image-2000x150px
image-123
image-ads_atlas
image-emin_emrullayevbackend

Təhsilə ayrılan 3,6 milyard və repetitora borc ödəyən valideyn – AXI NİYƏ?!

image-728x90px

“Bu gün təəssüf ki, şagirdlərin və valideynlər üçün əsas məqsəd ali təhsil müəssisəsinə girməkdir”.

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, bu, öz-özlüyündə çoxlu təşviş və rasional olmayan davranışlar yaradır:

“Bunun bir növü özəl təhsildir. Şagirdlərin bu gün repetitorlara verdiyi pullar özəl təhsil müəssisələrində olan təhsil haqqından az deyil. Ancaq niyə valideynlər bunu seçmir, başa düşmək çətindir. İkinci məsələ məktəbin içində nələr edilməsi ilə bağlıdır. Biz əgər mərkəzləşmiş imtahan ediriksə, repetitorluq üçün hər zaman münbit şərait olacaq. Yəni burada təhsilin keyfiyyəti rol oynamayacaq. Şərti olaraq bu gün Azərbaycan təhsilinin keyfiyyəti 200-300 baldır. Sabah bu bal qalxıb 360 da olsa yenə də daha çox bal yığan qəbul olacaq. Ona görə də hər zaman kimin artıq pulu varsa, repetitor yanına gedəcək. Bu fikrim çox müzakirələrə səbəb olacaq. Amma istənilən halda insanlar repetitor yanına gedəcək. Çünki bizdə əsas kimdənsə, yaxşı olmaqdır. Özünün yaxşı olmasına baxan yoxdur”.

Hazırda dövlət təhsil müəssisələrində təhsil alan şagirdlərin əksəriyyəti kurslara, yaxud repetitor yanına gedir. Bu isə dövlət təhsil müəssislərində təhsilin keyfiyyətinin aşağı olması ilə əlaqələndirilir. Teref.az-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, ölkənin 2022-ci il üçün dövlət büdcəsində təhsilə ayrılmış vəsait 3-cü yeri tutur:

“Həmin rəqəm təxminən 3 milyard 600 min manat təşkil edir ki, bu da kifayət qədərdir. İlk növbədə bu suala cavab tapmalıyıq ki, niyə valideyn dövlətin bu qədər vəsait ayırdığı təhsil müəssisəsini qoyub, repetitor, yaxud özəl məktəbə getməlidir?

Repetitorluğun yaranması 1 günün, 1 ilin işi deyil, illərlə formalaşıb. Onu da elə 1 günə, 1 ilə həll etmək mümkün deyil. Mərkəzləşmiş qəbul imtahanı repetitorluğu yaradan səbəb deyil. Dünyanın əksər ölkələrində imtahan mərkəzləşmiş qaydada keçirilir.

Ancaq DİM-in test hazırlamaq səlahiyyəti olduğu üçün istənilən tədris ilində testin ağırlıq dərəcəsini artırıb-azalda bilir. Yəni nəticəyə birbaşa təsir edə bilər. Ona görə də illərdir təklif edirik ki, DİM imtahan keçirən texniki qurum olmalıdır.

Test hazırlamaq səlahiyyəti DİM-dən alınmalı, ya Nazirlər Kabinetinin nəzdində, yaxud Prezident yanında Testologiya Mərkəzi, yaxud Testologiya İnstitutu yaradılmalıdır. Bu, həm repetitorluğun qarşısını alar, həm də insanların məktəbə üz tutmasına gətirib çıxarar”.

Onun sözlərinə görə, imtahanın məqsədi təhsilalanların real bilik və bacarıqlarının qiymətləndirilməsi olmalıdır:

“Ancaq DİM-in keçirdiyi imtahanlar indiki vəziyyətdə şagirdlərin real bilik və bacarıqlarını yoxlamır. Yəni özünün standartlarını ortaya qoyur. Təbii ki, hər bir valideynin arzusudur ki, övladı ali məktəbə daxil olsun. Ona görə valideynlər repetitor, yaxud kurslara üz tutmaq məcburiyyətindədirlər. Mərkəzləşmiş imtahanı yox, DİM-in strukturunu dəyişmək və istənilən halda imtahanın nəticələrinə təsir etmək gücünü almaq lazımdır. Bunu həll etmədən repetitorluğun qarşısını ala, yaxud ümumtəhsil məktəbinə inamı artıra bilmərik”.

Özəl məktəblərlə bağlı məsələyə gəldikdə isə ekspert deyir ki, özəl məktəblərin əksəriyyəti beynəlxalq kurukulumlarla təhsil verir:

“Təhsil haqqında” Qanunun 26-cı maddəsinin 522-ci hissəsinə uyğun Nazirlər Kabinetinin müəyyən etdiyi şərtə görə, 45 faiz artıq bal toplayanlar müsabiqədənkənar ali məktəbə daxil ola bilirlər.

Bu baxımdan DİM-in keçilməz sədd kimi yaratdığı qəbul imtahanlarından canlarını qurtarmaq üçün abituriyentlərin bir hissəsi xaricdəki universitetlərə, bir hissəsi isə özəl təhsil müəssisələrinə üstünlük verir. Valideynin hüququdur ki, özəl, yaxud dövlət təhsil müəssisəsini seçsin.

Ancaq dövlətin bu qədər vəsait ayırdığı təhsil müəssisələrinə inamı qaytarmaq üçün ilk növbədə Elm və Təhsil Nazirliyində aparılan struktur dəyişikliyi ilə yanaşı, DİM-də də bu addımı atmalıyıq. Əgər bu addımı atmırıqsa, Elm və Təhsil Nazirliyində nə qədər dəyişiklik getsə də nəticəni həll edən DİM olduğu üçün sonda nəticə əldə edə bilməyəcəyik”.

Ekspert deyir ki, pulu olub-olmamasından asılı olmayaraq əsas şərt valideynin övladını təhsilli görmək arzusudur:

“Banklardan kredit, borc götürüb müəllimlərin pulunu verən valideynlərimiz var. Hətta bir çox hallarda repetitorların pulunu verə bilməyən valideynlər var. Pulu olanın repetitor yanına gedəcəyi yanaşmasını doğru hesab etmirəm. Heç kim pulundan bezməyib və hətta pulu olsa belə, dövlət kifayət qədər təhsilə vəsait ayırıb. Düşünmürəm ki, valideynlər pulu çox olduğuna görə repetitorlara, kurslara üz tutur. Həmin kurslara, repetitorlara ayrılan pullar ailənin sosial rifahına çox ciddi mənfi təsir göstərir. Bir çox hallarda bu pulu borcla, zülmlə qazanan valideynlər bütün aqressiyaları uşaqların üzərinə qoyur.

Nəticədə uğur qazana bilməyəndə intihara cəhd edirlər. Bütün bunlar götərir ki, valideynlərin heç də artıq pulu yoxdur ki, repetitora versin. Bu, doğru yanaşma deyil. Valideyn övladının qəbul imtahanlarındakı suallara ümumtəhsil məktəbində təhsil almaqla cavab verə bilməyəcəyini görür və kurslara, repetitorlara üz tutur”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki