image-2000x150px
image-123
image-ads_atlas
image-1680368253_1680334841134079811_750x500backend

“Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb

image-728x90px

Aprelin 1-də Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Stomatoloji Assosiasiyasının (ASA) birgə təşkilatçılığı ilə ASA-nın 25 illiyinə həsr olunmuş konfranslar silsiləsi çərçivəsində “Stomatologiyanın aktual problemləri” mövzusunda XXIII beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında çıxış edən ASA-nın prezidenti, Azərbaycan Tibb Universitetinin uşaq stomatologiyası kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Rəna Əliyeva Azərbaycanda diş həkimliyinin tarixinin çox qədim olduğunu, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı Dövlət Universitetinin təsis edilməsi və onun nəzdində tibb fakültəsi və ortodontologiya kafedrasının təşkili ilə diş həkimliyinin yeni bir mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb: “1926-cı ildə Azərbaycan Diş Həkimliyi Kolleci fəaliyyətə başladı. Kollecin əsasında isə Azərbaycan Diş Həkimliyi İnstitutu təsis edildi. Beləliklə Azərbaycan Respublikasında ali diş həkimliyinin əsası qoyuldu. 1931-ci ildə həmin institut indiki Azərbaycan Dövlət Tibb Universitetinin tərkibinə daxil edilərək stomatologiya fakültəsinə çevrildi. 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra digər sahələrdə olduğu kimi səhiyyə sistemində, o cümlədən stomatologiyada da islahatlara başlanıldı. Ölkəmizdə baş verən demokratik dəyişikliklər stomatologiya kimi sürətlə inkişaf edən tibb sahəsinə də öz təsirini göstərib. Bir çox mühüm məsələlərin həllində vacib rol oynayacaq qurumun yaradılmasına ehtiyac yaranmışdı. Bu məqsədlə 1997-ci ildə təsis edilmiş Azərbaycan Stomatoloji Assosiasiyası yaradıldığı ilk gündən öz ətrafında fəal, mütərəqqi mütəxəssisləri cəmləyib, fəaliyyətini dünya standartlarına uyğun qurub. 1998-ci il oktyabrın 8-də ASA Ümumdünya Stomatoloqlar Federasiyasına daimi üzv olub. 2005-ci ilin məlumatlarına əsasən Azərbaycanın Yaponiya, İsveç, Koreya kimi ölkələrlə yanaşı, Ümumdünya Stomatoloqlar Federasiyasının İnkişaf Fondunun donor ölkələri siyahısına daxil edilməsini assosiasiyanın fəal işinin göstəricisi hesab etmək olar”.
ASA-nın fəaliyyətindən və ölkəmizdə diş xəstəliklərinin öyrənilməsi istiqamətində aparılan araşdırmalardan bəhs edən Rəna Əliyeva həyata keçirilən profilaktik tədbirlər barəsində də məlumat verib. O, stomatoloji xəstəliklərin profilaktikasının diş xəstəliklərinin yayılmasının qarşısının alınmasında effektiv üsullardan biri olduğunu deyib. Professor qeyd edib ki, profilaktikanın həyata keçirildiyi ölkələrdə diş xəstəlikləri 2-4 dəfə azalıb. R.Əliyeva kariyesin Azərbaycanda həllini tapmayan diş problemlərindən biri olduğunu da diqqətə çatdırıb. Diş xəstəliklərinin qarşısının alınması üçün ağız gigiyenasına əməl etmək bacarıqlarının kiçik yaşlarda formalaşdırılmasının vacibliyini qeyd edən professor burada maarifləndirmə tədbirlərinin əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbir təqdimat və müzakirələrlə davam edib. İsrailin Təl-Əviv şəhərindəki Elayner Diaqnostika Mərkəzinin rəhbəri Leon Belostoki, İsrail Ortodontiya Assosiasiyasının prezidenti Yoav Evgene Şapinko, Türkiyənin İstanbul Universitetinin Diş həkimliyi fakültəsinin ağız, diş, çənə cərrahiyyəsi kafedrasının professoru Burak Çankaya müxtəlif mövzularda məruzələr edib, mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, konfransın ikinci günündə iki seansdan ibarət master-klas təşkil olunacaq. Hər seans iki saat davam edəcək və 6-ya qədər həkim iştirak edəcək. Həkimlər modellər üzərində dörd texnika tətbiq edəcəklər. Onlara material və alətlər veriləcək.
Master-klas Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının konfrans zalında keçiriləcək.
Konfrans Ümumdünya Stomatoloqlar Federasiyasının davamlı təhsil proqramının “Global Education” Proqram dəstəyi ilə həyata keçirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki