanı neyləyim?..
Yaxın tariximizin acı Qarabağ müharibəsinin qəhrəmanlarından biri Manafov Şıxəli Manaf oğlu 1970-ci il dekabr ayının 23-də Armudlu kəndində doğulub. İlk təhsilini bir zamanlar ilk və yeganə şəhidi olacaq Armudlu kənd ibtidai məktəbində alır. Daha sonra Qaşqaçay kənd orta məktəbində təhslini davam etdirir. Məktəbi bitirdikdən sonra sovet ordusu sıralarına hərbi xidmətə gedir. Xidməti başa vurduqdan sonra yenidən doğma kəndinə-Armudluya qayıdır. Qarabağda baş verən hadisələr Şıxəlini də çox narahat edirdi. Hər gün cəbhədən gələn məğlubiyyət xəbərləri onu sarsıdırdı. Qarabağda baş verən ədalətsizliyə heç cür dözə bilmirdi Şıxəli. Məkanca uzaq olan dəhşətli müharibənin ab-havası bütün evi bürümüş, ailənin hər bir üzvünə sirayət etmişdir. 1992-ci ilin ilk könüllülərindən oldu Şıxəli. Və günlərin birində evdə müharibəyə getmək qərarına gəldiyini bildirdi. Təbiətən mülayim, ailədə hamı ilə deyib-gülən, dil tapan mehriban balasının səsindəki qətiyyəti hiss edincə ata susdu, cavab verə bilmədi. Beləcə, həmin gündən ailənin narahat, amma çox şərəfli günləri başladı. Cəbhədən hər dönüşü evdə toy-bayrama çevrilirdi. Amma yenə cəbhə Şıxəlini geri çağırırdı. Günlərin birində – 1993-cü ilin yanvar ayının 15-də Ağdərədə Sərsəng su anbarının ələ keçirilməsi və yaxınlıqdakı kəndlərin düşməndən təmizlənməsi uğrunda gedən ağır döyüşlərdə Şıxəli snayper gülləsinə tuş gələrək Vətən uğrunda Şəhadətə ucalır. Şıxəlinin dəfnində iştirak edən döyüş yoldaşları sıralarından Şıxəli kimi cəsarətli, qorxmaz, fədakar və sonsuz vətənpərvərlik hissi ilə alışıb-yanan bir döyüşçünün Şəhid olmasına onun valideynləri, doğmaları qədər üzüldüklərini bildirdilər. Şıxəli adlı dərdimizi, yaramızı, niskilimizi torpağa tapşırdıqdan nə az, nə çox-düz 30 il sonra Azərbaycan Milli Ordusunun ilk rüşeymləri, kökləri olan “Babək 44” taborunun qəhrəman döyüşçüləri Şıxəli haqqında xatirələrini bölüşürlər. Müharibənin ən kritik dövrü olan 1993-cü ildə Babək-44 taborunda döyüşlərə qatılıb. Onun necə qorxmaz, nikbin və mehriban və vətənpərvər bir döyüşçü olduğunu söyləyəndə illərlə qəlbimdə göynəyən acıları qürur və fəxarət hissi üstələyir. Döyüş yoldaşlarının xatirələrindən – “Babək-44 taboru Ağdərənin Madagiz kəndi uğrunda bir neçə gün agır döyüşlər apardı. Həmin döyüşlərdə Şıxəli cəsarəti, qəhrəmanlığı ilə seçildi. Düşmənin xeyli canlı qüvvəsini məhv elədi. Ağdərənin Talış, Suqovuşan kəndləri, Doqquz əli və digər yüksəkliklərin düşməndən müdafiəsi uğrunda aparılan döyüşlərdə qəhrəmanlıqlar göstərdi. Akopkamari uğrunda aparılan döyüş bizim qələbəmizlə başa catdı. Lakin düşmənə xaricdən kömək gəldiyi üçün bizi yenidən üstələdi. Akopkamari döyüşü Şıxəlinin son döyüşü oldu. O bu döyüşdə duşmənin xeyli canlı qüvvəsini məhv edərək qəhrəmacasına şəhid oldu.
Vətən hər birimizin düşüncələrində eyni…

Vətən Şəhidlərin düşüncələrində isə tam fərqli.

Biz varkən, biz olurkən bu düşüncələr bitməz!

Çünki Şəhidlər bizimlə deyil, biz Şəhidlərlə yaşarıq!

image-01f19648-e3cc-49b9-b8f5-1b78aaad49e4image-811f497b-a3bf-4c85-89ed-2de94e213e4d image-03089d50-713b-41a6-b188-901a452b9506 image-b901a77c-bc0e-46ae-a6e8-e6a017761b6e image-b4998f11-875e-4f9f-98a9-ebd232dc9cab

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki