image-2000x150px
image-123
image-ads_atlas
image-77760eed033dec57d25ee08bda0ac273backend

Rusiya məktəblərində şagirdlərə mobil telefon yasaqlandı, bəs bizdə…

image-728x90px

Rusiya məktəblərində dərs zamanı mobil telefonlardan istifadə qadağan edilib. Bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov valideynlərlə görüşündə məlumat verib. O bildirib ki, bu ildən şagirdlərin dərslərdə mobil telefonlardan istifadəsi qadağandır.

Nazir qadağanı şagirdlərin dərsdən yayınmaması, eləcə də sağlamlıqlarının mühafizəsi ilə əlaqələndirib. Kravtsov əlavə edib ki, valideynlər övladları ilə tənəffüs vaxtı əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, Rusiyada dərslər sentyabrın 1-dən başlayır. Azərbaycanda da yeni tədris ili yaxınlaşır. Bəs bizdə də bu qadağa tətbiq edilə bilərmi?

Məlumdur ki, Azərbaycan məktəblərinin hətta aşağı sinif şagirdlərinin bir çoxu məktəbə mobil telefonla gəlir. Biz hələ bunun sağlamlığa zərərini demirik. Bu problem yəqin ki, valideynlərlə birgə tənzimlənə bilər. Amma necə? O da var ki, valideyn çox vaxt öz övladı sarıdan rahat olmaq üçün ona məktəbə aparmağa mobil telefon verir.

Bəzi hallarda mobil telefona görə şagirdlərlə müəllimlər arasında gərginlik, mübahisələr yaranıb. Belə ki, şagirdlər “yutub” və digər platformalardan istifadə edərək əxlaqa zidd saytlara daxil olublar. Müəllim  buna görə onları danladıqda valideynlər bunu basqı kimi dəyərləndiriblər. Bəzi müəllimlər bu səbəbdən məktəbə mobil telefonla gəlməyin əleyhinədirlər…

Ekspert: “Ali təhsilli adamlar nə qədər çox olsa, o qədər yaxşıdı” - 03.05.2017, Sputnik Azərbaycan

Asif Cahangirov: “Mobil telefonlarla bağlı biganəlik sonradan faciəvi hallara gətirə bilər”

Əməkdar müəllim, təhsil eksperti Asif Cahangirov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Təhsil Nazirliyinin göstərişi var ki, mobil telefonların məktəbə gətirilməsi məktəb rəhbərliyinin, məktəb icmasının qərarından asılıdır. Elə ölkələr var ki, orada şagirdlərə icazə verilmir ki, mobil telefonla məktəbə daxil olsun. Elə ölkələr var ki, şagirdlər mobil telefonu gətirirlər, məktəbdə gözətçiyə təhvil verirlər. Məktəbdən çıxanda da götürürlər. Ekstra hadisələr olanda onlar yaxınlaşıb öz telefonları ilə valideynlərə zəng vururlar.

Fransada təxminən iki ildir ki, mobil telefonla məktəbə daxil olmaq dövlət səviyyəsində qadağan olunub. Bununla bağlı müxtəlif şəkildə yanaşma var, birmənalı bu haqda qərar vermək mümkün deyil. Fransa, Rusiya qərar verib. Amma əksər ölkələr hələ ki bu qərarı qəbul etmirlər. Amma “smartfon”lardan tədris prosesində var. Buna görə şagirdlərə mobil telefonla məktəbə daxil olmağa icazə verilir. Amma elə beynəlxalq məktəblər var ki, orada mobil telefondan istifadə qadağandır. Qəbul otağında xüsusi bir telefon var ki, fövqəladə hallarda istənilən şagird və müəllim mobil rabitə ilə əlaqə qura bilərlər.

Mənim bu məsələyə birmənalı yanaşmam yoxdur. Sadəcə, sizə bu beynəlxalq təcrübəni izah etdim. Bunun həm müsbət, həm də mənfi tərəfləri var. O ki qaldı şagirdlərin telefonla xoşagəlməz saytlara, internet səhifələrinə daxil olmasına, əfsuslar olsun ki, bütün dünyada bu hallar var. Bu bir mədəniyyətdir. İlk növbədə mobil telefondan istifadə mədəniyyəti aşılanmalıdır. Valideynlər, müəllimlər bu məsələyə çox diqqət yetirməlidirlər. Bizdə bu iş çox zəif qurulub. Biganəlik sonradan faciəvi hallara gətirib çıxarır”.

Dr. Erkin Rəhimovun iki il ərzində Bakıda gördüyü işlər, uğurları və ən çox rastlanan problemlər | Baku Medical Plaza Pediatriya

Erkin Rəhimov

Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov isə bildirib ki, 2 yaşına qədər uşaqlara telefon və monitor izlətmək olmaz. Onun sözlərinə görə, bu proses uşaqlarda ağır xəstəliyə səbəb ola bilər: “Bəzən analar uşaqlarına xüsusən yemək yedizdirərkən telefon, planşet və monitor izlətdirirlər. Bunu etməsinlər. Bu proses sonra uşaqlarda autizm xəstəliyi əmələ gətirə bilər. Valideynlər bu hərəkətlərdən çəkinməlidirlər. 2 yaşına qədər uşaqlara monitor izlətmək təhlükəlidir”.

Osman Gündüz dronların gətirilməsi prosedurunu pislədi

 Osman Gündüz

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz isə mövzu ilə bağlı danışdı: “Mobil telefonlardan şagirdlər səmərəli istifadə etsələr, əslində bu, onlar üçün olduqca yaxşıdır. Valideynlərin məktəblilərlə əlaqə qurması bir tərəfdən zəruridir. Digər tərəfdən isə bu, məktəbdə tədris prosesinə mane olur və bunun qarşısını almaq lazımdır. Dünya praktikasında bunun qarşısını almağın bir sıra yolları var. Belə ki, xarici ölkələrdə də şagirdlər telefonu məktəbə gətirə bilərlər. Lakin bir şərtlə ki, mobil telefonların məktəbdə istifadəsinin qarşısını almaq mümkün olsun. Bu prosesdə isə hər bir məktəbin fərqli yanaşma tərzi var.

Dünya təcrübəsində bu prosesi müşahidə etsək görərik ki, belə hallar üçün məktəblərin müxtəlif şəraitləri var. Belə ki, məktəblərdə şagirdlərin hər birinin şəxsi balaca şkafları olur. Onlar mobil telefonlarla məktəbə gəlir, dərs prosesinin sonuna kimi həmin mobil telefonları orada qoyurlar. Lakin elə məktəblər var ki, mobil telefon istifadəsinə qadağa qoyub. Belə məktəblərdə telefon saxlanılmasına şərait yoxdur. Belə olan təqdirdə şagird mobil telefondan istifadə etməməlidir.

Bizim ölkəmizdə də məktəblərdə iş rejimi belə qurulub. Lakin bu prosesə təkcə məktəb rəhbərliyi və müəllimlər deyil, valideynlər də nəzarət etməlidir. Valideynlərə məsləhət görərdim ki, övladlarına özəllikləri geniş olan mobil telefonlar almasınlar. Bir sözlə, burada məktəb və cəmiyyət özü birlik nümayiş etdirməlidir. Sanitar-gigiyenik norma cəhətdən də mobil telefonlar şagirdlərə mənfi təsir göstərir. Müntəzəm olaraq istifadə isə insan sağlamlığına ciddi zərər vurur. Ancaq bu telefonlar uşaqların intellektual biliyinə, onların inkişafına da kömək edə bilər. Bu telefonlarda Azərbaycan dilində tətbiqlər olarsa, bu da uşaqlar üçün faydalı olar. Eyni zamanda ölkəmizdə uşaqların internet təhlükəsizliyinin qorunması ilə də bağlı ciddi addımların atılmasına ehtiyac var. Biz bu prosesdə iştirak edirik. Müntəzəm olaraq internetdən istifadə insan sağlamlığına zərər vurur”.

Cəsarət Valehov — Vikipediya

Cəsarət Valehov: “Mobil telefonların qadağan olunması məsələsi hazırda gündəmdə deyil”

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Yeni Müsavat”a açıqlamasında dedi ki, bu mövzu gündəmdə deyil: “Bundan sonra nə olacaq bilmirəm, amma bununla bağlı hər hansı qərar yoxdur”.

Psixopedaqoq Sevinc Əsgərova isə hesab edir ki, kompüterin, telefonun və televizorun uşaq orqanizmi və psixologiyası üçün mənfi və müsbət cəhətləri var: “Təəssüf hissi ilə qeyd etmək olar ki, bunların mənfi cəhəti müsbətlərindən çoxdur. Müsbət cəhəti ondan ibarətdir ki, uşaqlar internet vasitəsilə kifayət qədər sürətli məlumat əldə etmək imkanına malikdirlər. İnternet, televizor uşaqlara onları maraqlandıran suallara cavab tapmaqda köməklik edir. Yaxşı ilə pisi bir-birində, ayırmağa, fantaziyasının inkişaf etdirilməsinə, müxtəlif elm sahələrindən yeni məlumatlar əldə etməsinə köməklik etməklə bərabər onların məntiqini, təfəkkürünü inkişaf etdirir.

Mənfi cəhəti isə ondan ibarətdir ki, internetdən çox istifadə etdikdə bu, ilk növbədə uşaqlarda kompüter asılılığı yaradır. Bu asılılıq da xəstəliyə çevrilir ki, bunu da narkomaniya, alkoqolizm və digər asılılıqla eyniləşdirmək olar. Texnologiya vasitələrindən asılılıq uşaqların səhhətinə ciddi surətdə zərər vurur. Belə ki, görmə qabiliyyətini aşağı salır, onurğa sütununun düzgün inkişafına mane olur, tənəffüs sistemində problemlər yaradır, baş ağrıları əmələ gətirir, yuxu pozulmasına, yorğunluğa və narahatlığa səbəb olur.

Həmçinin uşaqların kompüterin, televizorun və telefonun qarşısında çox vaxt keçirmələri onları dərsdən yayındırmaqla yanaşı, dərs hazırlamalarını arxa plana keçirir. Həssas uşaqlarda döyüş və ölüm səhnələri ilə bol olan emosional kompüter oyunlarından və televiziyada nümayiş etdirilən filmlərdən sonra aqressivlik, qəddarlıq və zorakılıq hissləri üstünlük təşkil edir, həmin hisslərlə yanaşı, onlarda qorxu hissi əmələ gəlir. Televizor, telefon, kompüter uşaqların demək olar ki, ən yaxın dostlarından birinə çevrilir. Bu da uşaqların valideynləri, ailə üzvləri və dostları ilə çox az ünsiyyətdə olmasına səbəb olur. Uşaqlar qrammatik cəhətdən düzgün danışmamağa, öz fikirlərini düzgün ifadə edə bilməməyə başlayırlar.

Uşaqda televizor, telefon və kompüter haqqında ilk yanlış məlumatı məhz valideyn yaradır. Əli yeni-yeni əşya tutan uşağın ilk oyuncağı telefon və kompüter olur. Uşaqlar buna əyləncə kimi baxır, qorxunc cizgi filmləri ilə başlarını qatırlar. Valideyn isə öz işi ilə məşğul olur və uşaq ona mane olmasın deyə, telefonu uşağına verir. Bununla da uşaqda texniki vasitələrə qarşı yanlış yanaşma üsulu formalaşır. Bir çox hallarda uşaqların xüsusilə internetdən düzgün istifadə etməməsində valideynləri günahlandırmaq olar. Belə ki, bəzi valideynlər kiçik yaşlarında uşaqlarını mobil telefonla və kompüterlə təmin etməyə çalışırlar. Bu da uşaqlarda kompüter oyunlarına marağı daha da artırmış olur.

Valideynlər uşaqlarını belə hədiyyələrlə sevindirməkdən maksimum yayınmalıdırlar. Yaxşı olar ki , valideynlər övladları ilə ünsiyyətə daha çox vaxt sərf etsinlər. Uşaqların maraq dairəsinə daxil olan məsələləri onlarla birlikdə müzakirə etməli və onlarla fikir mübadiləsi aparmalıdırlar. Ünsiyyət zamanı uşaqların gün ərzində nə ilə məşğul olduqları ilə maraqlansınlar. Uşaqlara internetdən biliyin artırılması məqsədilə istifadə etməsini öyrətməli və buna həvəsini artırmalıdır. Ailəliklə teatra, muzeyə, konsertə, kafelərə və təbiətin qoynuna getməlidirlər. Hər bir valideyn bilməlidir ki, uşaqlar üçün ən əsas valideynləri ilə ünsiyyətdə olmaqdır”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki