image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-4backend

İqtisadi artım azalacaq, inflyasiya səngiyəcək: 2023-dən gözləntilər – FOTO

image-728x90px

2022-ci ildə dünyada siyasi, iqtisadi və digər sahələrdə mühüm dəyişikliklər baş verdi. Rusiya-Ukrayna müharibəsi ilə başlayan böhran ölkələri və beynəlxalq təşkilatları hərəkətə keçirdi. Bundan öncəki il pandemiya ilə yadda qalsa da, 2022-ci ilin əsas gündəmi müharibə oldu və bu, bütün dünya dövlətlərinə təsirsiz ötüşmədi.

Cari ildə dünyada cərəyan edən iqtisadi böhranın yaratdığı qiymət artımı ölkəmizdən də yan keçməyib. İl ərzində başda ərzaq olmaqla, bir çox məhsulların qiymətində nəzərəçarpacaq artım qeydə alınıb ki, bu da vətəndaşları ciddi şəkildə narahat edir. Bəs 2023-cü ilin iqtisadi proqnozları nələrdir?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik.

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, 2022-ci illə müqayisədə gələn il dünyada qlobal iqtisadi artımın daha da azalacağı gözlənilir:

“2021-ci illə müqayisədə isə bu rəqəm xeyli az olacaq. Belə ki, 2021-ci ildə iqtisadi artım 6 faizin üzərində idisə, 2023-cü ildə 2,7 faiz olacağı proqnozlaşdırılır. Avropa ölkələrində Rusiya-Ukrayna müharibəsi fonunda iki rüb ard-arda iqtisadi azalmanın olacağı gözlənilir.

Cari illə müqayisədə dünyada ticarət həcminin azalması, neft qiyməti indeksinin nisbətən enəcəyi gözlənilir. Qeyri-neft əmtəə qiymətlərində də müəyyən azalma olacağı proqnozlaşdırılır. İnkişaf etmiş ölkələrdə qlobal inflyasiya iki dəfəyə yaxın düşəcək. İnkişaf etməkdə olan ölkələrdə də 2022-ci ildə təqribən 9,5 faiz olan ümumi orta inflyasiya 7 faizə düşəcək”.

Mütəxəssis deyir ki, Azərbaycanda da 2023-cü ildə inflyasiyanın azalacağı gözlənilir:

“Bu il 14-15 faiz olan inflyasiya gələn il 7 faizdən az olacaq. Əhalinin gəlirlərində artım müşahidə olunacaq. Orta aylıq əməkhaqqı təqribən 12-13 faiz yüksələcək.

Neft qiymətləri də, baxmayaraq ki, bu ilə görə daha aşağı olacaq, amma nəzərdə tutulan qiymət 70-80 dollar olduğundan Azərbaycan iqtisadiyyatına mənfi təsir etməyəcək”.

İqtisadçı ekspert Rauf Qarayev deyir ki, Azərbaycanın yeni imkanları qaz və neft sahəsindədir. Ölkə Avropaya Orta Asiyadan nəql edilən neft və qazın keçidi üçün kommunikasiya mərkəzinə çevriləcək:

“Qazaxıstan nefti, Türkmənistan qazının Azərbaycandan keçidi üçün görüşləri və razılıq əldə edilməsini müşahidə etmək olur.

Bu imkanlar həm də Avropanın ölkəyə qarşı əsassız təzyiqlərinin qarşısını alacaq. Azərbaycanın kommunikasiya mərkəzinə çevrilməsi ölkəmizi bir çox bəlalardan, sanksiyalardan qoruyacaq. Bu prosesin təməli 1994-cü ildə “Əsrin müqaviləsi” ilə qoyulmuşdu. Hesab edirəm ki, iqtisadi baxımdan gələn il artıq Qarabağ iqtisadi zonasında yerləşən təbii sərvətlərimizin talan olunmasının qarşısını alınması ilə də yadda qalacaq.

Özümüz bu sərvətlərə yiyələnərək geniş imkanlar əldə edəcəyik. Təsadüfi deyil ki, ildən-ilə büdcəmiz də artır. Bu onu göstərir ki, həm gəlirlər artır, həm də bu gəlirlərin artması digər sahələrin də inkişafına müsbət təsir edir. Cari il ərzində də bir sıra ölkələrlə müxtəlif sferalarda təmasların möhkəmləndirilməsi, yeni əlaqələrin qurulması, Ukraynada davam edən müharibə fonunda Avropada Azərbaycan qazına və enerjisinə tələbatın artması, eləcə də ticarət dövriyyəsinin yüksəlməsi uğurlu göstərici idi”.

Mütəxəssis deyir ki, gələn il turizm sahəsinin inkişafı üçün dövlətdən yardımlar ayrılacaq:

“Bunun artıq ilk addımları görünür. Nəqliyyat, logistika və turizm sahəsində gəlirlərimiz daha da artacaq. Xüsusilə kənd təsərrüfatı sahəsində uğurlu nəticələr əldə olunacaq. Kimlərsə bu sahədə işləmək istəyirlərsə, dövlət onlara dotasiya verəcək. Aşağı faizlə kreditlərin verilməsi gözlənilir. Bununla yanaşı, Qarabağda minlərlə iş yerinin açılması nəzərdə tutulur”.

Dünya üçün iqtisadi proqnozlara gəldikdə isə mütəxəssis vurğulayır ki, Avropada iqtisadi baxımdan çətinliklər olacaq:

“Ukrayna-Rusiya müharibəsi Avropanın çökməsinə də gətirib çıxara bilər. Biz görürük ki, bir qrup ölkə kənara çəkilir, digərlərini bu müharibəyə qoşulmağa təhrik edirlər. Bu da iqtisadiyyata ciddi təsir edir. Gələn il ABŞ və Çin arasında ticarət müharibəsi də davam edəcək”.

Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti də 2023-cü il üzrə iqtisadi artım proqnozlarını tərtib edib. 2023-cü ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal ifadədə 106 milyard 013 milyon manat olması gözlənilir. Xatırladaq ki, bu, 2022-ci il üzrə gözlənilən ÜDM həcmindən 13,9 milyard manat daha azdır.

Hesablama Palatasının 2023-cü ilin büdcəsi ilə bağlı rəyində göstərilir ki, gələn il üçün ÜDM-in həcminin nisbətən az proqnoz edilməsi büdcə layihəsində neftin qiymətinin daha aşağı götürülməsi ilə bağlıdır. Belə ki, 2022-ci ildə büdcədə neftin faktiki qiyməti orta hesabla 90 dollar təşkil etdiyi halda, 2023-cü ilin büdcəsində bu göstərici 50 dollar, yəni 40 dollar az nəzərdə tutulub.

Nəticədə 2023-cü ildə ölkədə iqtisadi artımın builki 3,5 faizə qarşı 2,7 faiz olacağı gözlənilir. Qeyri-neft sektorundakı artım da nisbətən azalacaq və 2022-ci ildəki 7,3 faizdən 4,5 faizə düşəcək.

Büdcə layihəsində nəzərdə tutulan proqnozlara əsasən, 2023-cü ildə qeyri-neft ÜDM-in həcminin 73,3 milyard manat olacağı və ümumilikdə 9,2 faiz artacağı gözlənilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki