Türkiyə Aralıq dənizi sahillərində, xüsusilə Antalyanın Kumluca rayonunun Adrasan bölgəsində dünya əhəmiyyətli tarixi bir sualtı kəşfə imza atıb.
Doğru.az xəbər verir ki, 33-46 metr dərinlikdə tapılan qədim gəmi batığı eramızdan əvvəl Yunan-Helenistik dövrünün sonları ilə Roma dövrünün əvvəllərinə aid edilir. “El Keramikası Batığı” adlandırılan bu gəmi yüzlərlə keramika boşqab, qab və sini ilə birlikdə 2 min il toxunulmamış şəkildə su altında qalıb.
Mütəxəssislər bu batığı sualtı arxeologiyada dönüş nöqtəsi adlandırır və nadir tapıntı kimi dəyərləndirirlər. Gəmi Şərq sigillata keramikasından ibarət zəngin yük daşıyır. Qablaşdırmada qədim texnikadan istifadə olunub və bu da əşyaların zədələnmədən qorunmasını təmin edib.
Nazir batığı dalaraq araşdırdı
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bu mühüm kəşfi yerində araşdırmaq üçün dalış edib. O bildirib ki, tapılan əşyalar dövrün istehsal və qablaşdırma texnologiyası barədə dəyərli məlumatlar təqdim edir:
“Bu kəşf təkcə Türkiyə üçün deyil, bütün bəşəriyyətin mədəni irsi baxımından olduqca əhəmiyyətlidir”, – deyə nazir vurğulayıb.
Yeni muzey yaradılır
Antalyanın Kemer–İdyros bölgəsində tapılan bu batığın dünyaya tanıdılması üçün sualtı arxeologiyaya həsr olunmuş yeni muzey inşa ediləcək. Layihələndirmə başa çatıb və tikinti işlərinə bu ay başlanacaq.
Muzeydə batıqda tapılan orijinal əşyaların sərgilənməsi və sualtı arxeologiyaya dair interaktiv bölmələrin yaradılması nəzərdə tutulur. Eyni zamanda, bu yay Antalya Arxeologiya Muzeyi “Gecə Muzeyləri” layihəsi çərçivəsində saat 22:00-a qədər açıq olacaq.
Arxeologiyanın “Qızıl Dövrü” elan edildi
Nazir bildirib ki, 2024-cü il Türkiyədə “Arxeologiyanın Qızıl Dövrü” elan olunub. Artıq ölkə üzrə arxeoloji qazıntıların sayı 765-ə çatıb və 2026-cı ilə qədər bu sayın 800-ə yüksəldilməsi planlaşdırılır.
2025-ci ildən etibarən dörd prezident fərmanı ilə aparılan qazıntılar, üç muzey rəhbərliyində icra edilən sualtı tədqiqatlar və əlavə ekspedisiyalar Türkiyəni bu sahədə beynəlxalq liderə çevirir.
Sualtı arxeologiyada yeni dövr
Hazırda yalnız Patara–Mersin sahil xətti boyunca 400-dən çox gəmi batığı qeydə alınıb. Bu batıqlar həm elmi, həm də turizm baxımından böyük potensiala malikdir.
Kaş, Fethiye, Bodrum və Çanakkalə bölgələri sualtı kəşfiyyat üçün dünyanın ən yaxşı dalğıc məkanları arasında yer alır. Xüsusilə Bodrum Sualtı Arxeologiyası Muzeyi bu sahədə maarifləndirmə və sərgiləmə işlərində önəmli rol oynayır.
“El Keramikası Batığı” isə həm elmi ictimaiyyətin, həm də qədim tarixə maraqlı turistlərin ziyarət etməli olduğu ən dəyərli kəşflərdən biri sayılır.
DOĞRU.AZ